3558 tələbə dövlət hesabına xaricdə təhsil alıb

3558 tələbə dövlət hesabına xaricdə təhsil alıb
  09 İyun 2016    Oxunub:1668
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın müvəffəqiyyətlə başa çatmış sonuncu qəbul ilində 373 nəfər tələbənin adı təqaüdçülər siyahısına daxil edilib.
Təhsil Nazirliyindən tədris ilinin yükunları ilə bağlı AzVision.az-a verdiyi məlumata əsasən, 2015-2016-cı tədris ili üzrə müsabiqədə də üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfəri isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb.

Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland Krallığı tələbələrin təhsil almaq üçün ən çox seçdikləri ilk 5 ölkə olub. Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələr Harvard Universiteti, Kembric Universiteti, Oksford Universiteti, London İmperial Kolleci, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Orta Doğu Texniki Universiteti, Toronto Universiteti, Nanyanq Texnologiya Universiteti, Kyoto Universiteti və digər belə yüksək nüfuzlu ali təhsil müəssisələrində təhsil alır. İndiyədək Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1294 nəfər keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Dövlət Proqramı çərçivəsində təhsil almış tələbələrin dövlət qulluğuna qəbul imtahanlarının birbaşa müsahibə mərhələsinə buraxılması isə əldə olunan bilik və səriştənin dövlət idarəetməsi üçün istifadə olunmasına geniş şərait yaradır.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsil alanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti