Magistr və doktorantlar əsgər getməyəcəklər - Təsdiqləndi

Magistr və doktorantlar əsgər getməyəcəklər - Təsdiqləndi
  14 İyun 2016    Oxunub:44830
Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilməsi layihəsinə baxılıb.

AzVision.az-ın məlumatına görə, layihə haqda məlumat verən Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, hərbi xidmətə çağırışdan möhlət hüququ indiyədək ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi. Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə görə, bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq.

Həmçinin, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət hüququ veriləcək.

Qanuna təklif edilən daha bir dəyişiklik Azərbaycanda elmi təşkilatlarda təhsilini davam etdirmək istəyənlərə hərbi çağırışdan möhlət verilməsi ilə bağlıdır. Belə ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda, eləcə də xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev qanunu imzaladıqdan sonra sənəd qüvvəyə minəcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti