Tanınmışların `Son zəng` xatirələri: `Sevdiyim qızı görəndə...`

Tanınmışların `Son zəng` xatirələri: `Sevdiyim qızı görəndə...`
  14 İyun 2016    Oxunub:9374
Həyatımızda elə günlər, elə anlar var ki, onların izi sanki ömrümüzə qələmlə çizilib. Zaman keçdikcə o çizgilər solsa da, ana xəttini, əsas izini itirmir. Belə izlərin xatirələrindən biri də “Son zəng” günüdür.

Tanınmış sənət adamları “Son zəng”lə bağlı xatirələrini AzVision.az-la bölüşüblər.

Masallı rayonunun Bədəlan kənd orta məktəbini bitirən müğənni Baloğlan Əşrəfov “Son zəng” gününü belə xatırlayıb.



“Bizim “Son zəng”imiz çox sadə idi. İndiki kimi deyildi. Adi bir kənd məktəbində qeyd edirdik. Bizim dövrümüzdə “Son zəng”i təntənə ilə qeyd etmirdilər. Ona görə də yadımda maraqlı hadisə qalmayıb. Ümumi tədbir keçirildi, müəllimlərimizlə sağollaşıb, məktəbi tərk etdik. Bizim üçün xüsusi məclis təşkil olunmamışdı. İndiyə kmi yadımdadır, “Son zəng”də qulaq asmaq üçün adi radio da tapa bilməmişdik”.


Xalq artisti Gülyanaq Məmmədova “Son zəng” gününü hələ də unutmadığını deyib.



“Məktəb illəri xatirəmdə gözəl izlərlə qalıb. O günləri unutmaq mümkün deyil. 10 il bir parta arxasında oturduğun insanlarla ayrılmaq çox çətin idi. Bu gün evimizin yanındakı məktəbdən “Son zəng” səsi gələndə kövrəldim. Sinif yoldaşlarımın bəziləri ilə məktəbi bitirəndən görüşmürük. Çox dəyişilmişik”.


Orta məktəbi Sumqayıtda başa vuran Maestro Ceyhunun “Son zəng” günü bir o qədər də yadda qalmayıb.



““Son zəng” günü sinif yoldaşlarımızla dəniz kənarına getmişdik. Orada gəzib, istirahət edirdik. Dəniz kənarında bir-birimizi dövrəyə alırdıq. Sonra restoranda getdik. Orada mən sinif yoldaşlarım üçün pianoda mahnı ifa etdim.

İllərlə bir yerdə olduğumuz insanlaran ayrılmaq asan deyildi. Uşaqlara ev telefonlarımızı verdik ki, əlaqələrimiz kəsilməsin. İndi demək olar ki, sinif yoldaşlarımla görüşmək imkanım yoxdur. Çoxu Azərbaycanda deyil”.

Müğənni Nazənin “Son zəng” günündə göz yaşlarını saxlaya bilmədiyini deyib.



“Məni “Son zəng”ə atam aparmışdı, tədbir başa çatandan sonra qardaşım evə gətirmişdi. Hazırda onların heç biri həyatda yoxdur. “Son zəng” günü çox pis oluram. Onlar yadıma düşürlər.

“Son zəng”i Astarada kənd məktəbində qeyd etdik. Xüsusi məclis keçirmək üçün kəndimizdə şərait yox idi. Məktəbin idman zalında yaxşıca oynadıq, mahnılar oxuduq. Bizim “son zəng”imiz belə başa çatdı. Mən “Son zəng”də Nisə Qasımovanın “Qəşəngdir” mahnısını oxumuşdum”.

Müğənni Manaf Ağayev sevdiyi qıza görə hələ də “son zəng” gününü unutmayıb.



“Bizim dövrdə orta məktəb 10 illik idi. 1981-ci sinif yoldaşlarımızla yığışıb, onların bağında “Son zəng”i qeyd etdik. Mənim üçün ən yadda qalan odur ki, sevdiyim qız da həmin məclisdə idi. Buna görə sevindiyimdən özümə yer tapa bilmirdim”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti