`Ermənilər gürcü qadınlarının başını balta ilə kəsdilər...` – ARAŞDIRMA

`Ermənilər gürcü qadınlarının başını balta ilə kəsdilər...` – ARAŞDIRMA
  04 İyun 2016    Oxunub:21707
Şahid German Beseliya: “Bir çox insan öz evini tərk etmək istəmirdi. Bəziləri yataq xəstəsi idi. Erməni qrupu Merxeuli kəndinə daxil oldu. Gürcü əhalisinə atəş açmağa başladıqları zaman, mənim qonşum bir ot tayasının arasında gizlənməyi bacardı. Ermənilər bunu hiss etdi, tayanı sıx iplə bağladılar, odu qaladılar və uzaqdan izlədilər. Gözlərimin qarşısında bütün kəndin yaşlı qadınlarının başını balta ilə kəsdilər... Onlar gürcülərlə qəddarcasına rəftar etdilər”.

...Yalnız onun kəndində ermənilər 67 nəfər gürcünü öldürüb. Ətraf kəndlərin və strateji əhəmiyyətli bölgələrin xüsusi vəhşiliklə tutulmasından sonra, Suxuminin ələ keçirilməsi seperatçı qüvələrin əsas hədəfinə çevrildi. Həqiqətən, 1992-ci ilin sonu, 93-cü ilin əvvəllərində Suxumi Abxaziya müharibəsinin taleyini həll edən ən əsas amillərdən biri idi. Gürcü ordusunun Qumist çayı üzərində möhkəmlənməsi isə, faktiki olaraq Abxaziya bölgəsini iki hissəyə bölürdü. Bölgənin qərbinə seperatçılar, şərq hissəsinə isə gürcülər (Ocamcir rayonunda boyuk anklav istisna olmaqla) nəzarət edirdi.

Ümumiyyətlə, Suxuminin siyasi və hərbi-strateji baxımdan saxlanılması Gürcüstan höküməti üçün uğursuzluqla nəticələndi. Gürcü ordusu Suxumi dağı üzərindəki Ağbyuk, Yaştux, Birçxa və Apianda yüksəkliklərinə arxalanaraq, Qumist çayının sol sahilinə nəzarət edirdi. Seperatçı qüvvələrin 1992-ci il noyabr və 1993-cü ilin yanvarında gürcülərin müdafiəsini yarmaq cəhdlərinin hər ikisi isə uğursuzluqla başa çatdı.

Nəticədə, 1993-cü ilin mart ayında seperatçı qüvvələr üçüncü, əvvəlkinə nisbətən daha geniş hücum əməliyyatı üzərində işləməyə başladı. Martın 15-də başlayan əməliyyat 4 gün davam etdi. Seperatçı qüvvələr iki böyük- Yuxarı və Aşağı adlı- avtomobil körpüsü ilə əhatə olunan çayı keçərək Suxumi ətrafına daxil olmaq və Qaqrada olduğu kimi gürcü ordusunu şəhərdən çıxarmaq istəyirdi. Kodor çayı istisna olmaqla, gürcü ordusunun düşmənin qarşısını almağa və möhkəmlənməsi üçün Qumist şəhərindən qərbdə heç bir su sərhədi yox idi. Bu isə, paytaxt uğrunda mübarizənin bütünlükdə müharibənin nəticəsindən asılı olduğunun göstərirdi.

Araşdırmalara görə, 15-16 mart döyüşlərinə ilkin olaraq Əfqanıstanda Sovet ordu kontingenti tərkibində döyüş təcrübəsi toplayan Levon Daşyanın komandanlığı altında birləşmiş bölmə cəlb edilib. İlk qarşıdurma erməni kilsəsinin qarşısında meydana gəlib. Bölməyə Qumist çayı üzərində strateji və yaxşı möhkəmləndirilən körpünü götürmək tapşırılıb. Hazırda Levon Daşyan erməni batalyonunun ehtiyat hissələrinin birində komandir olaraq xidmət edir.

“15-16 martda, bizdən yalnız hücum briqadasının tərkibində olan hücumçu bölmə Yuxarı Eşer istiqamətində fəaliyyət göstərirdi. Başda Levon Daşyan olmaqla 53 nəfərdən ibarət idilər. Yaxşı döyüşürdülər. Bu bizim ilk qaranquş döyüşümüz idi ki, erməni bölməsi özünü tam şəkildə göstərə bildi.” — deyə Baqramyan batalyon komandiri Vağarşak Kosyan bildirir.



Belə ki, abxazlar əməliyyat zamanı komandanlığında olan bütün qüvvələri fəallaşdırıb. Hücumda Rusiyaya məxsus hərbi hissələr, Baqramyan batalyonu, Adıgey batalyonu, Konfedrasiya dəstələri, Dnestryanı və kazak batalyonu da iştirak edib. Ermənilər birinci piyada batalyonu, ikinci motoatıcı piyada batalyonu, Qantiat, Suxum, Eşer-Afon, Pitsunt və Qaqra bölmələri tərkbində də separatçılarla birgə döyüşüb. Əməliyyat birləşmiş qüvələrin biabırçı məğlubiyyəti ilə sona çatıb. Yalnız abxaz tərəfi 1000 nəfər itgi verib. Baqramyan batalyonu və Konfedrasiyaya da böyük ziyan dəyib.

Beləliklə, seperatçıların 1993-cü ilin martında təşkil etdikləri əməliyyat uğursuzluqla nəticələndi. Mart əməliyyatı zamanı kifayət qədər döyüş təcrübəsinin olmaması özünü açıq-aşkar büruzə verdi. Belə ki, müharibəyə bir ay qalmış gürcülərin tikdiyi müdafiə istehkamları çox güclü möhkəmləndirildi. Nəticədə seperatçıların bir çoxu zərərsizləşdirildi, bəziləri isə əsir düşdü. Erməni döyüşçülərinin ən çox nəzərə çarpan itgisi onların daha çox olduğu Afon-Eşer batalyonunda baş verdi.

Vağarşak Kosyan batalyonun itgilərini bu şəkildə etiraf edir: “Mən yenə təkrar edirəm ki, fəaliyyət ahəngi olmadığına görə hücum istəyi baş tutmadı.Mart ayında biz texniki olaraq çox hazırlıqlı idik və yaxşı silahlanmışdıq. Amma bölmələr isə, necə gəldi, kimisi meşəyə, kimisi də odun üzərinə hərəkət edirdi... Hərəkətlər düzənli,cihanlar işlək halda deyildi. Qarşılıqlı əlaqələr qurulmamışdı. Əgər qurulsaydı o zaman mən gürcülərin vəziyyətinə paxıllıq etməzdim... Bəli! İtkilər acı idi. Bütün briqadada 300-dən çox insan itirdik , çoxlu yaralılar vardı...”

Faktiki olaraq, Suxumi üzərinə hücumun başlandığı zamana qədər, Baqramyan batalyonu formalaşma mərhələsində olub. Ermənilər ayrı-ayrı seperatçı dəstələrin tərkibində döyüşüblər. Amma, ümumilikdə Qumist cəbhəsinin mərkəzi hissəsi ilə Yuxarı və Aşağı körpülər arasında çoxlu erməni döyüşçüləri fəaliyyət göstərib. Daha sonra, 1993- cü ilin mart ayından etibarən bu bölgə iki- Baqramyan və Suxuminin 2-ci motoatıcı (komandir Sergey Matosyan) batalyonuna həvalə edilib.
Kosyanın verdiyi bəyanata baxmayaraq, erməni batalyonunu yeni qüvvələrlə doldurmaq lazım idi. Krunk və Maştots təşkilatları erməni batalyonunun şəxsi heyətini Qarabağdan göndərilən ermənilərlə bərpa etməyə çalışırdı. Nəticədə, Ermənistan batalyona Qarabağda aparılan əməliyyatlarda seçilən yeni döyüşçülər göndərir. Ermənilər batalyonun yenidən hazırlanmasında professional hərbçilər, o cümlədən müqaviləli döyüşçülərdən də istifadə ediblər. Muzdlu professional rus təlimatçılarının cəlb edilməsi ilə, batalyonda döyüşçülərin yenidən hazırlanmasına başlanıb. Beləliklə, araşdırmalara görə, seperatçı qüvvələrin silahlı birləşmələri sıralarında döyüşən ermənilərin təxmini sayı 1500-ü keçir.

“Mən müxtəlif bölmələri bir-birindən ayırmaq və onları müzakirə etmək istəmirəm. Ayrıca Baqramyan adına olan motoatıcı batalyon Abxaziya silahlı qüvvələrinin əsas hissəsi olub. Nizam-intizama gəldikdə isə, gülməlidi nəsə demək. Burada, Qarabağ numayəndələri nizam-intizamın yararsız olduğunu bildirdilər. Bəli ola bilər ki, bütün ordularla müqayisədə biz fərqlənirdik, amma onun amansız və sərtliyindən danışmaq mənə çətindir. Müharibə bunu tələb edir!”
Batalyon tərkibində nizam intizamla bağlı məsələyə aydınlıq gətirməyə çalışan Vağarşak Kosyan əslində Qarabağdan göndərilən döyüşçülərin təlimatçılıqla məşğul olmasını etiraf edir.

Şahid Beraya Liya Qurqenovqanın sözləri isə, batalyonun əslində hansı intizama sahib olduğunu göstərir: “Ümumiyyətlə ermənilər özlərini abxazlardan daha qəddar aparırdılar. Gürcü əmlakını bölüşdürərkən onlar hətta bir-birinə hücum edirdilər…”

Araşdırmalara görə, mart əməliyyatları zamanı erməni batalyonunda 450-500 nəfər olub. Komplektləşmədən sonra, getdikcə böyük hərbi birləşməyə çevrilən Baqramyan müharibənin ikinci yarısında seperatçı rejimin ordusunda kabardinləri, kazakları, hətta çeçenləri qabaqlayaraq sayca ikinci qrupu təşkil edə bilib. Müharibənin axırlarına yaxın isə, Gevork Makaryanın başçılığı altında ikinci erməni Baqramyan batalyonu da (təxminən 160 nəfərlik) formalaşmağa başlayıb. Nəticədə, ermənilərin sayının durmadan artması seperatçı qüvvələr tərkibində açıq- aşkar üstünlüyə çevrilib.



Mart döyüşündəki uğursuzluğa baxmayaraq, seperatçılar iyul ayında əməliyyata başladılar. Belə ki, 1993-cü ilin iyulun 2-də Suxumiyə başlayan bu hücum artıq 4-cü belə əməliyyat idi. Bu dəfə seperatçı komandanlıq şəhərin ələ keçirilmə planını mərhələli şəkildə hazırladı: Qumist çayının şərq sahillərinin mühüm strateji yüksəkliklərinin tutulması, şəhərdən şimalda tramplin yaradılması və ancaq bundan sonra bölgənin siyasi mərkəzinə hücum həyata keçirmək. Əməliyyat seperatçılar üçün uğurlu olsa da, iyul döyüşləri müharibə dövründə ən amansız döyüşlər kimi yadda qalıb.

“...Mart əməliyyatından sonra bizim uşaqlar özlərini göstərə bildilər, onların mövqelərindən keçərkən daşı daş üstündə qoymamışdılar...” — deyə Vağarşak Kosyan bildirir.

Araşdırmalara görə, ermənilər bu döyüşlər zamanı strateji yüksəkliklərin ələ keçirilməsində mühüm rol oynayıblar. Müasir müharibə qaydalarına uyğun, dağ yamacları minalarla döşənən Çukurovka yüksəkliyi erməni batalyonun 3-cü rota komandiri Qalust Trapizonyan tərəfindən tutulub. Çukurovkanın işğal edilməsi abxazlara Ağbyuk dağının əsas hündürlüklərinə nəzarət etmək imkanını da verib.

27 iyul 1993-cu ildə Soçidə Gürcüstanın ordusunun Abxaziyadan çıxarılması haqqında razılaşma imzalanır. Seperatçılar, bölgənin şərq hissəsinin yerli sakinlərdən formalaşan gürcü dəstələrinin- faktiki olaraq Gürcüstanın mülki nəzarəti altına- nəzarəti altına verilməsini, bu razılaşma çərçivəsində ən ciddi güzəşt olaraq qəbul edirdi. Lakin, Gürcüstana məxsus hərbi texnikanın xeyli hissəsinin və əsgərlərinin bölgədə qalmasını, o cümlədən gürcülərin bir neçə dəfə qoşunların çıxarılma qrafikasını pozması kimi məlumatları bəhanə edən abxazlar 1993-cu ilin sentyabrın 16-da atəşkəsi pozaraq döyüş əməliyyatalarına başladı.

Suxumiyə hücum zamanı yenə də erməni batalyonu separatçılarının ən amansız bölmələrindən biri olaraq qəbul edilirdi. Hücumdan öncə erməni batalyonu xaricdə yaşayan ermənilərdən böyük dəstək alır. Erməni diasporu Baqramyan batalyonunu ən son silahlarla təchiz edir. Hər iki erməni batalyonu son, iki həftəlik Suxumi uğrunda baş verən döyüşdə yenidən aktiv şəkildə iştirak edir. Bu dəfə seperatçı birləşmələr həm Qumist çayı üzərindəki körpüdən keçərək, həm də atəşkəs zamanı abxazların nəzarətində olan yüksəklikləri keçərək şəhərə daxil olur. Erməni batalyonunun bir bölməsi körpünü keçir, digər ikisi isə erməni kəndi olan Yaştuxa istiqamətində dağlardan enməyə başlayır.



1993-cü il sentyabrın 24-də seperatçı qüvvələr mart hücumu zamanı əsas planlarından biri kimi nəzərdə tutulan vağzala-qovşaq hissəyə çıxır. Nəticədə, şəhər daxilndə küçə döyüşləri başlayır. 25-27 sentyabrda erməni bölmələri birləşərək şəhərin daha dərinliklərinə, Yaştuxa kəndinə və kənar kəndlərə, o cümlədən Canba küçəsindən Besletka çayı boyunca irəlləyir. Araşdırmalara görə, bu döyüş zamanı ermənilərə ruslar və kabardinlərdən ibarət döyüşçülər də kömək edib. Vağarşak Kosyanın verdiyi məlumatlarda da bunu sübut edir:

“Bizdə ruslar 15 nəfər idi. Onlardan yeddi-səkkiz nəfəri həlak oldu. İnsanlar narahat idi. Rus uşaqları yaxşı döyüşçü idilər, amma cığallıq etməyi sevirdilər... Bir dəfə onları bir az yuxularını alsınlar deyə güclə qaranlıq yerə aparmalı olduq... Nazirlər Sovetini ələ keçirəndə bizə Kabardin dəstəsi 32 kabardinli verdi. Uşaqlar çox ləyaqətlə döyüşürdülər”

Belə ki, sentyabrın 27-də Baqramyan batalyonu Abxaziyanın Nazirlər Sovetini ələ keçirmək üçün əməliyyata başladı. Ermənilərin birinci dəfə Suxuminin hakimiyyət simvolu hesab edilən binaya çıxması onların müharibə dövründə seperatçı qüvvələr daxilində prestijinin daha da artmasına səbəb oldu. Burada erməni döyüşçüləri 25 nəfəri əsir götürdü. Nazirlər Sovetini yandırılmasından sonra, gürcü ordusu Suxumidə müqavimət göstərməyi dayandırdı. 27 sentyabr axşamı erməni batalyonu qərargahına seperatçı qüvvələrin briqada komandiri Vitali Smır gələrək Nazirlər Sovetinin ələ keçirilməsinə görə batalyonu təbrik etdi.

Şəhərin ələ keçirilməsinindən sonra, erməni batalyonu, sivil gürcülərə qarşı qəddarlğa başladı. Hücum zamanı atəşkəsə ümid edərək şəhərdə qalan çoxsaylı gürcü əhalisinin rusvayçılıqla zorlanması və talan edilməsi halları kütləvi xarakter aldı. Kişilər, qadınlar, uşaqlar yollarda, mənzillərində, meydançalarda və küçələrdə öldürüldü. Şahidlərin sözlərinə görə, bir çox insan işgəncəyə məruz qaldı, valideynlərin gözləri önündə uşaqlar, ailə üzvləri öldürüldü , bəziləri isə qaçmaq məcburiyyətində qaldı. Qaçqınlar, insanların qarınlarını yırtılması, yandırılması, hətta diri ikən parçalanmasını xatırlayır:

“Abxazlar mənim evimə daxil olduqları zaman, kənarda məni və yeddi yaşlı oğlumu tutdular. Bizi dizi üstə çökməyə məcbur etdikdən sonra, onlar oğlumu götürüb düz mənim gözlərimin qarşısında vurdular. Sonra onlar mənim saçımdan tutub və yaxınlıqdakı quyuya apardılar. Abxaz əsgər məni həmin quyuya, aşağı baxmağa məcbur etdi; orada mən üç gənc adam və yaşlı qadın gördüm. Onlar suda çılpaq şəkildə islanmış halda durmuşdular. Onlar qışqırır və ağlayırdılar. Abxazlar onların üzərinə ölmüş cəsədlər atırdı. Bundan sonra, onlar oraya bir qumbara atdı və içəridə daha çox insan öldü. Mən yenidən ölmüş cəsədlərin qarşısında dizi üstə durmaq məcburiyyətində qaldım. Əsgərlərdən biri öz bıçağını götürüb mənim yanımdakı ölünün bir gözünü çıxardı. Sonra o, mənim dodaqlarımla üzümü ovuşdurmağa başladı və həmin gözü başsız qoydu. Mən artıq bacarmadım və huşumu itirdim. Onlar bir qalaq cəsədlə orada məni tərk etdi”,- deyə gürcü şahid bildirir.

1994-cü ildə ABŞ Dövlət Departamenti Ölkə Hesabatları da kütləvi insan hüquqlarının pozulmasını bu şəkildə təsvir edib: “Separatçı qüvvələr (ermənilər) gürcü dinc əhalisinə qarşı geniş vəhşiliklər törədib, bir çox qadınlar, uşaqlar və yaşlılar qətlə yetirilib, digərləri girov götürülüb və işgəncə verilib... Onlar abxazların ələ keçirdiyi ərazilərin gerisində qalan çoxlu sayda gürcü sivillərini öldürüb...”

ABŞ Dövlət Departamentinin mövcud dəlillərini “Human Rights Watch” təşkilatının nəticələri də təstiqləyir:“Digər millətlərin də əziyyət çəkməsinə baxmayaraq, separatçılar əsasən gürcü əhaliyə qarşı terror başlatdı. Komissiyada vəhşiliklər barədə Rusiya federasiyasından çeçenlərin və digər Şimal Qafqazlıların, Ermənilərin yerli Abxaz qoşunlarının qatılması bildirilir. Onların Abxaziyanı tərk edən vətəndaşların yaşını və ya cinsini nəzərə almadan öldürməsi, vəhşilikləri son dərəcədə inandırıcıdır. Abxazların ələ keçirdiyi ərazilərdən çıxarılan cəsədlərdə geniş işgəncə əlamətləri görsənirdi.”

Şahin QOCAYEV
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti