`Kütləvi çıxarış` kampaniyası Qusarda

`Kütləvi çıxarış` kampaniyası Qusarda
  22 Aprel 2016    Oxunub:1336
İnsanlara daşınmaz əmlakın qeydiyyatı xidmətlərini ünvanlarda çevik şəkildə təqdim edən “Kütləvi çıxarış” kampaniyası bu dəfə Qusar rayonunda keçirilib.
Xidmətlərdə əlçatanlığı artıran kampaniyada 150-yə yaxın vətəndaş iştirak edərək qeydiyyat xidmətlərindən yararlanıb. Onların bir qismi öz evlərinə dair dövlət reyestrindən çıxarışlar əldə edib, digər qismi ilkin mülkiyyət sənədlərini çıxarışla əvəz olunması üçün təqdim edib. Çıxarışlar vətəndaşlara məxsus torpaq sahələri, fərdi həyət evləri, pay torpaqları və digər əmlaklara dair verilib. Vətəndaşlar qeydiyyat prosesi üçün əlavə vaxt və nəqliyyat xərcləri sərf etmədən kampaniyadan faydalanıblar.

Komitədən AzVision.az-a bildirilib ki, kampaniyaya olan maraq bu ildən etibarən kampaniyanın intensiv keçirilməsini zəruri edib. Artıq kampaniya bir ayda bir neçə dəfə, həm paytaxtda, həm də regionlarda keçirilib.

Kampaniya çərçivəsində hüquqi yardım aksiyası da keçirilib. Vətəndaşlara qeydiyyat və torpaq idarəçiliyi ilə bağlı hüquqi izahlar və məsləhətlər verilib, onların sualları cavablandırılıb. Bundan əlavə, vətəndaşlara komitə tərəfindən torpaqların elektron uçotu ilə bağlı aparılan işlər barədə məlumat verilib. Bildirilib ki, Torpaqların Elektron Uçotu Sistemində torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri ilə yanaşı, onların hüquqi rejimi ilə bağlı məlumatlar da əksini tapacaqdır. Torpaqların təyinatı, kateqoriyası və istifadəsi ilə bağlı məlumatlarda dəyişikliklər baş verdikdə sistemdə də bu məlumatlar yenilənəcək. Eyni zamanda, komitə tərəfindən torpaqların keyfiyyət göstəricilərinə görə uçotunun aparılması işləri də davam etdirilir. Bu məqsədlə, müasir tələblərə uyğun, modern cihaz və avadanlıqlarla təchiz olunmuş Torpaq və Bitki Laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriyada analizlər nəticəsində torpaqların və yem bitkilərinin keyfiyyətləri ilə bağlı bir çox məlumatlar əldə edilir. Fermerlər, iş adamları, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslər sifariş əsasında onlara məxsus torpaqların keyfiyyət göstəriciləri ilə bağlı məlumatları laboratoriyadan əldə edə bilirlər.

Kampaniya sosial mahiyyətli olduğu üçün ödənişli qaydalarla həyata keçirilmir. Burada iştirak edən vətəndaşlar yalnız qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumu və xidmət haqlarını ödəməklə xidmətlərdən yararlanır.

“Kütləvi çıxarış” kampaniyası indiyədək respublikanın 30-a yaxın şəhər və rayonunda təşkil edilib. Bu kampaniyalarda, ümumilikdə, indiyədək 7000 mindən çox vətəndaş iştirak edib.

Kampaniyada iştirak üçün müraciətlər 148 saylı (daxili 1 sonra 5) çağrı mərkəzi və ərazi qeydiyyat idarələri vasitəsilə qeydə alınır. Daha sonra qrafik üzrə birbaşa ünvanlarda komitənin ayrılmış xüsusi nəqliyyat vasitələrində çıxarışlar, texniki pasportlar təqdim olunur, ilkin sənədlər qəbul edilir.

Kampaniyadan əlavə, komitə 2014-cü ilin aprel ayından başlayaraq şəhər və rayonlarda mobil ofislər vasitəsilə qeydiyyat xidmətləri də göstərir. Mobil ofis xidmətləri bütün respublika üzrə müxtəlif rayonlarda paralel olaraq həyata keçirilir. İndiyədək respublika üzrə mobil ofis xidmətləri vasitəsilə isə vətəndaşlardan 96 mindən çox müraciət qəbul edilib.


Teqlər:






Xəbər lenti