Azərbaycandan erməni milyarderin toyundakı təxribata ETİRAZ

Azərbaycandan erməni milyarderin toyundakı təxribata ETİRAZ
  11 İyun 2016    Oxunub:11127
İyunun 5-də Moskvada erməni milyarder, "Taşir" şirkətlər qrupunun sahibi Samvel Karapetyan oğlu üçün keçirdiyi toy mərasimində Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasının musiqisi erməni rəqsi kimi təqdim olunub və “milli rəqs” adlandırılıb.

Müəllif Hüquqları Agentliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, toydan çəkilmiş və ”Youtube” -da yerləşdirilmiş videoda Azərbaycanın qədim milli rəqslərindən olan “Uzundərə”nin sədaları altında rəqs edildiyi göstərilir. Azərbaycan xalqına məxsus folklor nümunələrini, o cümlədən milli rəqsləri mənimsəmək və özününküləşdirmək erməni mədəni siyasətinin tərkib hissəsinə çevrilib.

Xarici hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədləri ilə xarici ölkələrdə istifadə edildikdə Müəllif Hüquqları Agentliyindən icazə alınmalıdır. Məqsəd xarici ölkələrdə Azərbaycan folklor nümunələrindən qanuni istifadənin təminidir. Bildiririk ki, “Uzundərə” rəqsinin erməni rəqs nümunəsi kimi təqdim etmək cəhdləri yeni deyildir. Belə ki, 2011-ci ildə Rusiyanın “Mir” Dövlətlərarası Teleradio Şirkətində Ermənistan haqqında yayımlanan sənədli filmdə və 2013-cü ilin 18 dekabrında Rusiyanın “ORT” kanalında yayımlanan “Жить здорово” verilişində erməni mətbəxinə həsr edilən 20 dəqiqəlik süjetdə Azərbaycanın “Uzundərə” qədim xalq rəqsi erməni rəqs nümunəsi kimi təqdim edilib.

Ümumiyyətlə hər bir erməni ədəbi oğurluğu, o cümlədən yuxarıda göstərilən oğurluq halları barədə Müəllif Hüquqları Agentliyi tərəfindən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına rəsmi etiraz məktubları göndərilib, həmçinin bu barədə geniş, tarixi əsaslara söykənən arayışlar hazırlanaraq kütləvi informasiya vasitələrində yayılıb, saytlarda yerləşdirilib.

Qeyd edilən fakt uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir. Bu da “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının tələblərini pozulması deməkdir. Bununla əlaqədar Müəllif Hüquqları Agentliyi müvafiq beynəlxalq strukturlara növbəti dəfə rəsmi etirazını bildirəcək.



Aytən Zəhra
AzVision.az



Teqlər:  





Xəbər lenti