`Azərbaycanda dindarlaşma prosesi gedir`

`Azərbaycanda dindarlaşma prosesi gedir`
  13 Aprel 2016    Oxunub:2785
“Azərbaycanda heç də zəif olmayan dindarlaşma prosesi gedir. Bu, müsbət tendensiya olsa da, getdikcə cəmiyyətdə bir sıra problemlərlə qarşılaşırıq. Təəssüf ki, dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində məqsədli şəkildə milli kimliyimizi dini kimliyimizə qarşı qoyurlar”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunan "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində radikallıq meylləri yaranır, dünyəvi dövlətə qarşı çıxışlar meydana gəlir: “Dırnaqarası dindarlaşma prosesinin gətirdiyi problemlərdən biri də ailə münasibətlərində, xüsusilə qadın hüquqları məsələsində müəyyən təhdidlər yaranması və bəzən qadın hüquqlarına qarşı çıxışlardır”.

G.İsmayılov deyib ki, buna qadınların təhsil almaq, işləmək, ictimai-siyasi həyatda iştirak etmək, ailə münasibətlərində qadın hüquqları kimi hüquqları daxildir: “Azərbaycan dünyəvi dövlət olduğundan bütün problemlər hüquqi müstəvidə həll edilməlidir. Amma bununla yanaşı, maarifləndirmə işləri də aparılmalıdır. Dindən qaynaqlanan bu problemlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya bilər”.

Komitə rəsmisi qeyd edib ki, bu gün adət-ənələrimizin hamısı dindən qaynaqlanmır: “Adət-ənənələrimizdə dindən gələn məsələlər rol oynayır. Amma məsələ ondadır ki, adət-ənələrimizin formalaşmasında iştirak edən dini faktorların hamısı əsl dindən, yoxsa dırnaqarası dindən qaynaqlanır? Problem islamda deyil. Səhv anlayışlar bizə səhv islam adı altında gətirilir, biz buna qeyri-ənənəvi islam da deyirik. Biz sağlam İslamı təbliğ etməklə radikalizmə, ailə dəyərlərinin aradan götürülməsinə qarşı mübarizə aparırıq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti