Azərbaycanla İran arasında 4 sənəd imzalanıb

Azərbaycanla İran arasında 4 sənəd imzalanıb
  21 Aprel 2016    Oxunub:1858
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin Bakıya səfəri çərçivəsində iki ölkə arasında dörd sənəd imzalanıb.
İmzalanma mərasimindən öncə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevlə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkələrimiz arasında mövcud olan əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazir Şahin Mustafayev Azərbaycanla İran arasında strateji və dostluq əlaqələrinin möhkəmliyini qeyd edərək Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişinə və Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında müqaviləyə uyğun olaraq Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulduğunu xatırladıb.

Nazir iki ölkə arasında turizm və nəqliyyat sektorunun inkişafı üçün görüləcək işlərin hər iki ölkəyə müsbət təsirindən danışıb. Astaraçay üzərində dəmir yolu körpüsünün ilin sonunadək yekunlaşacağını deyən Ş.Mustafayev, dəmir yolunun inşasının da həmin vaxt başa çatacağını söyləyib. Bildirib ki, görüləcək işlər həm xalqlar arasında, həm də siyasi müstəvidə əlaqələrin inkişafına daha dərin töhfə verəcək.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi iki ölkə arasında bank sektorunda əlaqələrin qurulmasından danışıb. M.Vaezi bildirib ki, sənaye sahəsində əlaqələrin inkişafı üçün yaradılan imkan özəl sektor nümayəndələrinə dəstək olacaq. Biz hər kəsə göstərəcəyik ki, neftin qiymətinin azaldığı bir vaxtda Azərbaycanla İran birlikdə iqtisadiyyatın inkişafı üçün mühüm işlər görür.

“Başqa sahələr kimi səhiyyə sahəsində də Azərbaycanla İran mühüm işlər görə bilər. Hər iki ölkənin şirkətləri qarşılıqlı olaraq bu ölkələrdə fəaliyyət göstərməlidir və biz Xəzər dənizinin enerji resurslarından istifadə etmək üçün işlər görməliyik”, - deyə M.Vaezi vurğulayıb.

Görüşdə Azərbaycan və İran şirkətləri arasında Anlaşma Memorandumları imzalanıb.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və İranın “Darou Pakhsh” şirkəti arasında Azərbaycanda əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalının təşkili haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, yeni yaradılacaq birgə müəssisəni “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və “Darou Pakhsh” şirkəti birgə maliyyələşdiriləcək.

Müəssisədə ağrıkəsici, antibiotik və vitamin təyinatlı 52 adda dərman preparatlarının istehsalı nəzərdə tutulur. Dərman preparatları ilkin olaraq daxili bazar üçün nəzərdə tutulur. Müəssisənin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılması planlaşdırılır.

Qeyd edək ki, İranın ən böyük əczaçılıq şirkəti olan “Darou Pakhsh” 1956-cı ildən fəaliyyət göstərir və İranın Əmək və Sosial İşlər Nazirliyinin tabeliyindədir. Şirkət vitamin və minerallar, ağrıkəsici və hərarət salıcı dərmanlar, kardiovaskulyar dərmanlar, astma əleyhinə preparatlar, antikonvulsantlar, antidepresantlar, dezinfeksiya preparatları, həzm sistemi dərmanları, sidikqovucular, peyvəndlər, dietik əlavələr və əvəzləyicilər, antihistaminlər, antidiabetiklər, baytarlıq preparatları və s. məhsullar daxil olmaqla 48 farmakoloji qrup üzrə 368 adda dərman istehsal edir. İstehsal etdiyi dərman preparatlarını Azərbaycan da daxil olmaqla dünyanın 20-dən çox ölkəsinə ixrac edir.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə İranın “Darou Pakhsh” şirkəti arasında əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalı layihəsinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Anlaşma memorandumuna uyğun olaraq, tərəflər əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalı layihəsinin həyata keçirilməsi üçün “Darou Pakhsh”, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərsun Holdinq” MMC-nin təsisçiliyi ilə yaradılacaq yeni şirkətin Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçməsi üçün lazımi prosedurları həyata keçirəcəklər.

Azərbaycanın “Azevrocar” MMC və İranın “İran Khadro” şirkəti arasında aprelin 21-də imzalanmış Anlaşma Memorandumuna əsasən, şirkətlər Azərbaycanda minik avtomobillərinin və ehtiyat hissələrinin birgə istehsalını həyata keçirəcəklər.

İlkin olaraq layihə üzrə istehsal edilməsi məqsədəuyğun olan avtomobil modelləri müəyyənləşdiriləcək, sonra isə layihə üzrə Biznes Plan hazırlanacaq. Layihənin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi nəzərdə tutulur. Zavodun 2 ilə tikilməsi planlaşdırılır.

Daha sonra “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azevrocar” MMC arasında avtomobil və müvafiq ehtiyyat hissələrinin istehsalı layihəsinin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, “Azevrocar” şirkətinə Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunun verilməsi üçün şirkət müvafiq sənədləri hazırlayaraq AİŞ-ə təqdim edəcək. Bundan sonra isə layihənin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi üçün “Azevrocar” şirkətinə AİŞ tərəfindən sənaye məhəlləsinin iştirakçısı statusu veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti