Sarkisyan rejimi Moskvanı Azərbaycana silah satmaqda ittiham edir. İrəvandan səslənən iradlara baxmayaraq, Rusiya Azərbaycana silah tədarükünü dayandırmayacağını bəyan edib.
Moskvanın Azərbaycanla bağlı qəti mövqeyi Ermənistandan etirazlara səbəb olub. Ötən gün İrəvanda bir qrup şəxs tərəfindən Rusiya səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib.
Politoloq Fikrət Sadıqov hesab edir ki, Rusiyaya qarşı aksiyalar məqsədli şəkildə təşkil olunur: “Ermənistan rəhbərliyi son hadisələr zamanı gördü ki, Rusiya müttəfiqlikdən imtina etməsə də, Azərbaycanın önəmini yüksək qiymətləndirir. Yəni, Rusiya Ermənistana görə, Azərbaycanla partnyorluqdan imtina etmək fikrində deyil. Bundan başqa, Rusiya açıq şəkildə həm Azərbaycan, həm də Ermənistana silah verir. Azərbaycan Rusiyadan daha müasir silahlar alıb. Bu isə Ermənistan rəhbərliyini ciddi şəkildə narahat edir.
Ermənilərin dörd günlük müharibə zamanı böyük itkilərə məruz qalması onlarda Rusiyaya qarşı mənfi reaksiya formalaşdırıb. İrəvan Rusiya tərəfindən Azərbaycan və Ermənistanın eyniləşdirilməsini qəbul edə bilmir. Onlar Rusiyanın satdığı silahla Azərbaycanın erməniləri məhv etməsini həzm etmək istəmirlər. Bütün bunlar aksiyaların başlaması üçün əsas amillərdir”.
Politoloq qeyd edib ki, siyasətdə əsas göstərici maraqdır: “Artıq Rusiya siyasətində Azərbaycana qarşı müəyyən bir maraq yaranıb. Rusiya Ermənistanla müttəfiq olsa da, Azərbaycana müəyyən müsbət istiqamətli addımlar atır. Buna Ermənistan mənfi yanaşır. Amma, Rusiya bu siyasətdən geri çəkilməyəcək. Çünki, hazırda Rusiyanın maraqları bir çox məqamlarda Azərbaycanın yanında olmağı diqtə edir”.
Politoloq Qabil Hüseynli fikrincə, Ermənistan rəhbərliyi Rusiya əleyhinə aksiyaları qəsdən təşkil edir: “Ermənilər başlarını itiriblər. Nə dediklərini özləri də bilmirlər. Ermənistan Rusiyadan pulsuz silah alır, Azərbaycan isə pulla. İndiyə qədər Rusiya Ermənistana 3.5 milyard dollar dəyərində pulsuz silah verib. Eyni zamanda ruslar bu silahların istifadəsinə dair ermənilərə təlimlər keçir. Hətta muzdu döyüşçü qiyafəsində erməni ordusunda da iştirak edən ruslar var. Rusiyanın bu qədər yaxşılığının qarşısında erməni xisləti bu hadisələrlə özünü aydın şəkildə göstərir”.
Q.Hüseynli deyib ki, ermənilərin məqsədi rus qoşunlarının onlarla birlikdə Azərbaycan qarşı döyüşməsidir: “Ermənilər hesab edir ki, rus qoşunu KTMT-nin bayrağı altında bizə qarşı döyüşməlidir. Naxçıvana və Tovuzun bir sıra kəndlərini gülləbaran etdilər ki, Azərbaycan cavab atəşi açsın. Amma, Azərbaycan bu təxribata getmədi. Ermənilər başa düşmür ki, Rusiya olmasaydı, Azərbaycan ordusu Ermənistan sərhəddində dayanmışdı. Belə bir şəraitdə ermənilərin Rusiyadan gileylənməsi gülüc doğurur”.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


