Heydər Əliyev Mərkəzi beynəlxalq mükafata namizəddir

Heydər Əliyev Mərkəzi beynəlxalq mükafata namizəddir
  10 May 2016    Oxunub:1967
Britaniya Memarları Kral İnstitutu (Royal Institute of British Architects-RIBA) 2016-cı il üzrə elan etdiyi ilk Beynəlxalq Memarlıq Mükafatına 30 binanın namizədliyi irəli sürülüb. Həmin tikililər arasında məşhur arxitektor Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Bakıdakı Heydər Əliyev Mərkəzi də var.
Heydər Əliyev Mərkəzindən verilən məlumata görə, beynəlxalq mükafata Çindən Kolumbiyaya, İrlandiyadan Azərbaycana qədər 20-dən artıq ölkədə binaların namizədliyi verilib.

Prtizker mükafatının sahibi, məşhur brtitaniyalı memar Riçard Rocersin rəhbərlik etdiyi münsiflər heyəti iyun-sentyabr aylarında namizəd binaları ziyarət edəcək.

Qeyd olunub ki, Beynəlxalq Memarlıq Mükafatı üçün Heydər Əliyev Mərkəzi ilə yanaşı, Zaha Hadidin layihəsi olan başqa bir bina - Honkonq Texniki Universitetinin nəzdindəki Jokey İnnovasiya Klubu Qülləsi də namizəd seçilib.

Namizəd olan binalar sırasında müxtəlif tipli layihələr var: böyük şəhər infrastruktur layihələrindən tutmuş fərdi yaşayış binalarına, mədəniyyət mərkəzlərindən tutmuş ibadətgahlaradək.

Birinci mərhələdə 30 bina sırasından 20-si, son mərhələdə isə 6 tikili arasından qalib seçiləcək.

Mükafatın qalibi 2016-cı ilin dekabr ayında elan olunacaq.

RIBA Böyük Britaniyanın peşəkar memarlarının ittifaqıdır. 182 illik tarixi olan qurum arxitektura sahəsində dünyanın ən nüfuzlu təşkilatı sayılır. RIBA 1966-cı ildən etibarən regional və milli mükafatlar təqdim edir. Onlar sırasında “Stirlinq mükafatı”, “Kral Qızıl Medalı”, “İlin evi” və s. var. 2016-cı ildən RIBA Beynəlxalq Mükafatı da təsis olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti