Baytarlıq xidməti: kütləvi təlafat yoxdur

 Baytarlıq xidməti: kütləvi təlafat yoxdur
  17 Aprel 2016    Oxunub:1896
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bir sıra kütləvi informasiya vasitələrində (KİV) Quba və Xaçmaz rayonlarında ev quşları arasında kütləvi tələfatın qeydə alınması barədə yayılan məlumata münasibət bildirib.
DBNX-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu barədə məlumat daxil olan kimi Quba və Xaçmaz rayon baytarlıq idarələrinin əməkdaşları Qubanın Amsarqışlaq, Barlı, Bağbanlı, Hacıhüseyinli, Alekseyevka, İqrıq, Qam-qam, Rustov, Hacıqayıb, Ərməki, Yelenovka kəndlərində, Dəvədabanı massivi və Zərdabi qəsəbəsində, həmçinin Xaçmaz rayonunun bir çox kəndlərində araşdırmalar aparıblar. Aparılan araşdırmalar zamanı kəndlərin heç birində ev quşlarının kütləvi tələf olması faktına təsadüf edilməyib. Yalınız Amsarqışlaq kəndində 4-5 baş tələf olmuş və yerə basdırılmış ev quşunun cəsədi aşkar edilib.

Ərazidə profilaktik və dezinfeksiya tədbirləri, eləcə də araşdırmalar aparılmış və quşlardan müayinə üçün nümunələr götürülərək Quba zona baytarlıq laboratoriyasına göndərilib. Müayinə zamanın quşlarda heç bir infeksion xəstəliyin törədicisi müəyyən edilməyib.

Aparılan araşdırmalarla yanaşı, adları qeyd edilən ərazilərdə baytarlıq nəzarəti tədbirləri davam etdirilir.

“Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın”, - deyə məlumatda bildirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələf olma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti