Masallıda Sənaye Məhəlləsi yaradılacaq
Müəyyən edilib ki, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Masallı Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılsın.
Masallı Sənaye Məhəlləsinin idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək.
Nazirlər Kabinetinə tapşırılıb ki, Masallı Sənaye Məhəlləsinin fəaliyyəti üçün Masallı rayonu ərazisində 10 hektar torpaq sahəsinin ayrılması və icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində zəruri tədbirlər görsün.
İqtisadiyyat Nazirliyi isə Masallı Sənaye Məhəlləsinin xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görəcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


