`Eurovision` geosiyasəti erməniləri çətin vəziyyətə salıb – TƏHLİL

`Eurovision` geosiyasəti erməniləri çətin vəziyyətə salıb – TƏHLİL
  19 May 2016    Oxunub:7568
Builki Avroviziya mahnı müsabiqəsində seçim qaydalarında edilən dəyişiklik və münsiflərin qalibin seçimiylə bağlı səlahiyyətlərinin artırılması prosesin şəffaflığına kölgə salmaqla yanaşı, müsabiqə təşkilatçılarının siyasi məqsədlər güdməsi barədə səslənən ehtimallara inamı artırdı.

Üstəgəl, Rusiya ilə Qərbin Ukrayna uğrunda qarşıdurması səbəbindən yaranmış qlobal siyasi gərginlik fonunda məhz Kiyev təmsilçisinin qələbəsi Avropanın Moskva ilə apardığ mübarizədə Avroviziyadan da bir alət kimi istifadə etdiyinin göstəricisidir.

Avroviziyada qələbə qazanan müğənni Camalanı bu mənada siyasi, hətta geosiyasi fiqur kimi əvəzolunmaz adlandırmaq olar. Camalanın özündə birləşdirdiyi milli, irqi, etnik, tarixi, bioloji və s. xüsusiyyətləri ondan Avroviziya qalibi kimi Rusiyaya zərbə endirmək baxımından istifadə üçün əvəzolunmaz edir. Sual olunur: necə?

Bu məsələyə bir neçə kontekstdən yanaşmaq olar.

Məsələnin hər kəsə aydın olan tərəfi odur ki, Camala Krım yarımadasının aborigen sakinləri olan Krım tatarlarının Rusiyanın yarımadanı ilhaq etməsinə etiraz simvolikası kimi qəbul olunur və Camalanın məhz Ukraynanın nümayəndəsi kimi müsabiqəyə qatılması Krım tatarlarının Kiyevin tabeliyini istəməsinin göstəricisidir.

Bu yerdə təbii olaraq, məntiqli bir sual ortaya çıxır ki, Krım hər bir halda hansısa dövlətin tərkib hissəsi olacaqsa və müstəqillikdən söhbət belə getmirsə, tatarların Moskvaya qarşı çıxmasının səbəbi nədir?

Bu yerdə Krım tatarlarına qarşı soyqırıma həsr olunmuş “1944” mahnısı bu suala şüuraltı cavab verir ki, “Ruslar vaxtilə tatarları sürgün edib, buna görə rusların tabeliyində yaşamaqdansa Avropaya inteqrasiya edən ukraynalıların tabeliyi daha yaxşıdır”.
“1944” mahnısının Rusiya dövlətinin insanlara qarşı qəddarlığının təbliğinə hesablandığını desək, yanılmarıq. Mahiyyət etibarilə isə, imperiya daxilində xalqların bir yerdən başqa yerə köçürülməsi (sürgünü) dövlətin bütövlüyünü təmin edən assimilyasiya siyasətinin bir növüdür və zaman-zaman bütün imperiyalar bu siyasətə əl atıb.



Beləliklə, bu şüuraltı təsir mexanizmlərini özündə birləşdirən Camala və onun “1944” mahnısının dünyanın yarısında izlənilən “Avroviziya” müsabiqəsində yer alması, hətta birinci olması həm Avropa ictimai rəyi, həm də Rusiya ictimai rəyinə təsir məqsədi daşıyır.

Bu halda Avropa özü üçün yaratdığı şəffav və obyektiv imicindən faktiki olaraq öz maraqları üçün istifadə etmiş olur. Belə ki, “Avroviziya” müsabiqəsinin seçimində qeyri-şəffavlığa yol verilməsi barədə söz-söhbətlərin gəzməsinə baxmayaraq, sıravi avropalı özlərinin demokratik dəyərlərinin pozulmaz olduğuna əmindir və hətta Camalanın (yaxud başqa bir şəxsin, fərqi yoxdur) seçilməsi onun ürəyincə olmasa belə, bu seçimi Avropa ictimai rəyinin inikası kimi qəbul edir və bu rəylə hesablaşır. Təbii ki, bu seçimlə razılaşanlar da olur və nəticədə Avropa ictimai rəyində anti-Rusiya əhval-ruhiyyəsi gücləndirilir. Mənfi ictimai rəy isə biznes əlaqələrindən tutmuş, kapital axını, ticari tərəfdaşlıq və s əlaqələri donduran faktordur.

