`ATƏT Qarabağın həlli üçün hərəkətə keçməlidir`

`ATƏT Qarabağın həlli üçün hərəkətə keçməlidir`
  19 Aprel 2016    Oxunub:3255
ATƏT Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hərəkətə keçməlidir.
Bunu ATƏT Parlament Assambleyasının Almaniyanın Lansvayler şəhərində "ATƏT-in münaqişə dövrünün kəsilməsi istiqamətindəki tədbirlərində ATƏT PA və onun üzvlərinin geniş töhfə vermək imkanları - həlli uzadılmış münaqişələrə xüsusi diqqət" mövzusunda keçirilən seminarı zamanı çıxışında ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, münaqişə ilə bağlı bir çox beynəlxaq təşkilatlar - BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti sənədlər qəbul ediblər: "BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasına çağıran dörd qətnaməsinə Ermənistan hörmət etməlidir".

O, qeyd edib ki, 3 aprel 2016-cı ildə Avropa Şurası Parlament Assambleyasının prezidenti "Ermənistan silahlı qüvvələrinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması" ilə bağlı çağırış etdi. Avropa Parlamenti münaqişə ilə bağlı özünün mövqeyini bir neçə qətnamə və tələblərlə ifadə edib. Bu mənada, Ermənistan hərbi qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması və BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq qüvvələrin regiona yerləşdirilməsi ilə müşayiət olunması ifadə edilib. Aprelin 6-da ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceymis Uorlik Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycan torpaqlarının Azərbaycana geri qaytarılmasının daxil olduğunu bildirib".

A.Quliyev hesab edir ki, indi ATƏT PA bu beynəlxalq təşkilatlara qoşulmalı və Ermənistanın hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı müəyyən addımlar atmalıdır: "Bu ilin iyul ayında ATƏT PA-nın Tbilisidə keçiriləcək illik sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin hesabatı dinlənilməli və indiyə kimi münaqişənin həll olunmasına mane olan səbəblər haqqında deputatlara məlumat verilməlidir. Bundan başqa, Minks qrupuna üzv olan 11 ölkənin parlamentinin iştirakı ilə ayrıca bir konfransın keçirilməsinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu formatda parlamentarilər tərəfindən müzakirəsinə ehtiyac var. Yaxşı olar ki, ATƏT PA yaxın zamanda bu təklifi nəzərdən keçirsin və onun icrasını təmin etsin".(Trend)

AzVision.az


Teqlər:





Xəbər lenti