Nazir nöqsana yol verən müdirləri işdən qovdu

Nazir nöqsana yol verən müdirləri işdən qovdu
  11 İyun 2016    Oxunub:3400
İşdə ciddi nöqsanlara yol verdiklərinə və işlərini günün tələbləri səviyyəsində qura bilmədiklərinə, alınmış müasir baytarlıq laboratoriya avadanlıq və reaktivlərindən səmərəli istifadəni təmin etmədiklərinə görə bəzi baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının (BSEL) rəhbərləri cəzalandırılıb.
İyunun 11-də Kənd Təsərrüfatı Nazirliyində “Bakı şəhər Baytarlıq İdarəsinin fəaliyyəti və qarşıda duran vəzifələrə dair” geniş tərkibdə iclas keçirilib. İclasda nazirliyin kollegiya üzvləri, şöbə müdirləri, müvafiq qurumların rəhbərləri, Baytarlıq Xidmətinin məsul işçiləri, Bakı şəhər Baytarlıq İdarəsinin rəhbərliyi və tabeliyində olan baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının müdirləri, sahə baytarlıq məntəqələrinin müdirləri, eləcə də Respublika Baytarlıq Laboratoriyasının mütəxəssisləri iştirak ediblər.

Kənd təsərrüfatı naziri Heydər Əsədov iclası açaraq, Prezident İlham Əliyev tərəfindən aqrar sektora göstərilən diqqət və qayğıdan, həyata keçirilən institusional islahatlardan danışıb, respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasında Baytarlıq Xidmətinin müstəsna rolunu vurğulayıb. Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi önəm verdiyini qeyd edən nazir, dövlətimizin başçısı tərəfindən aqrar sahədə çalışan mütəxəssis və sahibkarlar qarşısında mühüm vəzifələr qoyulduğunu diqqətinə çatdırıb.

İclasda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov Bakı şəhər Baytarlıq İdarəsinin fəaliyyəti və mövcud nöqsanlar barədə məlumat verib.

Sonra baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının fəaliyyəti barədə hər bir baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının (BSEL) rəhbərinin məlumatı dinlənilib.

İşdə ciddi nöqsanlara yol verdiklərinə və işlərini günün tələbləri səviyyəsində qura bilmədiklərinə, alınmış müasir baytarlıq laboratoriya avadanlıq və reaktivlərindən səmərəli istifadəni təmin etmədiklərinə görə 2 saylı BSEL-in müdiri Mehri Əliyeva, 6 saylı BSEL-in müdiri Gülnarə Sadıqova və 20 saylı BSEL-in müdiri Nüşabə Abdullayeva tutduqları vəzifədən azad edilib, 9 saylı BSEL-in müdiri Almaz Bağırova, 10 saylı BSEL-in müdiri Canbaxış Vəliyevə, 17 saylı BSEL-in müdiri Saleh Arazova axırıncı xəbərdarlıq olmaqla şiddətli töhmət, 18 saylı BSEL-in müdiri Əlixan İbrahimova, 23 saylı BSEL-in müdiri Yusif İbrahimova, 24 saylı BSEL-in müdiri Süleyman Əhmədova, 5 saylı BSEL-in müdiri Ramazan Eminova töhmət verilib, 8 saylı BSEL-in müdiri Ramiz Əsgərova, 13 saylı BSEL-in müdiri Əbülfət Əsədova xəbərdarlıq edilib, qısa müddətdə işlərində dönüş yaratmadıqları təqdirdə daha ciddi tədbirlər görüləcəyi diqqətə çatdırılıb.

Nazir Heydər Əsədov bu sahədə mövcud nöqsanların aradan qaldırılması məqsədilə laboratoriyaların maddi-texniki bazasının yaxşılaşdırılması, dərman vasitələri ilə təmin edilməsi, uçot-hesabat işlərinin lazımi səviyyədə aparılması, bu sahəyə gənc mütəxəssislərin cəlb olunması, heyvan kəsim məntəqələrinin və ət satışı mağazalarının yenidən qeydiyyatının aparılması, keyfiyyətsiz ətlərin satışının qarşısının alınması üçün baytarlıq nəzarətinin gücləndirilməsi və mövcud nöqsanların qısa müddətdə aradan qaldırılması məqsədilə baytarlıq mütəxəssislərindən ibarət monitorinq qrupunun yaradılmasını məqsədəmüvafiq hesab edib.

İclasda 28 BSEL-in müdir vəzifələrinə yeni rəhbərlər təyin olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti