Türkiyəli general Hərbi Prokurorluqda olub

Türkiyəli general Hərbi Prokurorluqda olub
  03 İyun 2016    Oxunub:1483
İyunun 3-də Azərbaycan Respublikası baş prokurorunun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin hüquq məsələləri üzrə köməkçisi, general-mayor Hayrettin Kaldırımcının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, X.Vəliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də uğurla inkişaf etdiyini vurğulayıb. Hərbi prokuror bu əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini diqqətə çatdırıb, Ulu Öndərimizin “bir millət, iki dövlət” kəlamını xatırladıb. Həmçinin dövlətlərimiz arasında strateji münasibətlərin mövcudluğu və bunun məntiqi nəticəsi kimi, xalqlarımızın bütün məsələlərdə bir-birinə hərtərəfli dəstək verməsi xüsusi qeyd edilib.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üçün dövlət səviyyəsində görülən tədbirlər, prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun fəaliyyətini tənzimləyən hüquqi bazanın yaradılması, bu qurumun tarixi, strukturu, fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verilib.

Görüşdə Azərbaycanın işğal olunan ərazilərində aprelin əvvəllərində erməni hərbi birləşmələrinin Silahlı Qüvvələrimizin cəbhəboyu mövqelərini artilleriya qurğularından kimyəvi tərkibli mərmilərdən istifadə edərək intensiv atəşə tutmaqla beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı törətdiyi cinayətlər, həmçinin hərbçilərimizin yüksək döyüş hazırlığı sayəsində erməni təxribatının qarşısının qətiyyətlə alınması qonaqların diqqətinə çatdırılıb.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün olduğu, əsir düsmüş şəxslərə işgəncə verilməsi, terror və erməni silahlı qüvvələrinin digər cinayət əməlləri nəticəsində azərbaycanlıların soyqırıma məruz qaldığı, törədilmiş bu ağır cinayətlərin istintaqının Hərbi Prokurorluq tərəfindən aparıldığı qeyd olunub.

Respublika Hərbi Prokurorluğunun Təşkilat-Analitik şöbəsinin rəisi, ədliyyə polkovniki Toğrul Hüseynov, Dövlət İttihamının müdafiəsi üzrə şöbənin rəisi, ədliyyə polkovniki Aydın Ələsgərov və Azərbaycan Respublikası hərbi prokurorunun köməkçisi, ədliyyə polkovniki Səfər Əhmədov ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, hərbi cinayətlər və terrorizmə qarşı mübarizə ilə bağlı qonaqlara ətraflı məlumat veriblər.

Nümayəndə heyətinin rəhbəri, general-mayor Hayrettin Kaldırımcı Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. O, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını, dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, eləcə də hərbi əməkdaşlıq və hüquq mühafizə orqanları sahəsində də uğurla inkişaf etdiyini xüsusi vurğulayıb. Nümayəndə heyətinin rəhbəri Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən tədbirlərdən məmnunluğunu ifadə edib. Qonaq Türkiyənin Silahlı Qüvvələrində hərbi-hüquq qaydaları və məhkəmə sistemi barədə məlumat verərək islahatların aparıldığını bildirib, təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini söyləyib. O, bu münasibətlərin daha da genişlənməsi üçün səylərin artırılmasının vacibliyini qeyd edib.

Sonra türkiyəli qonaqlar Respublika Hərbi Prokurorluğunun inzibati binasında yaradılan şəraitlə tanış olub, buradakı Memorial Soyqırımı Muzeyini ziyarət ediblər. Hayrettin Kaldırımcı muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

AzVision.az


Teqlər:






Xəbər lenti