Dünyanı heyran qoyan Azərbaycanlı gitaraçı – MÜSAHİBƏ (VİDEO)

Dünyanı heyran qoyan Azərbaycanlı gitaraçı – MÜSAHİBƏ (VİDEO)
  18 May 2016    Oxunub:15925
Rusiyada yaşayan azərbaycanlı Rövşən Məmmədquliyev dünya şöhrətli klassik gitara ifaçısıdır. Rövşən 12 may 1986-cı ildə Bakı şəhərində doğulub. Atası hüquqşünas, anası mühəndisdir. 1993-cü ilə qədər Bakıda yaşayıb, sonra Nijni-Novqorod şəhərinə köçüblər.

Valideynləri indi də Novqoroddadır, özü isə 2014-cü ildə həyat yoldaşı və iki qızı ilə birlikdə Moskva şəhərinə köçüb. Hazırda Maymonid adına Dövlət Klassik Akademiyasının klassik ifaçılıq kafedrasında dərs deyir. Rusiyada və dünyanın əksər ölkələrində klassik gitara ifaçısı kimi konsertləri təşkil edilir.

AzVision.az-a müsahibəsində Rövşən Məmmədquliyev bildirib ki, 11 yaşından klassik gitara ilə məşğuldur:

- Əvvəllər bu, sadəcə vaxt keçirmək üçün olan bir həvəsə bənzəyirdi. Sonralar musiqi məktəbinə daxil oldum. İkinci sinifdə oxuduğum zaman konsertlər və müsabiqələrdə iştirak etməyə başladım.

Gitaranın mənim üçün hansı anlamı daşıdığını demək çox çətindir. Gitara mənim üçün sevimli iş, görkəmli bəstəkalar və gözəl musiqi ilə ünsiyyətdir. Ən əsası da həm peşəm, həm hobbimdir.

- “Azərbaycan” sözü sizin üçün nə məna kəsb edir?

- İki il olar ki, mən Moskvada yaşayıram. Azərbaycan mənim vətənimdir, doğulduğum yerdir. Bu, həmişə belə də qalacaq. Mən Azərbaycanın zəngin mədəniyyətinə heyranam.

- Necə oldu ki, siz nüfuzlu GFA-2012 müsabiqəsində (Amerika Gitara Fondunun beynəlxalq müsabiqəsində) qalib gəldiniz?

- GFA bu gün dünyada ən nüfuzlu gitara müsabiqəsidir. Bu müsabiqədə qazandığım qələbə mənim karyeramda mühüm əhəmiyyət kəsb edir. GFA-dan başqa, İspaniyada Fransisko Tarreqi, İtaliyada Mikele Pittaluqi adına təşkil edilən müsabiqələrdə iştirak etmişəm. Son bir neçə ildə isə Amerika Birləşmiş Ştatlarında, Kanada, Meksika, Brazilyada, Avropa ölkələrində, Rusiya, Cənubi Korea, Çində də konsert proqramları ilə çıxış etmişəm.



Bakıda isə yalnız bir dəfə, 25 sentyabr 2011-ci il Qara Qarayev Azərbaycan dövlət kamera orkestri ilə birgə (maestro Teymur Göyçayev dirijorluq edirdi) Üzeyir Hacıbəyov adına Üçüncü Beynəlxalq Festivalda çıxış etmişəm. Məmnuniyyətlə Azərbaycanda yenidən çıxış edərəm.

- Nə vaxtsa Azərbaycana qayıtmağı düşünürsünüzmü?

- İki-üç ildən bir Azərbaycana gedirəm. Bakıda atamın çoxlu qohumları yaşayır. Biz onlarla əlaqə saxlamağa, ünsiyyət qurmağa çalışırıq. Azərbaycana qayıtmağımla bağlı hələlik nəsə demək mənə çox çətindir. Bakıda olan zaman özümü yaxşı hiss edirəm. İşim və məişət məsələləri ilə əlaqədar olaraq geri qayıtmalı oluram. Bir faktı da qeyd edim ki, bu gün Bakıda klassik gitara ifaçılığı çox zəif inkişaf edib. Məktəblərdə də klassik gitara üzrə dərslər tədris olunmur.

- Son günlər Ermənistan-Azərbaycan təmas xəttində gərginlik yaşandı. Xeyli şəhidimiz oldu. Torpaqlarımızın bəzi hisssini düşməndən xilas etdik. Bir azərbaycanlı kimi bu barədə nə düşünürsünüz? Xarici səfərlərdə olarkən ermənilər tərəfindən hər hansı bir təxribatla üz-üzə gəlirsinizmi?

- Mən siyasətdən uzağam və hansısa bir təxribatlarla rastlaşmamışam. Müharibəni, gərgin münasibətləri ürək ağrısı ilə qəbul edirəm. Musiqi insanları xeyirxah və gözəl işlər görməyə səsləyən beynəlxalq bir dildir. Mən millətindən aslı olmayaraq, insanların səmimiyyətinə inanıram.

- Gələcək planlarınız nədir?

- Yaxın zamanlarda Rusiya, ABŞ, İtaliya, Fransa, Çin, Yaponiyada solo və orkestrın müşayətilə konsertlərim olacaq. Həmişə dahi bəstəkarımız Fikrət Əmirovun Miniatürünü konsert proqramlarıma daxil etməyə çalışıram. Orijinalda əsər fortepiano üçün yazılıb, amma mən onu gitara üçün kifayət qədər yaxşı uyğunlaşdırıb ifa edirəm.

Moskvada, Rusiyanın bir sıra şəhərlərində olan musiqi məktəblərində və muzeylərdə maarifçilik məqsədilə konsertlər keçirirəm, yaradıcılıq görüşlərim, ustad-dərslərim olur.

İndi klassik gitaraya marağın artdığı müşahidə edirilir. Amma klassik gitara akademik musiqi aləti kimi qəbul edilmir. Mən də öz musiqi alətimin təbliğatı ilə məşğul oluram.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti