Rusiya lideri “Dağlıq Qarabağ münaqişəsi olduqca həssas mövzudur. Biz bu məsələyə diqqətlə yanaşmalıyıq” - deyə bildirib. Putin, həmçinin Qarabağ münaqişəsin uzun müddət davam edən konflikt olduğunu bildirib: “Münaqişə dondurulmuş vəziyyətdə qalıb. Çox təəssüflər olsun ki, zorakılıq partlayışı baş verdi. Biz münaqişənin nizamlanması, hər iki tərəf üçün məqbul həll yolunun tapılması üçün əlimizdən gələni edəcəyik. Təbii ki, bu məsələdə uzunmüddətli həll yolu tapılmalıdır. Münaqişə yalnız siyasi yolla həll olunmalı, kompromis tapılmalıdır”.
Rusiya lideri etiraf edib ki, bir neçə il əvvəl münaqişənin nizamlanması istiqamətində kompromis əldə oluna bilərdi: “Mənə elə gəlir ki, bir neçə il əvvəl praktik olaraq münaqişənin nizamlanması üçün hər iki tərəfdə kompromisə yaxınlaşmışdıq. Təəssüflər olsun ki, sonradan bunu belə olmadığı məlum oldu. Münaqişənin nizamlanması üzrə həm beynəlxalq strukturlar, həm də ikitərəfli əlaqələr çərçivəsində işləri davam etdirəcəyik”.

Rusiya prezidenti, bundan əlavə qeyd edib ki, kimin nə deməyindən asılı olmayaraq, Rusiya bu məsələnin həllində maraqlıdır: “Biz həm Ermənistan, həm də Azərbaycanla hərtərəfli əməkdaşlıq etmək istəyirik. Rusiyada xeyli sayda erməni və azərbaycanlı yaşayır. Söhbət milyonlardan gedir. Şükürlər olsun ki, Rusiya ərazisində bununla bağlı problemimiz yoxdur. Faciəli olaylara baxmayaraq, yaxşı münasibətlərə malik olan erməni və azərbaycanlılar tanıyıram. Düşünürəm ki, bu çox yaxşı haldır”.
Putin daha sonra vurğulayıb ki, Rusiya münaqişənin həllinə öz töhfəsini verəcək: “Lakin münaqişənin həlli ilə bağlı son qərarı Ermənistan və Azərbaycan verməlidir”.
Putinin Qarabağla bağlı son bəyanatı tərəfləri ciddi düşünməyə vadar edir. Maraqlıdır, Rusiya lideri bununla tərəflərə hansı mesajları göndərmək istəyirdi?
Millət vəkili Sahib Alıyev hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlaması müsbət addımdır:
“Elə siyasətçilər var ki, onların nə dediklərinə yox, necə dediklərinə və nəyi demədiklərinə diqqət yetirmək lazımdır. Bundan öncəki mətbuat konfranslarında Rusiya prezidenti Dağlıq Qarabağla bağlı ona ünvanlanan suallara cavab vermək istəmirdi. Hətta elə hallar olmuşdu ki, saymazyana “bilirəm yenə Dağlıq Qarabağdan soruşacaqsınız”- deyə sual verən jurnalistin sözünü kəsmişdi. Yəni, bu məqamları xatırlamalıyıq. İndi Rusiya prezidenti deyir ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin həllində çox maraqlıdır. Hesab edirəm ki, məsələnin bu tərəfinə diqqət yetirmək lazımdır”.
S.Alıyevin sözlərinə görə, dörd gün davam edən döyüşlərdən sonra ermənilərin özləri, havadarları, eyni zamanda Rusiya dövlətinin başında duranlar da anlayıblar ki, status-kvonun qorunub-saxlanılması mümkün deyil və bu, ermənilər üçün heç nə vəd etmir: “Məhz ona görə də münaqişənin həllində maraqlı olduqlarını dilə gətirirlər. Təkcə, bunu Rusiya prezidentinin bəyanatında görmürük. Almaniya kansleri Angela Merkelin və ABŞ-ın bu istiqamətdə bəyanatları var. ATƏT-in Minsk qrupuna həmsədrlik edənlər və böyük güclər bu fikirdədirlər ki, status-kvonun qorunub saxlanması mümkün deyil. Bu isə ermənilər üçün heç də yaxşı nəticə verməyəcək”.

Deputat, həmçinin qeyd edib ki, Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi gözlənilən idi: “Münaqişənin həlli ilə bağlı “son qərarı Ermənistan və Azərbaycan verməlidir” deyən Putindən başqa nə deməsini gözləyirdiniz? Rusiya prezidenti bildirdi ki, ölkəsində çoxlu sayda azərbaycanlı və erməni yaşayır. Rusiyada yaşayan azərbaycanlılar Azərbaycan əhalisinin 10/1-i deyil. Rusiyada yaşayan ermənilər isə Ermənistandakılardan az qala iki dəfə çoxdur. Bu fakt Ermənistanın Rusiyadan nə dərəcədə asılı olmasını göstərir. Hansı özünə hörmət edən dövlət, millət baş verən döyüşlərdə məğlub olduğuna görə başqa bir dövləti günahlandırar ki, bizə niyə kömək etmədin? Niyə Azərbaycan silah satdın? Belə bir hal görülməyib. Bu o deməkdir ki, ermənilər və forpost olaraq Ermənistan tam olaraq Rusiyadan asılı vəziyyətdədir. Təbii ki, böyük siyasətdə belə məsələlər dilə gətirilmir. Amma, hər kəsə bəllidir ki, münaqişənin həlli, irəliləyişin olub-olmayacağı erməni xalqından yox, Rusiyadan asılıdır. Əgər bu gün əvvəllər erməni anaları, indi ataları etiraz edirsə ki, oğullarımız niyə bizim olmayan torpaqlarda ölməlidirlər. Bu və qeyd etdiyim digər reallıqlar onu göstərir ki, Rusiya və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri istəsələr münaqişənin həlli sülh yolu ilə mümkündür”.
Millət vəkilinin sözlərinə görə, Putinin “Rusiya tərəflərlə tam dəyərli iş aparmaq istəyir” deyə səsləndirdiyi fikirlərin arxasında çox mətləblər gizlənir: “Təbii ki, Dağlıq Qarabağ münaqişəsində Rusiyanın aparıcı rolu ortaya çıxacaqsa, münaqişənin tam həllində maraqlı olduğunu ortaya qoyacaqsa, bu hər iki ölkə arasındakı əlaqələrin nəinki genişlənməsinə, həmçinin çox əhəmiyyətli dərəcədə dərinləşməsinə aparıb çıxaracaq. Amma Azərbaycan Rusiya üçün heç vaxt Ermənistan ola bilməz. Çünki bizim öz milli maraqlarımız var. Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi Azərbaycan öz milli maraqlarını kiminsə milli maraqlarına tabe etdirməyəcək. Azərbaycan bərabərhüquqlu əməkdaşlıq tərəfdarıdır, hərtərfli əməkdaşlıq istəyir”, - deyə S.Alıyev vurğulayıb.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


