Siyasətin gen problemi

Siyasətin gen problemi
  07 İyun 2016    Oxunub:9624
Vüsal Məmmədov

Dövlət də model olaraq bir ailədir; hər bir ailədə narazılıq da ola bilər, dava-dalaş da; amma kənarda sənin ailəni pisləsələr, nə deyəcəksən? `Hə, siz deyəndir, bizim ailəmiz də pisdir, onun böyüyü də`,- deyib, söyənlərəmi qoşulacaqsan? Onda sən özün kim olursan? Pis ailənin zay övladı!


Vətəni sevmək siyasi mövqe deyil. Bu, qürur, şəxsiyyət, mənlik məsələsidir. Tutaq ki, bir ingilisin, almanın, fransızın yanında ölkəni, dövlətini, xalqını pislədin. Bundan sonra bəs sən kimsən - pis dövlətin vətəndaşı, pis xalqın təmsilçisi olmaqdan başqa?!

Azərbaycandan kənarda fərqi yoxdur ki, biz hansı siyasi mövqeni daşıyırıq. Hamınız sadəcə, azərbaycanlıyıq. Öz xalqını və dövlətini pisləyəndə ailəsini pisləyən miskin bir məxluqa dönürük. Çünki orada hamımzın yeganə identifikasiyası var – azərbaycanlı. Azərbaycan pisdirsə, səviyyəsizdirsə, biz də `cool` ola bilmərik.

Normal insan bir əcnəbinin gözündə dövlətini olduğundan da artıq, gözəl, mükəmməl göstərməyə ən azı çalışmalıdır ki, özü də başını dik tuta bilsin. Yoxsa ki, “Mister, bizim ölkəmiz zaydır, insan haqları pozulur, amma mən özüm əla oğlanam!” söhbəti keçmir. Bizə elə baxmayacaqlar. Biz onların gözündə geridə qalmış, pis bir ölkənin miskin, yalaq, nankor bir bioloji fərdi kimi görünəcəyik. Şəxsiyyət yox, hətta insan da yox, məhz bioloji fərd!

Bu ölkədən kənarda bizim Azərbaycandan başqa söykənəcəyimiz, qürur duyacağımız, kimliyimizi təsdiqləyəcəyimiz başqa heç bir istinad nöqtəmiz yoxdur. Dünyanın gözündə Azərbaycan necədirsə, biz də eləyik. Ölkəmiz nə qədər yaxşı görünürsə, biz də xaricdə o qədər dəyərli insanlarıq. Əksi də doğrudur: Azərbaycanı dünyaya nə qədər pis tanıdırıqsa, özümüz də bir o qədər zay, yaramaz, miskin məxluqlar kimi görünəcəyik.

Bir insanın xaricdə öz ölkəsini pisləməyi siyasi yox, pataloji problemdir. Bunu edən adamın ya genində, ya da şüurunda problem var. Ya azərbaycanlı qanı daşımır, ya da şüuru “Əgər ölkəmi pisləyirimsə, onda mən özüm nə oluram, kim oluram” düşünəcək qədər inkişaf etməyib. Üçüncü variant da var: adam sadəcə, nakəs və şəxsiyyətsizdir.

Necə ola bilər ki, ermənilər sənin dövlətini pisləsinlər, sən də onlara qoşulasan?! Bu, siyasi mövqe deyil və ola da bilməz axı! Amma Berlində bir dəstə erməni Azərbaycanın Dövlər Başçısına qarşı guya aksiya keçirməyə cəhd edir və özünü azərbaycanlı kimi qələmə verən Həbib Müntəzirlə Elmir Mirzoyev də “Sərhədsiz reportyorlar” adı ilə gedib onlara qoşulurlar.

Hər şeyi bir qırağa qoyaq. Adam müxalifətçi ola bilər, lap hansısa səbəbdən hakimiyyətə nifrət də edə bilər. Amma erməni ilə eyni vaxtda eyni yerdə aksiya keçirəcək qədərmi? Doğrudanmı görəndə ki, ermənilər sənin dövlətinin rəsmən siması, təmsilçisi olan bir insana qarşı aksiya keçirirlər, bu insanların içindən öz ölkəsini müdafiə etmək istəyi keçmir? Heçmi qanı qaynamır, mənliyi oyanmır, ibarət olduğu yüz trilyon hüceyrənin birində bəlkə də qalan qeyrət qırıqları hərəkətə gəlmir? Yoxsa, hec birində qalmayıb?

Həbib Müntəzir yazıb ki, “Getdim, ermənilərə dedim, Qarabağın bayrağını yığışdırdılar”. Maraqlıdır: ermənilər nə əcəb bir azərbaycanlının sözünə belə asanlıqla qulaq asıblar? Yoxsa, bilirlər ki, bu da onlardandır, hətta onlardan da daha artıq ermənidir və nəsə deyirsə, mütləq Azərbaycanın əleyhinə olacaq. Erməninin Azərbaycan əleyhinə aksiya keçirməsi normal və başa düşüləndir. Bu zaman bir “azərbaycanlı”nın ona qoşulması isə o deməkdir ki, bu, daha artıq ermənidir. Ona görə də, sözünə baxmağa dəyər.


Teqlər:  





Xəbər lenti