Prezidentdən tikinti obyektləri ilə bağlı fərman

Prezidentdən tikinti obyektləri ilə bağlı fərman
  21 Aprel 2016    Oxunub:2637
Prezident İlham Əliyev “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli Qanununun tətbiqi barədə fərman verib.
Fərmana görə, həmin Qanunun 4-cü maddəsinə uyğun olaraq, tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi qaydası ilə bağlı təkliflər iki ay müddətində hazırlanıb prezidentə təqdim edilsin.

Bu Qanun aşağıdakı tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin “TİT” modelinə uyğun olan maliyyələşmə əsasında tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına), idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir:

3.1.1. körpülər, tunellər;

3.1.2. su anbarları, sutəmizləmə qurğuları, suvarma, içməli və məişət su, habelə kanalizasiya sistemləri, o cümlədən magistral qaz kəmərləri, yeraltı qaz anbarları, şəhərdaxili qaz şəbəkələri;

3.1.3. mətbuat və konfrans mərkəzləri, habelə təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri;

3.1.4. kommersiya məqsədli binalar, topdansatış bazarları, fabriklər və zavodlar;

3.1.5. idman mərkəzləri, yataqxanalar, istirahət və əyləncə parkları;

3.1.6. sənaye parkları, yüksək texnologiya parkları, aqroparklar, yüksək texnologiyalara əsaslanan avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində digər sistemlər;

3.1.7. kənd təsərrüfatı məhsullarının tədarük anbarları və bu tipli digər obyektlər;

3.1.8. geotermik və tullantıların istilikyaratma qabiliyyəti əsasında işləyən obyektlər və qızdırıcı sistemlər, elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan müəssisələr;

3.1.9. şoselər, avtomagistrallar, dəmir yolu və relsli sistemlər, avtovağzal kompleksləri, stansiyalar, funikulyor və qaldırıcı sistemlər, logistika mərkəzləri, yeraltı və yerüstü avtomobil dayanacaqları, metro xətləri və stansiyaları;

3.1.10. xüsusi iqtisadi zonalar, mülki məqsədlərlə istifadə edilən dəniz və hava limanları, yük, sərnişindaşıma və yaxta limanlarından ibarət komplekslər.

AzVision.az


Teqlər:  





Xəbər lenti