Qanunlar arasında uyğunsuzluq aşkarlandı

Qanunlar arasında uyğunsuzluq aşkarlandı
  13 Aprel 2016    Oxunub:4039
“Ali təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə, onların arasından olan şəxslərin təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”.
AzVision.az xəbər verir ki, Hesablama Palatasının Nazirlər Kabinetinə bununla bağıl uyğunsuzluğun aradan qaldırılması barədə təklif təqdim edib.

“Lakin göstərilən qanunlar arasında, habelə, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun bəndləri arasında müəyyən fərqlər mövcuddur. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1-ci maddəsində və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci abzasında eyni mətnlə aşağıdakı müddəa qeyd olunmuşdur.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə, onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir”. Eyni zamanda, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci “Əsas anlayışlar” maddəsində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər dedikdə “18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta peşə-ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər” nəzərdə tutulur.

Audit tədbirləri nəticəsində müəyyən edilmişdir ki, ali təhsil müəssisələrində ödənişli əsaslarla qiyabi təhsil alan və ödənişli əsaslarla əyani təhsil alan, yaşı 23-dən çox olan tələbələr də təhsil haqqından azad edilmələri ilə əlaqədar təhsil müəssisələri qarşısında məsələ qaldırırlar. Qeyd olunan Qanunlarda eyni mövqeyə fərqli yanaşma vətəndaşlarla təhsil müəssisələri arasında müəyyən problemlər yaradır. Bunları nəzərə alaraq göstərilən normativ-hüquqi sənədlər arasındakı müvafiq fərqlərin aradan qaldırılması məsələsinə baxılmasını tövsiyə edirik”.
Bundan başqa yüksəklikdə işləyən dövlət qulluqçularının maaşlarına əmsalların tətbiqi sahəsində qanunvericiliklə Nazirlər Kabinetinin qərarı arasında uyğunsuzluq üzə çıxıb.

Dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına 1,1 əmsalın tətbiq edilməsi nəzərdə tutulduğu halda “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” qanunda dövlət qulluqçuları üçün həmin yüksəkliyə görə əlavənin tətbiqi nəzərdə tutulmayıb. Göstərilənləri nəzərə alaraq, Hesablama Palatası mövcud məsələyə yenidən baxılmasını məqsədəmüvafiq hesab edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  






Xəbər lenti