“Nazir müavinin turizm sahəsindən xəbəri yoxdur”

“Nazir müavinin turizm sahəsindən xəbəri yoxdur”
  18 Aprel 2016    Oxunub:3510
Bu gün Milli Məclisinin Əmək və Sosial siaysət komitəsinin iclası keçirilib. İclasda “Sosial sığorta haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

AzVision.az xəbər verir ki, həmçinin iclasda yeni hazırlanan “Turizm haqqında” qanun layihəsi yenidən müzakirə olunub. Layihə haqqında məlumat verən komitə sədri Hadı Rəcəbli bildirib ki, qanun layihəsi həcm baxmından çox böyükdür:

“Lakin biz layihədə bütün turizm sahəsini ehtiva ediriksə, o zaman həqqətən də layihədə bütün məsələlər öz əksini tapmalıdır. Layihədə çox maraqlı müddəlar var. Biz “Turizm haqqında” qanun layihəsinin bu ayın sonu və ya mayın ilk ongünlüyündə yenidən müzakirəyə çıxaracağıq. Layihə yenidən rəylərə göndərilə bilər. Vaxtilə mənfi rəy formalaşdıran təşkilatlar düşünürəm ki yenidən layihə ilə əlaqədar fikirlərini bildirsinlər”.

Komitə sədri diqqətə çatdırıb ki, Moskvada Mədəniyyət və Turizm nazirliyinin nümayəndəliyi yaradılıb:

“Hər kəsə məlumdur ki, onlar vaxtilə, Bodrum, Antalya, Türkiyənin bir çox yerlərinə istirahət etməyə gedirdilər. Lakin Rusiya-Türkiyə arasında münasibətlər bu sahədə boşluq yaradıb. Biz bu boşluqdan istifadə edərək turistlərin Azərbaycana cəlb edilməsi istiqamətində ciddi çalışmalıyıq. Artq onların saytları da fəaliyyət göstərir. Bundan əlavə belə bir mərkəz Türkiyədə də yaradılıb. Bu gün gündəmdə olan məsələrdən biri özünəməşğulluqdur ki, onun da bir qolu turizmə gəlib çıxır. Bütün bunları ona gətirib çıxarı ki, biz “Turizm haqqında” qanunla ciddi məşğul olmalıyıq. Hər zaman biz deyirdik ki, ölkəmizdə 5 ulduzlu otellər çoxluq təşkil edir. Amma hazırda ölkəmizdə 3, 4 ulduzlu otellər var və turizmin digər formaları da vüsət almağa başlayıb”.

Çıxış edən komitənin üzvü, deputat Rauf Əliyev bildirib ki, biz ötən dəfə komitə iclasında “Turizm haqqında” qanunu müzakirə etdik:

“Belə qərara aldıq ki, həmin iclasda səsləndirilən təkliflərlə əlaqədar baş nazirə ümumi bir məktub ünvanlayaq. Amma nədənsə bu məsələlərdən xəbər çıxmadı. Mənim nazir Əbülfəs Qarayevə böyük hörmətim var. Çünki bu gün nazir turizmin inkişaf etdirilməsində böyük işlər görür, amma ötən iclasda bizimlə müzakirələrə qatılan nazir müavinin deyəsən heç turizm sahəsindən xəbəri yoxdur”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti