“Neftçi” çətin sınaq qarşısında – TƏHLİL

“Neftçi” çətin sınaq qarşısında – TƏHLİL
  23 İyul 2013    Oxunub:1797
Bu gün meydana çıxacaq flaqman klubumuzun zəif tərəfləri və şansları
Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab qarşılaşmaları keçiləcək və sözügedən turnirdə ölkəmizi təmsil edən Bakının “Neftçi” komandası Albaniyada “Skenderbeu” komandasının qonağı olacaq. Təbii ki, məsul oyun öncəsi flaqmanın son durumunu, eləcə də baş məşqçi Böyükağa Hacıyevin meydana buraxa biləcəyi ilk “onbirliyi” ehtimallara söykənərək təhlil etmək yerinə düşərdi.

Ötən il Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbol tarixində ilkə imza atan flaqmanın sözügedən uğuru “ağ-qaralar”dan uğur gözləyənlərin sırasını bir qədər də genişləndirmişdi. Üstəlik, mövcud heyətin əksəriyyətinin ötən mövsümkü Avroliqa mövsümündə “bişməsi” uğurun zəmanəti olmalıydı. Amma ötən “futbol ili”ndəki uğurlar zəncirinə yeni həlqə əlavə edə bilməyən Böyükağa Hacıyevin komandası meydandan qolsuz bərabərliklə ayrıldı.

Bakılılar sərgilədiyi oyuna və heyətindəki legionerlərin səviyyəsinə görə ölkə daxilindəki rəqiblərini üstələsə də, çatışmazlıqlar da yox deyil. Məsələn, müdafiə xəttinə qışda komandaya qoşulan Da Silva Kruz və Çempionlar Liqası öncəsi anlaşılan Karlos Kardosodan daha səviyyəli futbolçuların alınması beynəlxalq arenada uğuru şərtləndirə bilərdi. Bundan başqa, komandanın orta və ön xəttinə də yeni futbolçuların cəlb olunması vacib idi.

Geridə qalan mövsümdə flaqmanda xüsusi ilə pleymeyker olmaması diqqət çəkirdi. Böyükağa Hacıyev oyun qurucu mövqeyində yaranan boşluğu ötən mövsüm daha kimlərin hesabına doldurmağa çalışmadı ki? Flavinyo, Julius Vobay,Cavid İmamverdiyev, Mirhüseyn Seyidov... Təbii ki, Çempionlar Liqasındakı çətin duellər zamanı adlarını sadaladığımız oyunçulardan pleymeyker kimi nəysə gözləmək sadəlöhvlük olardı.

Bundan əlavə, yarımmüdafə xəttinin cinahlarında Flavinyo, Vobay və Araz Abdullayevin layiqli əvəzləyicisinin olduğunu demək olmaz. Hücum xəttinə gəlincə, Avstriya toplanışından dörd məğlubiyyətlə qayıdan “ağ-qaralar” qol vurmaq baxımından çətinlik çəkməsi ön xəttdə işlərin yolunda olmamasından xəbər verirdi. Albaniya təmsilçisi ilə Bakıdakı oyun da komandadan ayrılan Nikolas Kanalesin yoxluğunun “xalq komandası” üçün ciddi itki olduğunu göstərdi. Nə ilk dəqiqələrdən meydanda olan hollandiyalı Melvin Platye, nə də sonradan döyüşə atılan özbəkistanlı Bahodir Nasomov komandanın qol istəyini reallaşdıra bilmədi.

Komandaya cavab qarşılaşması ərəfəsində qoşulan kamerunlu forvard Ernest Nfor isə bütün yerli futbol ictimaiyyəti üçün “sirli qutu”dur. Onun Kanalesi necə əvəzləyəcəyini isə zaman göstərəcək. Amma hər halda, artıq “xalq komandası”nın “Skenderbeu” kollektivinə qarşı hazırkı heyətlə mübarizə aparacağı dəqiqləşib. Bəs görəsən, Böyükağa Hacıyev bu gün start heyətində kimlərə şans verəcək? Maraqlı olacağını nəzərə alıb, meydana çıxması ehtimal olunan ilk “onbirliy”i müəyyən təhlillərlə nəzərinizə çatdırırıq.

Qapı

“Skenderbeu” ilə oyunlar ərəfəsində latviyalı qapıçı Pavel Doraşevsi heyətinə qatmaqla “çərşivə”də rəqabəti artıran “ağ-qaralar”ın qapısını ilk oyunda olduğu kimi, Saşa Stamenkoviç qoruyacaq. Hər nə qədər Böyükağa Hacıyev serb qolkiperdən tam məmnun olmasa da, Stamenkoviçin uzun müddətdir bakılıların heyətində olması və dolayısıyla da, komanda yoldaşlarını Doroşevsə nisbətən daha yaxşı tanıması şübhəsiz, ona üstünlük verilməsinə zəmin yaradacaq.

Müdafiə

Arxa xəttin sağ cinahında flaqmanla müqaviləsini yenicə artırmış Mahir Şükürovun yer alacağı şübhə doğurmur. İntizamsızlığı ilə ad çıxaran müdafiəçinin layiqli əvəzləyicisinin olmaması belə deməyə əsas verir.

Müdafiənin mərkəzində yer alacaq iki müdafiəçidən biri mütləq makidoniyalı İqor Mitreski olacaq. Arxa xəttin lideri sayılan 34 yaşlı müdafiəçi ləngliyini təcrübəsi hesabına siğortalamalıdır. Mərkəzdə makedoniyalı ilə tandemi isə Da Silva Kruz təşkil etməlidir. Rəqibin xorvatiyalı hücumçusu Pero Pejiçə nəzarət etməli olan Kruz həm də cinah müdafiəçilərinin boş buraxdığı zonaları qapamalı olacaq.

Sol cinah isə Bruno Bertuççiyə tapşırılacaq. Sürətli cinah reydləri ilə seçilən “sambacı”nın keçidləri “Neftçi”nin əks-hücumları zamanı effekt verə bilər.

Yarımmüdafiə

Start "onbirliy"ində yer alacaq yarımmüdafiəçilərin kimliyi demək olar ki, dəqiqdir. Mövqelər üzrə bölüşdürməli olsaq, "qara iş görmək" tapşırığı bu dəfə də Erik Ramosun üzərinə düşəcək. Ötən mövsüm icarə əsasında komandaya yenidən qoşulan paraqvaylı dayaq yarımmüdafiəçisinin top almaq bacarığına söz ola bilməz. Onun ən üstün cəhətlərindən biri də təhlükəli mövqelərdə nadir hallarda qayda pozuntusuna yol verməsi, yeri gələndə xırda follarla rəqibin kəsərli hü-cumlarını əngəlləməsidir. Düzdür, sabit sistem oyunçusu olan Ramosu heç də yüksək səviyyəli oyun qurucusu adlandırmaq olmaz. Amma bu vəzifənin onun üzərinə düşməməsi cənubi amerikalının işini asanlaşdırır. Bu vəzifəni isə Ramosla bərabər yarımmüdafiənin mərkəzində yer alacaq komandanın kapitanı Rəşad Sadiqov üzərinə götürməlidir.

Orta xəttin sol cinahında son dövrlər yaxşı formada olan Araz Abdullayevin yer alacağı asan proqnoza gələn məqamdır. Sürəti və çevikliyi ilə seçilən 21 yaşlı yarımmüdafiəçinin hər iki cinahda oynaya bilməsi flaqman üçün üstünlük sayılmalıdır. Oyun boyu əks cinahdakı komanda yoldaşı ilə yerdəyişmə edə biləcək Abdullayev rəqib müdafiəçilərini çətin vəziyyətdə qoya bilər. Universallıq və istedad baxımından hazırda ölkəmizin ən yaxşılarından olan Arazdan gözləntilər böyükdür.

Yarımmüdafiə xəttinin sağ cinahında isə komandada qalıb-qalmayacağı uzun müddət müzakirə olunan Julius Vobay qərar tutacaq. Cərimə zərbələrini ustalıqla yerinə yetirən, texnikaya, sürətə, topu gövdəsi ilə bağlamaq məharətinə malik Vobayın komanın sıralarında saxlanılması müsbət halıdır. Hər halda, istənilən komandada standart vəziyyətlərin qola çevrilmək ehtimalını artıran oyunçunun top qovması böyük üstünlükdür.

“Neftçi”nin heyətində olan oyun qurucularından Mirhüseyn Seyidovun istəniləni verə bilməməsi, Cavid İmamverdiyevin qış fasiləsindən sonra enişə doğru qrafik cızması, həm hücumçu, həm də pleymeyker kimi çıxış edə bilən Ernest Nforun isə kollektivə yeni qoşulması hücumçunu topla təmin etmək vəzifəsinin bu dəfə də Flavinyoya verilməsinə şərait yaradacaq. Hər nə qədər son vaxtlar imkanlarından aşağı çıxış etsə də, yerli futbolçularla müqayisədə əlahiddə texnikası, oyunu üzərinə götürmə bacarığı və sürətli cinah reydləri ilə seçilən “sambaçı” “Neftçi”nin əsas silahı hesab olunur. Nəzərə alsaq ki, Flavinyo yerli futbola tez uyğunlaşdı və onun xüsusən çətin duellər zamanı səhnəyə çıxmaq bacarığı var, deməli, o, “Skenderbeu” qarşısında da, böyük perspektiv vəd edir. Həm matçı çevirmək, həm də assentlik bacarığı ilə adından söz etdirən 30 yaşlı oyunçunun kollektiv oyun tələb olunduğu anlarda sistemdən çıxmamsı da əlavə üstünlük kimi qiymətləndirilə bilər.

Hücum

“Ağ-qaralar”ın Albaniyada ilk dəqiqələrdən bir forvardla mübarizə aparacağı ehtimal olunur. Bakıdakı ilk qarşılaşmada gözlənilənin əksinə hollandiyalı Melvin Platyeni meydana buraxan Böyükağa Hacıyev bu dəfə Bahodir Nasimova güvənsə, bunu sürpriz kimi qiymətləndirməyə dəyməz. Özbək hücumçunun əsas üstünlüyü komanda yoldaşları ilə daha yaxşı anlaşmasıdır ki, bu da məşqçilər korpusunun seçiminə təsirsiz ötüşməyə bilər. Digər tərəfdən, Nasimovun getdikcə formaya düşməsi də onun ilk “onbirlik”də olmasını şərtləndirə bilər.

Tural Məmmədov
Xüsusi olaraq AzVision.az üçün




Teqlər:





Xəbər lenti