Digər tərəfdən, sıravi Rusiya vətəndaşı bu seçimlə razılaşsa da, razılaşmasa da, Avropanın şəffaflığında şübhə etmədiyi üçün seçimi Avropa ictimai rəyinin təzahürü kimi görür və bununla barışmalı olur. Nəticədə Krımı ilhaq etdiyinə görə öz ölkəsinin rəhbərliyinə qarşı daxili bir etiraz hissi yaranır. Rusiyanın tərkib hissəsi olan Tatarıstanda yaşayan tatarların bu mənada etiraz hissi daha yüksək ola bilər. Unutmaq olmaz ki, Rusiyada parlament seçkiləri yaxınlaşır.

Təbii ki, Rusiya Avropa ilə təbliğat mübarizəsində cavab addımları atır və bundan sonra da atacaq. Məsələn, təsadüfi deyil ki, Krım hakimiyyəti Camalaya Rusiya vətəndaşlığını qəbul etməyi və öz ata-baba yurduna köçməyi təklif ediblər. Gələn il Ukraynada keçiriləcək “Avroviziya” yarışmasında Rusiya adından Moskvanın hakimiyyətini qəbul edən Krım tatarı olan müğənnini iştirakçı qismində görsək, heç də təəccüblənməməliyik.

Məsələnin digər diqqətçəkən məqamı Camalanın anasının erməni – özü də Qarabağ ermənisi olmasıdır. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Camalanın seçimi heç də təsadüfi sayıla bilməz və lazımi tarixi anda irəli sürülən çox uğurlu siyasi-təbliğati kombinasiyadır. Xatırlatmaq yerinə düşər ki, Camala 2011-ci ildə də, “Avroviziya”da iştirak etmək üçün müsabiqəyə qatılmış, lakin uğur əldə edə bilməmişdi.

Camalanın öz erməni şəcərəsi haqqında geniş məlumat verməsi, onu caz musuqisinə həvəsləndirən Qarabağ ermənisi olan musiqiçi Gennadi Ascaturyandan bəhs etməsi, sosial şəbəkələrdə Ermənistandakı şəkillərini paylaşması, mahnının ifası zamanı ermənilərin özlərinin qədim musiqi aləti kimi təqdim etdikləri tütəkdə erməni Armen Kostandyanın çalması, “1944” mahnısının həmin ildə sürgün olunmuş tatarlarla bərabər ermənilərə də həsr olunduğunu bildirməsi, əlbəttə ki, məqsədyönlü siyasi planın tərkib hissəsidir.

Burada Avropanın güddüyü məqsəd, Ermənistan ictimayyətində güclənməkdə olan rusofob əhval-ruhiyyəni daha da artırmaq, Krımda Rusiyanın əsas dayağı olan erməni icmasının Moskvaya qarşı çıxmasına nail olmaqdır.

Ancaq burada Ermənistan rəhbərliyinin narahatçılığına, hətta qorxuya düşməsinə səbəb yaradan bir amil də var. Camalanın yarısının erməni olmasına baxmayaraq, erməni ictimayyətinin bununla bağlı qürur dolu bəyanatlarla çıxış etməməsi, Ermənistan televiziyasında Camalanın çıxışının kəsilməsi və ermənilərin ümumiyyətlə, Ukraynaya səs verməməsi bu narahatçılığın təzahürüdür.

Söhbət ondan gedir ki, dördgünlük müharibədən sonra fəal olaraq Rusiyanı öz tərəfinə çəkməyə çalışan Ermənistan rəhbərliyinin Putinin etimadını tamamilə itirməsi təhlükəsi yarna bilər. Anası Qarabağ ermənisi olan Camalanın “Avroviziya” səhnəsində Putinin düşmənləri ilə əlbir olub, ona qarşı kampaniyaya qoşulması Kremldə Qarabağ ermənilərinin sədaqətinə şübhə ilə yanaşanların sayını artıracaq.

Nəzərə almaq lazımdır ki, Qarabağı işğal etmiş yerli Qarabağ klanı Ermənistanda da hakimiyyəti ələ keçirməklə bu ölkəni münaqişənin əsirinə çevirib. Təbii ki, Koçaryan-Sarqsyan klanını bu “siyasi uğuru” Kremldən uzanan əllərin köməyi olmadan həyata keçirə bilməzdi.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti