`Məktəblərdə adı olub, özü olmayan müəllimlər var`

`Məktəblərdə adı olub, özü olmayan müəllimlər var`
  14 Aprel 2016    Oxunub:3218
“Məktəblərdə, təhsil sistemində yüzlərlə, minlərlə adları gedən, lakin özləri olmayan müəllim var”.
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyi informasiya şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2014-cü ildə Bakıda keçirilən qiymətləndirmə zamanı 30 minə yaxın müəllimdən təxminən 6 500-ü ibtidai sinif müəllimi olub:

“Elə o zaman da ən böyük problemimiz həmin müəllimlərlə yaranıb. Çünki onlar arasında təhsil səviyyəsi aşağı insanlar çox idi. Hətta elə olub ki, elmi dərəcəsi olanlar yalnız 5-6 suala cavab yaza bilib. Qiymətləndirmə zamanı bütün bu problemlər aşkara çıxıb. İmtahan nəticələrindən narazı qalan 3 000 müəllimlə görüşüb əsas məqsədi onlara başa saldıq. Başa saldıq ki, sizinlə yanaşı, digər müəllimlərin fərqi bilinməlidir”.

Şöbə müdiri qeyd edib ki, məktəblərdə çox hallarda müəllimə qarşı ədalətsizlik olub: “Məktəblərdə 20-30 il pedaqoji stajı olanlar və yeni müəllimlər arasında fərqləndirmə qoyulmalı idi. Təcrübə onu göstərir ki, biliyindən arxayın olanlar elə imtahanlarda da yüksək nəticə göstərir. İmtahan nəticələri direktorlara ayrıca zərfdə verilib ki, bununla direktor müəllimlərin arasındakı fərqi bilsin.

Hətta bir çox direktorlar qiymətləndirmədən sonra bizə təşəkkür də edirdilər. Çünki məktəbdə fironluq edən müəllimlər imtahandan sonra sakit kənara çəkilirdi. Nəticədə, çox aşağı göstərici toplayan müəllimlərin bir qismi özləri ərizə yazıb getdilər”.

Elnur Əliyev əlavə edib ki, ən çox problemli müəllimlər ibtidai siniflərdə olub: “Bu da səbəbsiz deyil. Hər sinifdə 20-30 uşaq olur və ilk dəfə parta axrasında otururlar. Təbii ki, həmin uşaqlara çox həssas yanaşılmalıdır. Bunu nəzərə alaraq məktəbəqədər hazırlıq qruplarının yaradılmasını təklif etdik. Yəni, müəllim sağlam şəkildə təhsil verməlidir”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  






Xəbər lenti