`Avro-2016`-nın qalibi kim olacaq? - Deputatlarımızdan proqnoz

`Avro-2016`-nın qalibi kim olacaq?  - Deputatlarımızdan proqnoz
  10 İyun 2016    Oxunub:5497
Bu gün futbol üzrə XV Avropa çempionatı başlayacaq. Mötəbər futbol turniri ölkəmizdə böyük maraqla gözlənilir.

AzVision.az Milli Məclisin futbol həvəskarı olan deputatları arasında sorğu keçirərək onlardan hansı komandaya azarkeşlik edəcəklərini soruşub.

“İngiltərə çempion olacaq”



Millət vəkili Zahid Oruc bildirib ki, Avropa çempionatı ölkəmizdə hər zaman maraqla izlənilir və böyük auditoriyaya malikdir: Deputat hesab edir ki, Avropa dünyanın böyük pul kütlələrinin dövr etdiyi və futbolun dərin ənənələri olan qitədir: “Futbol yaşıl meydan üzərində rəqabət olmaqla bərabər milyonlarla insanı ətrafında birləşdirə bilir. Tələbəlik illərindən indiyə kimi futbolu izləyirəm. Bu il keçirilən Avropa çempionatında İngiltərə və Fransa yığmalarının üstünlüyü açıq şəkildə görünür. Doğma meydan amili Fransaya kömək edəcək. İngiltərə yığması daha çox gənclərdən ibarətdir. Onlar güclü məktəb keçmiş oyunçulardır. Ümumilikdə hər bir komandanın şansı var. İstərdik ki, elə bir komanda çempion olsun ki, çoxları üçün zəif görünsün, bununla belə II və III ölkələrdə futbolun qalxmasında mühüm rol oynasın. Hər halda düşünürəm ki, İngiltərə çempion olacaq”.

“Ya Almaniya və ya da İspaniya…”



Deputat Ülvi Quliyev Almaniya və İspaniya yığmalarının çempion olmaq şanslarının çox olduğunu deyib: “Almaniya yığması stabil futbol oynayır və yaxşı oyun nümayiş etdirir. İspaniya yığmasına gəlincə, son illər Avropa çempionu olması və yaxşı oyun nümayiş etdirməsi onların da şansının yüksək olduğunu göstərir. Sözsüz ki, çempionatda iştirak edəcək hər bir komandanın şanı var. Düşünürəm ki, ya Almaniya və ya da İspaniya Avropa çempionu olacaq”.

“Məncə, İspaniya çempion olacaq”



Milli Məclisinin deputatı Fuad Muradov hesab edir ki, Avropa çempionatında hazırlıqlı komandaların sayı çoxdur. Deputat vurğulayıb ki, son bir neçə ildir İspaniya yığması uğurlu oyun keçirir.

“Düşünürəm ki, çempion İspaniya yığması olacaq. Amma Almaniya millisi də hər zaman təşkilatlanmış oyun göstərir. Ola bilər ki, çempionatda sürpriz ölkələr də olsun. Onlarla bağlı proqnoz vermək çətindir. Xüsusi olaraq azarkeşi olduğum milli komanda yoxdur. Hər zaman yaxşı oyuna azarkeşlik edirəm. Düşünürəm ki, Avropa çempionatının qalibi İspaniya yığması olacaq”.

“Türkiyəyə azarkeşlik edirəm..."



Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov da Avropa çempionatını izləyəcəyini deyib. Millət vəkili Türkiyə yığmasına azarkeşlik edəcəyini deyib.

“Azarkeşlik etdiyimiz milli Türkiyə yığması olacaq. Qalibin kim olacağını demək isə çətindir. Çünki builki çempionatda güclü komandalar çoxdur".

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti