`Müxalifət bir daha hakimiyyətdə ola bilməz` - Əli Hüseynli

`Müxalifət bir daha hakimiyyətdə ola bilməz` - Əli Hüseynli
  13 İyun 2016    Oxunub:2954
“Müxalifət və onların ideya daşıyıcıları bir daha Azərbaycan hakimiyyətində ola bilməzlər. Onların nə qədər xaricdən havadarları olsa da belə, xalq buna nə indi, nə də gələcəkdə imkan verməz. Çünki Azərbaycan çox dəyişib”.

AzVision.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində deyib.

Ə.Hüseynli vurğulayıb ki, müxalifətdə olan siyasət adamları müasir dövrdə qəbul olunmurlar: “Bunu özləri də bilirlər. Doğrudur, bu qüvvələr hələ 1993-cü ildə Ulu öndər hakimiyyətə qayıdandan sonra onun nüfuzuna zərbə vurmaq üçün çirkin yollara əl atdılar. Bilirsiniz ki, 1993-cü ilin iyun ayından sonra bir neçə rayonumuz Ermənistan tərəfindən işğal olundu. Həmin qüvvələr isə iddia edirdilər ki, torpaqlar Heydər Əliyev hakimiyyətə gələndən sonra işğal olunub. Amma xalqı altadmaq mümkün deyil. Çünki o dövrdə ordu ayrı-ayrı şəxslərin dəstələrindən ibarət idi və həmin dəstələr isə AXC-Müsavat cütlüyünə aid olan adamlara məxsus idi. O dövrdə həmin dəstələr geri çəkilməklə bağışlanmaz səhvlərə yol verdilər. Yəni bu işğala da onlar şərait yaratdılar. Belə olmasaydı, torpaqlarımızı ermənilər belə asanlıqla işğal edə bilməzdilər. Doğrudur, ermənilər işğalçıdır və onlar xarici havadarlarının dəstəyi ilə işğalı reallaşdırdılar. Amma dediyim kimi, bu işğalın asanlıqla reallaşmasının günahkarı məhz AXC-Müsavat cütlüyünün hakimiyyətində təmsil olunan şəxslərdir”.

Komitə sədri, həmçinin bildiirb ki, qurtuluş məfkurəsi Azərbaycının inkişafı üçün fundament rolunu oynayıb: “Biz qonşu ölkələrdə vəziyyəti analiz edəndə görürük ki, onlar Azərbaycanın 1993-cü ildə yaşadıqlarını indi yaşayırlar. Ukrayna hadisələri buna bariz nümunədir. Bir sıra ölkələr milli təfəkkürün, vətəndaş cəmiyyətinin formalaşdırılması prosesini başa çatdırmayıb. Bizim üçün qurtuluş məfkurəsinin əhəmiyyəti həm də ondan ibarətdir ki, Azərbaycan azad, demokratik dövlət kimi fərqli siyasi baxışların, düşüncələrin mövcud olduğu ölkədir. Ola bilsin ki, iqtidarın siyasəti ilə razılaşmayanlar var. Amma bizim əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri ondan ibarətdir ki, vətəndaş cəmiyyəti, xalqın formalaşması prosesi başa çatıb. Bütün bunların əsasında isə məhz qurtuluş məfkurəsi dayanır. Çünki insanlar o dövrdə bir dəfə, amma tam dəqiq və düzgün nəticə çıxarıblar ki, bir daha o vəziyyətə qayıtmaq olmaz. Həmin çətinliklərdən çıxış yolu bu oldu ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə dəvət olundu, Onun qurduğu dövlət var, müəllifi olduğu Konstitusiya var və bizim bir inkişaf yolumuz var. Bu isə dövlətin xilasıdır, dönməz yoludur, qurtuluş məfkurəsi isə əbədidir. 1990-cı illərin əvvəlində yaşadığımız ağır vəziyyətin bir daha təkrarlanmaması üçün Heydər Əliyev yoluna sadiq olmaq və bu yolu davam etdirmək lazımdır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti