Berlinin `soyqırımı` oyununun gizli məqsədləri – TƏHLİL

Berlinin `soyqırımı` oyununun gizli məqsədləri – TƏHLİL
  03 İyun 2016    Oxunub:21047
Rejissor Vaqif Mustafayevin “Yaramaz” filminə baxanlar xatırlayar ki, filmin qəhrəmanı Hətəmi işdən çıxarmaq istəyən zavod direktoru müəssisənin həmkarlar təşkilatının rəhbərinə bunu həmkarların qərarı ilə etməyi tapşırır.

Həmkarlar yekdilliklə Hətəmin işdən çıxarılmasının lehinə səs versələr də, iclasda iştirak edən direktorun özü bu qərarın əleyhinə səs verir. Sonra sual dolu baxışlarla ona baxan Hətəmə şəhadət barmağını boğazına çəkərək bildirir ki, “Bu demokratiya bizi boğaza yığıb”.

Almaniya Bundestaqında kansler Angela Merkelin partiyasının yeganə nümayəndəsinin erməni “soyqırımı” ilə bağlı qanun layihəsinə qarşı çıxması təxminən bu situasiyanı xatırladır. Ankara ilə münasibətinin pozulmasını istəməyən Merkel, yəqin ki, Ərdoğana parlamentin öhdəsindən gələ bilmədiyini deyəcək.

Əslində nə baş verir və Türkiyənin tarixi müttəfiqi, hazırda Avropanın digər paytaxtları ilə müqayisədə Ankara ilə daha dərin siyasi-iqtisadi münasibətləri olan Berlinin erməni “soyqırımı” barədə qanun layihəsinə yaşıl işıq yandırmasının səbəbi nədir?

Almaniya parlamentinin erməni “soyqırımı” ilə bağlı qanun layihəsinin qəbulu Qərbin əsas paytaxtları – Vaşinqton, London, Paris və Berlin arasında razılaşdırılmış geosiyasi qərardan xəbər verir. Bu addım əslində Qərbin Rusiyadan incik düşmüş və Moskvanı Avropaya inteqrasiya ilə hədələyən Ermənistana qucaq açmasıdır.

Baş rolun Berlinə ayrılması da təsadüfi deyil. Ermənistan-Azərbaycan cəbhə bölgəsində aprel ayının əvvəlindəki döyüşlərdən dərhal sonra Ermənistan prezidenti Serj Sarqsyanın Berlinə yollanması və Angela Merkellə görüşməsini xatırlayaq. Həmçinin I Avropa Oyunları ərəfəsində Almaniya mətbuatının Azərbaycanın kəskin tənqid etməsinin Yerevanın inamını qazanmağa hesablandığını da demək olar.

Aprel döyüşlərindən sonra Ermənistan gördü ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunmuş ATƏT-in Minsk qrupunun bütün üzvləri – Rusiya, ABŞ və Fransa Azərbaycanın mövqeyini dəstəkləyir. İranın gözləniləməz susqunluğu, Türkiyənin isə ənənəvi dəstəyi Ermənistanı çıxılmaz vəziyyətə saldı. Təbii ki, bu, Azərbaycanın uzun illərdən bəri apardığı siyasətin ilkin uğurları idi. Lakin Qərb Rusiyadan incik düşmüş Ermənistanı nəzarətsiz qoya bilməzdi və bu dövlətin Moskvanın nəzarətindən çıxmasına şərait yaratmalı idi.



Bunun üçün Böyük Britaniya uyğun gəlmirdi, çünki Azərbaycanla Britaniya arasında tarixi ilişkilər və hazırki neft müqavilələri imkan vermir. Fransada güclü erməni icması olmasına baxmayaraq, Paris də hazırkı məqamda Yerevana qucaq aça bilməzdi. Çünki, sələfi Nikolya Sarkozidən fərqli olaraq, prezident Fransua Olland ölkəsinin Yaxın Şərqdə mövqe əldə etməsi üçün Türkiyəni “soyqırım”ı tanımaqla hədələmək yerinə əməkdaşlıq yolunu seçdi.

Məlum həqiqətdir ki, Səudiyyə Ərəbistanı ilə Türkiyə Bəşər Əsədlə mübarizədə Fransa ilə həmrəydir və bu məqsədlə səudiyyəlilər məhz fransız silahını almağa üstünlük verirlər. Həm də, Fransa Minsk qrupunun həmsədridir və Ermənistanı dəstəkləməklə sülh prosesinə mane ola bilər.

Belə olan halda Ermənistanı Rusiyadan qoparmaq üçün Almaniyadan başqa seçim qalmır. Berlin investisiya vədləri və iqtisadi layihələrlə Yerevanı özünə cəlb edə bilər.

Miqrant probleminə gəldikdə isə, Fransa və Böyük Britaniya kəskin etiraz etdikləri halda, Almaniya kansleri Angela Merkel Avropa sərhədlərinin miqrantların üzünə açıq saxlanılmasının tərəfdarı kimi çıxış edirdi. Eyni zamanda, Türkiyə ilə Avropa Birliyi arasında miqrantların saxlanılması barədə müqavilə imzalandığı üçün Ankara bu problemdən Berlinə qarşı təzyiq vasitəsi kimi istifadə edə bilməz.

Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə növbəti görüşdə Yerevana işğal altında saxladığı torpaqları geri qaytarması ilə bağlı Rusiyanın təzyiqləri artacaq. Üstəgəl, Rusiya prezidenti Vladimir Putinin Türkiyə ilə münasibətlərin bərpa olunacağına işarə edən çıxışlarla gündəmə gəlməsi Yerevanın Qərbə üz tutmasını sürətləndirəcək. Bundestaqın bu qərarı Ermənistanı həmin addıma stimullaşdırmağa hesablanıb. Ancaq hələ qərarın qüvvəyə minməsi anlamına gəlmir. Çünki Bundestaqın yuxarı palatasının qanun layihəsini təsdiq etməsi tələb olunur. Əgər Ermənistan Rusiyadan üz döndərmək yolunda qətiyyət nümayiş etdirsə, yəqin ki, Bundestat da buna müsbət qarşılıq verəcək.

Ərdoğan hökuməti Bundestaqın qərarına kəskin etiraz etsə də, Berlinin bu addımının əvvəlcədən Türkiyə ilə razılaşdırıldığını da istisna etməməliyik. Çünki Rusiyanın iqtisadi təsirindən çıxacaq Ermənistanın Almaniyanın təsirındə saxlanılması Türkiyəninin iştirakı olmadan baş tuta bilməz.

Ən acınacaqlı vəziyyətə isə Ermənistanda hakimiyyətdə olan Serj Sarqsyan hökuməti düşəcək. Çünki Kremlə qarşı çıxmaq Sarqsyan üçün siyasi ölümə bərabərdir və güman ki, Rusiya Yerevanda siyasi çevriliş variantına əl ata bilər. Odur ki, Sarqsiyanın qətiyyət göstərəcəyinə inam azdır, buna görə də “soyqırım” haqqında sənədin qüvvəyə minməyəcəyini demək mümkündür. Sarqsyan, sadəcə olaraq, bundan aprel müharibəsilə zəifləmiş daxili siyasi nüfuzunu artırmaq və danışıqlarda Rusiyanın mövqeyinə təsir göstərmək üçün istifadə edəcək.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti