`Problemlər dərindən təhlil edilməldir` - PA rəsmisi

`Problemlər dərindən təhlil edilməldir` - PA rəsmisi
  13 İyun 2016    Oxunub:2569
Bu gün Andorra Knyazlığında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) VIII Ali Səviyyəli toplantısının açılışı olub.
Komitədən AzVision.az-a verilən məlumata görə, “Qloballaşan dünyada xalqların gücü” mövzusunda keçirilən toplantıda dünyanın yeni siyasi xəritəsi, qloballaşma prosesinə yeni baxış, 21-ci əsrdə iqtisadi vəziyyət və digər mühüm məsələlərə dair fikir mübadiləsi aparılıb.

Toplantıda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Andorra Knyazlığının Baş naziri Antoni Marti, Latviyanın sabiq Prezidenti, NGBM-nin həmsədri Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-nin həmsədri İsmayıl Seragəldin, Ərəb Liqasının sabiq Baş katibi Əmr Musa, Serbiyanın keçmiş Prezidenti Boris Tadiç, İtaliya Prezidentinin diplomatik müşaviri Antonio Zanardi Landi, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç və digərləri iştirak edir. Ali səviyyəli görüşdə Azərbaycanın Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edib.

Tədbirin açılışında Antoni Marti, Mladen İvaniç, Vayra Vike-Frayberqa, İsmayil Serageldin və Novruz Məmmədov çıxış ediblər.
Andorranın hökumət başçısı Antoni Marti İraq, Liviya, Serbiya, Xorvatiya və digər bölgələrdə münaqişəli vəziyyətlərdən söhbət açan Mladen İvaniç isə bu problemlərin bir çoxunun həll yollarının hələ də tapılmamasını təəssüflə vurğulayıb. O qeyd edib ki, müasir dünyada gündən-günə artan problemlərin qarşısının alınması yolları bu günün əsas mövzusudur.

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov müasir dünyada baş verən əsas proseslər, problemlər, qloballaşma dövrünün qarşılaşdığı çətinliklərdən söhbət açıb. “Bu gün dünya birliyi Yaxın Şərqdə münaqişələr, Avropada qaçqın böhranı və s. kimi çətinliklərlə üzləşir. İlk növbədə bu problemlər dərindən təhlil edilməldir. Bu məsələlər olduqca böyük əhəmiyyət kəsb edir. Əsas məqsəd səbəbi kökündən araşdırmaqdır” - deyə Novruz Məmmədov bildirib. O, eyni zamanda hazırki dövrdə baş verən terror aktlarına toxunub və qeyd edib ki, bu gün ABŞ da daxil olmaqla dünya ölkələri bu təhlükə ilə üzləşir.
Daha sonra Novruz Məmmədov bildirib ki, SSRİ və Varşava Paktının dağılmasından sonra beynəlxalq münasibətlər sistemində əsaslı dəyişikliklər baş verib. “Beynəlxalq hüquqa əməl edilməməsi bir çox münaqişələrə səbəb olur. Müasir dövrümüzdə baş verən problemlərin başlıca səbəbi beynəlxalq hüquqa riayət edilməməsidir”.

İsmayıl Serageldin isə öz çıxışında toplantının mövzusunun əhəmiyyətini vurğulayıb və münaqişə bölgələrində vətəndaş müharibələrinin hələ də davam etdiyini diqqətə çatdırıb. O, müasir dövrdə gedən iqtisadi proseslərdən, internetin sosial əlaqələrin qurulmasında əvəzsiz rolundan danışıb. İ.Seragəldin eyni zamanda, 1970-ci ildən bəri baş verən proseslər, ətraf mühit, istehlak, insanların bərabərliyi, qadınların hüquqları, büdcə məsələləri, iqtisadi dəyişikliklər və s. kimi məsələlərə də toxunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) VIII Ali Səviyyəli toplantısı panel müzakirələrlə işini davam etdirir. Tədbir çərçivəsində Cənubi Qafqaz regionundakı münaqişəli məsələlərin, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə ediləcəyi və Andorra Knyazlığının rəhbərinə yazılı müraciətin qəbul olunacağı gözlənilir.
Toplantı iyunun 14-də işini yekunlaşdıracaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti