Azərbaycanlı deputatlardan İrana sərt etiraz

Azərbaycanlı deputatlardan İrana sərt etiraz
  14 İyun 2016    Oxunub:4269
Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputatlar İranın Dağlıq Qarabağ siyasəti və Ermənistanla dostluğuna dair məsələlər müzakirə olunub. Deputatlar İranın Azərbaycanla bağlı mövqeyini sərt tənqid ediblər.
Z. Oruc çıxışı zamanı İranla Ermənistan arasındakı münasibətlərə toxunub: “Ermənistanın xarici işlər nazirini qəbul edən İran prezidenti Ermənistan prezidentinə xüsusi salam göndərir və ardınca da bu ölkəyə səfər edəcəyini bəyan edir.

İrana qarşı sanksiyalar tətbiq olunan zaman Azərbaycan ona dost münasibət bəslədi və İrana qarşı hər hası oyunda iştirak etmədi. Azərbaycan öz siyasətində İsrail faktorunu nəzərə alsa da, biz İrandan bunun qarşılığını görmürük. İran parlamenti, siyasilər və dini elita bunu nəzər almalıdır. Biz İranfobiya tərəfdarı deyilik. Ancaq haqqı da deməyi bacarmalıyıq. Hesab edirəm ki, İran da Türkiyə kimi Ermənistanla sərhədi bağlasaydı, o zaman Qarabağ münaqişəsinin həllini yaxınlaşdırardı”.

Deputat Fazil Mustafa İrana Azərbaycan torpaqlarının işğaldan azad edilməsində birgə iştirak etməyin təklif edilməli olduğunu deyib.

Millət vəkili bildirib ki, İran Azərbaycanın İsraillə münasibətlərindən narahatdır, ancaq Azərbaycan aprel döyüşlərində işğalçı Ermənistana bu silahlarla zərbə endirdi: “İndi İran buyursun, - İranın Azərbaycan siyasətinin dəyişiməsinə təsir edən istiqamətləri formalaşdıra bilərik. İran Azərbaycanın müstəqilliyində, möhkəmlənməsində maraqlı olmayıb. 1918-ci ildə Azərbaycan müstəqillik əldə edəndə də İran buna qarşı çıxıb, müstəqilliyimizi tanımayıb. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. İranın Ermənistanla əməkdaşlığı, silah-sursat verməsi tarixdə qara ləkə kimi qalacaq. Parlament tribunasından bu məsələnin səsləndirilməsi vacibdir”.

Spiker Oqtay Əsədov İranla bağlı bəzi məsələlərin həll edilməli olduğunu söyləyib: “İran parlamentində Azərbaycanla bağlı belə çıxış etmirlər. Məsələlərin həlli yolu var. Bu sazişlərin təsdiq edilməsi də bununla bağlıdır”.

Deputat Qüdrət Həsənquliyev Azərbaycan torpaqlarını işğal edən Ermənistanı İranın ən yaxın müttəfiqi adlandırıb.

“İran rəsmiləri söhbətlərində bildirirlər, siz niyə İsraillə əməkdaşlıq edirsiniz?! Biz İsraillə ona görə əməkdaşlıq edirik ki, İsraildən silah alaq və torpaqlarımızı işğaldan azad edək. Bəs İran Ermənistanla niyə əməkdaşlıq edir?

Əməkdaşlıq edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlasın. Hesab edirəm ki, şeyxülislam Allahşükür Paşazadə İranın ali dini liderinə müraciət etməlidir. Qarabağda məscidlərimizin çoxu donuzxanaya çevrilib, biz niyə buna qarşı susmalıyıq? Bu gün İran rəhbərliyinin Azərbaycana qarşı yürütdüyü siyasət dost siyasəti deyil.

Əslində, Azərbaycanla dost münasibətləri İranda sabitliyə, regionun inkşafına xidmət edən amildir. İran orada yaşayan 30 milyon azərbaycanlının milli kimliyinə hörmət etməyəcəksə, bunun acı nəticəsini görəcək”.

Spiker Oqtay Əsədov isə çıxışında İranın müstəqil dövlət olduğunu xatırladıb: “İran necə siyasət aparacaqsa, Azərbaycan tərəfndən də adekvat cavab alacaq. Biz bu məsələnin üzərində niyə belə çox dayanırıq?".

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti