Lavrov yenidən Bakıya niyə gəlir?

Lavrov yenidən Bakıya niyə gəlir?
  20 Aprel 2016    Oxunub:4774
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun həftə sonu Bakıya səfər edəcəyi gözlənilir. Məlumata görə, Lavrov regiona səfəri çərçivəsində İrəvana da gedəcək.

Politoloq Fikrət Sadıqov AzVision.az-a açıqlamasında bildirib ki, Lavrovun regiona səfəri münaqişənin həlli istiqamətində aktivliyin olduğunu göstərir:

“Danışıqlar ətrafında yeni yanaşmalar hiss olunur. Lavrovun Rusiyada ABŞ səfiri ilə Dağlıq Qarabağı müzakirə etməsi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla görüşünün baş tutacağının elan olunması, Lavrovun regiona səfəri danışıqlar prosesinə canlanma gətirir. Əsk halda döyüşlər yenidən başlaya bilər. Bu dəfə də uduzan tərəf Ermənistan olacaq. Aprelin əvvəlində baş verən hadisələr bunu təsdiq etdi”.

F.Sadıqov hesab edir ki, Rusiya münaqişənin yenidən alovlanmasından narahatdır: “Rusiya Azərbaycanı özünə tərəfdaş, strateji partnyor hesab edir. Ona görə də məsələnin hansısa bir səviyyədə həll olunmasında maraq müşahidə olunur. Düşünürəm ki, danışıqlar prosesi yenidən start götürəcək.

İstərdim ki, danışıqlar zamanı gündəlikdə konkret məsələlər dayansın. Eyni zamanda Rusiya Ermənistanın müttəfiqi kimi bu ölkəyə təzyiqlər etsin ki, düşmən işğal olunmuş torpaqlarımızdan çıxsın. Hesab edirəm ki, bunlar danışıqlar prosesində əsas prinsipimiz olmalıdır”.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov aprelin 7-də Bakıya səfər etmişdi. Prezident İlham Əliyev və həmkarı Elmar Məmmədyarovla görüşən Lavrov Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın təkliflərinin olduğunu bildirmişdi.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti