Türkiyəyə qardaşlıq mesajı: Əliyev Berlində sübut etdi ki...

Türkiyəyə qardaşlıq mesajı: Əliyev Berlində sübut etdi ki...
  12 İyun 2016    Oxunub:5472
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya səfəri zamanı Bundestaqda planlaşdırılan görüşlərdən imtina edib.

“TRT Avaz” telekanalının yaydığı məlumata görə, Prezident İlham Əliyev Almaniya səfərinin öncədən müəyyən olunmuş proqramında dəyişiklik edərək Bundestaqdakı görüşlərdən imtina edib.

Ölkə başçısı, həmçinin Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun toplantısını da ləğv edib. Bununla da Azərbaycan erməni yalanlarına qarşı Türkiyəyə açıq dəstək verdiyini bir daha bəyan edib.

Siyasi şərhçilər hesab edirlər ki, Azərbaycan prezidentinin atdığı addım haqlı və başa düşüləndir. Ölkə başçısı Bundestaqdakı görüşlərdən imtina etməklə Türkiyənin beynəlxalq arenada tək olmadığını, qardaş Azərbaycanın onun yanında olduğunu dünyaya nümayiş etdirdi.

Millət vəkili Elman Nəsirov AzVision.az-a bildirib ki, ölkə başçısının bu addımı Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” ilə bağlı tutduğu qərəzli və ədalətsiz mövqeyə etirazdır.



“Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfəri çox uğurlu keçib. Bu səfər ikitərəfli və çoxtərəfli formatda əlaqələrimizin inkişafına yeni imkanlar açacaq. Bununla yanaşı səfər zamanı Almaniya Bundestaqı tərəfindən qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ diqqət mərkəzində saxlanılıb. Ölkə başçısının bu məsələdə mövqeyi dəyişməzdir. Prezident İlham Əliyev səfərdən öncə verdiyi açıqlamasında qeyd etmişdi ki, Bindestaqın bu addımı qərəzlidir və ikili standartların birbaşa ifadəsidir. Eyni zamanda prezident belə bir ritorik sual vermişdi ki, “əgər doğrudan da onların belə bir addım atmaqla bağlı niyyətləri vardısa, bunu qondarma “erməni soyqırımı”nın 100 illiyi zamanı edə bilərdilər. Niyə məhz indi? Ölkə başçısı vurğulayıb ki, belə bir addımın indi atılması Türkiyəyə təzyiqlər edərək, müəyyən məsələlərdə güzəştə nail olmaq istəyindən dan irəli gəlir.

Prezident Azərbaycan və Türkiyə xalqlarının eyni köklü olması mövqeyindən çıxış edərək səfəri zamanı Bundestaqa getmədi. Bunun səbəbi bu qanunverici orqanın tutduğu qərəzli, ədalətsiz mövqedir.



Almaniya Bundestaqı bu qədər obyektivdirsə, 100 il bundan öncə olmayan bir hadisəyə qiymət verə bilirsə, niyə 1992-ci ilin 26 fevralında, kifayət qədər yaxın keçmişdə baş vermiş Xocalı soyqırımı ilə bağlı obyektiv mövqe sərgiləmir? Ermənistana qarşı cəza mexanizmlərini işə salmırlar. Deməli bu, ikili standartdır. Ona görə də Azərbaycan prezidenti ədalətsiz mövqe tutan Bundestaqa getməkdən imtina etdi. Bu tamamilə düzgün addımdır”.

E.Nəsirovun fikrincə, Azərbaycan prezidenti bu addımı ilə Türkiyə bir daha göstərdi ki, Azərbaycanın sözdə yox, əməldə dost, qardaşdır: “Ölkə başçısı bildirdi ki, Azərbaycanın sözünün çəkisi böyükdür. Bu məntiqlə hərəkət edən prezident İlham Əliyev Almaniyaya Bundestaqına getməməklə sözünün böyüklüyünü və çəkisini ortaya qoydu və mövqe nümayiş etdirdi”.



Siyasi şərhçi Arzu Nağıyev isə hesab edir ki, ölkə başçısı Almaniya Bundestaqına getməməklə düzgün addım atmış oldu: “Baxmayaraq ki, xarici siyasətdə dost, qardaş məfhumu olmur, hər şey maraqlardan doğur. Ancaq, Azərbaycan və Türkiyənin ümumi maraqları həddən artıq çoxdur. Bizim tərəfdaş olmaqla bərabər, strtateji əhəmiyyət kəsb edən dostluq münasibətlərimiz mövcuddur. Bu baxımdan Bundestaqda qondarma “erməni soyqırımı”nı qəbul edən deputatlarla hansı görüşdən söhbət gedə bilər? Bundestaq Türkiyənin imicinə zərbə vurmağa çalışır. Nəzərə almaq lazımdır ki, qondarma “erməni soyqırımı”nın qəbulu Azərbaycana birbaşa təsir edən amillərdəndir. Bu baxımdan ölkə başçısı haqlı olaraq Bundestaqa getmədi. Hesab edirəm ki, bu çox düzgün addımdır”.

A.Nağıyev qeyd edib ki, Almaniya ATƏT-in Minsk qrupunun üzvü olmasına baxmayaraq, bütün danışıqlarda Rusiya faktorunu qabardır: “Bundestaqda prezident səviyyəsindəki görüşdə bu tipli sualların meydana çıxması bir sıra məsələlərə aydınlıq gətirə bilməzdi. Bütün bu amilləri nəzərə alan prezidentin Bundestaqdakı görüşdən imtina etməsi müsbət və başa düşülən addımdır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti