Misirin Qarabağla bağlı mövqeyi: `Ərdoğan bizə qarşı çıxdı` (MÜSAHİBƏ)

Misirin Qarabağla bağlı mövqeyi: `Ərdoğan bizə qarşı çıxdı` (MÜSAHİBƏ)
  16 İyun 2016    Oxunub:6726
“Misir xalqı bilməlidir ki, Azərbaycanda Gəncə, Şahdağ, Qəbələ var”.

Misirin Azərbaycandakı səfiri Suzan Cəmil AzVision.az-ın suallarını cavablandırıb.

Xanım səfirlə müsahibəni təqdim edirik:

- 2011-ci ildən indiyədək Misirdə iki dəfə hakimiyyət dəyişikliyi baş verdi. Sözsüz ki, bu, ölkə iqtisadiyyatına da təsirsiz ötüşmədi. Bilmək istərdik, inqilabların Misirin xarici əlaqələrinə, o cümlədən Azərbaycanla münasibətlərə necə təsiri oldumu?

-Ümumilikdə Misir dövlətinin xarici siyasətində heç bir dəyişiklik olmayıb, inqilablar bu siyasətə təsir göstərməyib. Misir dövlətinin inqilabdan qabaqkı siyasətinin də əsas məqsədi xarici dövlətlərlə əlaqələri möhkəmləndirmək idi. İnqilabdan sonra da bu proses davam etdi.

Çünki Misirdə baş verən inqilab hakimiyyətin xarici siyasətinə qarşı deyildi. Həmin inqilab daxili siyasətin əleyhinə idi. Misir inqilabının şüarı ictimaiyyətə ədalətin verilməsi idi. Xalqın tələbi bundan ibarət idi ki, ədalət, azadlıq və normal yaşayış təmin olunsun. Azərbaycanla Misir arasında əlaqələr həmişə - inqilabdan əvvəl də, sonra da möhkəm olub.

-Misir inqilablardan öncə ərəb ölkələri arasında əsas təsir gücünə malik ölkələrdən olub. Sizcə, Misir əvvəlki gücünü saxlaya bilibmi?

-Misir həmişə ərəb ölkələrinin, ümumiyyətlə ərəb regionunun vuran ürəyi olub. Ərəb dövlətləri Misiri Böyük qardaş adlandırıblar. Hər bir dövlətin özünün xarici siyasəti bir neçə mərhələdən ibarətdir ki, onun da birincisi diqqətlilikdir. Ərəb dövlətləri, regionu Misirin birinci diqqət yetirdiyi ərazilərdir. İraq qoşunları Küveytə daxil olduğu vaxt Misirin rolu böyük oldu. Belə ki, Misir Silahlı Qüvvələri həmin döyüşlərdə iştirak etdi. Həmçinin Misir Yəmənin azadlığı uğrunda səhra döyüşlərində də öz qüvvələri ilə iştirak etdi. Suriyadakı böhranla əlaqədar olaraq Misir bir çox suriyalı qaçqını qəbul etdi. Suriya böhranının müzakirəsinə dair Vyana konfransında da iştirak elədi. Yəni Misirin rolu inqilabdan əvvəl də, sonra da ərəb dövlətlərini dəstəkləməkdə davam edir və bunu davam etdirəcək.

-Misirdə “Müsəlman qardaşları”nın hakimiyyətə gətirdiyi Məhəmməd Mursi devriləndən sonra Qahirə ilə Ankara arasında diplomatik gərginlik yaşandı. Hazırda Misir-Türkiyə əlaqələri hansı səviyyədədir?

-2013-cü ilin iyul ayında Misir xalqı “Müsəlman qardaşları”nın hakimiyyətini ləğv etdi. Həmin dövrdə Türkiyə ilə Misirin çox yaxşı əlaqələri var idi. İndi bu əlaqələr yaxşı vəziyyətdədir. Lakin Türkiyə tərəfi “Müsəlman qardaşları” təşkilatının Misirdə hakimiyyətdə qalmasının tərəfdarı oldu. Misir isə bu addımı Türkiyənin onun daxili işlərinə qarışması kimi qiymətləndirdi. Çünki, Türkiyə “Müsəlman qardaşları”nın bəzilərinin ölkədən çıxıb qaçdığı vaxt onlara sığınacaq verdi.

Rəcəb Tayyib Ərdoğan da Misirə qarşı bəyanatla çıxış etdi. Bu isə son nəticədə iki dövlət arasında əlaqələrin zəifləməsi ilə nəticələndi. Lakin buna baxmayaraq, iki dövlət arasında əlaqələr kəsilməyib. Belə ki, Ankarada bizim səfirliyimiz, İstanbulda isə konsulluğumuz fəaliyyət göstərir, həmçinin Türkiyənin Qahirədə də səfiri var. Hazırda ölkələr arasında iqtisadi-ticari əlaqələr var. Misir xalqı Türkiyəyə səyahət edir. Hesab edirik ki, gələcəkdə iki ölkə arasında əlaqələr daha da yaxınlaşacaq.

- SOCAR rəhbərliyi Misirdə yerləşən zavodların səhmlərini almaq istəyir. Bu istiqamətdə danışıqlar davam edirmi? Proses hansı mərhələdədir?

-Bizdə olan məlumata görə, 2015-ci ilin noyabrında SOCAR prezidenti Misirə səfər edib. Rövnəq Abdullayev orada baş nazir Şərif İsmayıl da daxil olmaqla Misir rəsmiləri ilə görüşüb. Danışıqların əsas mövzusu SOCAR-ın Misirə bazarına daxil olması və ora investisiya yatırılması məsələləri olub. Onu da demək istəyirəm ki, SOCAR Süveyş kanalı regionuna investisiya yatırmağı planlaşdırır. Hələlik bu görüşlə bağlı konkret heç nə yoxdur. Lakin Misir tərəfi öz təkliflərini SOCAR-a təqdim edib və bu şirkətdən cavab gözləyir.

-Azərbaycanla-Misir arasında ticarət dövriyyəsinin həcmi nə qədərdir?

-Azərbaycan və Misir arasında ticarət əlaqələri 2010-cu ildə ən yüksək səviyyəyə çatıb. Misir Azərbaycandan ən çox neft və qaz məhsulları idxal edir. Azərbaycan isə Misirdən qida məhsulları və tibbi ləvazimatlar idxal edir. İnqilabla bağlı 2011-2014-cü illərdə Misir-Azərbaycan arasında ticarət dövriyyəsi göstəricisi aşağı düşüb. Biz iki ölkə arasında əlaqələri genişləndirmək istəyirik və Misir Azərbaycanda dərman və tibbi ləvazimatlar zavodu açmağı planlaşdırır. Əsas məqsəd hepatit C virusundan əziyyət çəkənlər üçün dərman preparatların Azərbaycanda istehsal edilməsidir.

Azərbaycanın Səhiyyə Nazirliyinin nümayəndələri Misirdə səfərdə olublar. Onlar Misirdə istehsal edilən dərmanların keyfiyyətləri ilə tanış olublar. Bu səfər Misirin ən böyük dərman istehsalçılarından biri olan “ADMA”nın dəvəti əsasında baş tutub. Səfər çərçivəsində bir neçə tibbi ləvazimatın Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub.

14-16 iyun tarixlərində Misirdən Bakıya nümayəndə heyəti gələcək və dərman zavodunun tikilməsi istiqamətində danışıqlar aparılacaq. Azərbaycanla Misir arasında ticarət dövriyyəsinin həcmi 187 milyon dollardır. Bu ilin noyabr ayında Qahirədə Azərbaycan-Misir hökümətlərarası komissiyasının dördüncü iclasının keçirilməsi nəzərdə tutulub. Biz Azərbaycan tərəfini bu barədə məlumatlandırmışıq və rəsmi Bakıdan cavab gözləyirik. Bu komissiyanın iclasları artıq 9 ildir keçirilmir. Bu iclasların bərpa olunması iki ölkə arasında ticarət dövriyyəsinin artmasına və iki ölkə arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək.

- Qısa zaman kəsiyində Misir hava yollarına məxsus iki təyyarə qəzaya uğradı, digər təyyarə qaçırıldı, başqa bir təyyarə isə bomba xəbərdarlığı ilə bağlı Özbəkistanda məcburi eniş etdi. Bütün bu hadisələrin bir-biri ilə əlaqəsi varmı? Ümumiyyətlə nə baş verir?



-Terror dünya miqyasında pislənilən bir şeydir. Bunu bir dövlətə aid etmək olmaz. Misir terrordan əziyyət çəkən dövlətlərdəndir. Rusiya təyyarəsinin qəzaya uğrmasına gəldikdə isə bunu bir neçə dövlət terror aktı kimi tanıdı. Amma hələ son olaraq nəticələr elan olunmayıb.

Şarl De Qoll hava limanından qalxan təyyarənin qəzaya uğramasına gəlincə, bu istiqamətdə araşdırmalar gedir. İki “qara qutu” üzərində araşdırmalar aparılır. Biz müəyyən məlumatlar əldə etmişik. Amma son nəticələrə gəlib çıxmaq üçün uzun vaxt lazımdır. Fərz edək ki, bu hadisələr terror aktıdır.

Qeyd edim ki, nə Şarl De Qoll, nə də Şarm Əl-Şeyx aeroportu terrordan sığortalanıb. Nə olursa-olsun, heç kim deyə bilməz ki, təhlükəsizliyi 100 faiz təmin edəcək. Nə Rusiya, nə Amerika, nə də Türkiyə.

Görürsünüz ki, ABŞ-da, Türkiyədə terrorlar olur. Biz yalnız bu hadisələrin arxasında nələrin durduğunu deyə bilərik. Sinayda Rusiya təyyarəsinin qəzaya uğraması Misirlə Rusiya arasındakı əlaqələrin pisləşməsi üçün idi. Həm də qeyd edim ki, bunu, Rusiyanın Suriya siyasətinə cavab olaraq qiymətləndirmək olar.

Bəlkə də Rusiyanı Suriya ilə bağlı siyasətinə görə cəzalandırmaqdan ötrü belə addım atdılar. Eyni zamanda bunu Misir-Fransa əlaqələrinə də aid etmək olar. Belə fikirlər var ki, təyyarənin qaçırılması Misir-Fransa əlaqələrinə zərbə vurmaq üçündür. Amma bizim əlaqələr normal şəkildə inkişaf edir. Bütün dünya dövlətləri terrora qarşı çiyin-çiyinə mübarizə aparmalıdır. Hansı dövlət “bizdə terror ola bilməz” deyirsə, o xurafata uyur. Azərbaycanda da bir müddət bundan əvvəl Nardaranda terrora cəhd olmuşdu.

-Son zamanlar Azərbaycandan Misirə gedən turistlərin sayında artım hiss olunur. Əks istiqamətdən bizə gələn turistlər barədə statistika varmı?

-Misirin məlum hadisələrdən sonra turizm imkanları zəifləməyə başladı. İndiki vəziyyət 2010-cu ildəki səviyyə ilə eyni deyil, tamamilə fərqlidir. Amma biz bu vəziyyətə təslim olmaq istəmirik.

Buna görə də Misir yeni bazarlara giriş etmək istəyir. Buna misal olaraq, Azərbaycanı göstərmək olar. Turizmin əlaqələrinin inkişaf etməsinə dair onu demək istəyirəm ki, Misirə turizm səfərlərini təbliğ edirik.

Aprel ayında Misirin turizm nümayəndə heyəti Azərbaycana, Gürcüstana, Qazaxıstana səfər edib. Bu ölkələrdə danışıqlar ararıldı. Biz çalışırıq ki, region ölkələrindən Misirə gələn turistlərin sayı çoxalsın. Bu ziyarət əsnasında, Azərbaycan-Misir biznes forumu təşkil olundu. 3 iyundan etibarən Bakıdan Şarm Əl-Şeyxə birbaşa uçuşlar başlayıb.
Misirdən Azərbaycana turist axınının güclü olması üçün Azərbaycandakı turizm şirkətlərinin üzərinə məsuliyyət düşür.
Bunu onlar etməlidirlər. Misirdə insanlar Azərbaycan haqqında çox az məlumata malikdirlər. Düşünürəm ki, Azərbaycan səfirliyi ölkənin tanıdılması üçün tədbirlər görməlidir. Misir şirkətləri Azərbaycana həm uçuş, həm də otellər üçün əlverişli qiymətlər təklif edib. Azərbaycan tərəfi də bu addımı atmalıdır. Azərbaycanda əksəriyyət bilir ki, Misirdə Şarm Əl-Şeyx kimi gözəl bir turizm şəhəri var. Misir xalqı da bilməlidir ki, sizdə Gəncə, Şahdağ, Qəbələ var.

- Terrora qarşı dünyanın iki güclü dövləti – ABŞ və Rusiya ciddi mübarizə aparır. Amma hər iki dövlət bir-birini ittiham edir. Maraqlıdır, Misir dövləti terrora qarşı mübarizədə ABŞ-ın, yoxsa Rusiyanın tərəfindədir?

-Rəsmi şəkildə ABŞ və Rusiya bir-birini terrorçuluqda ittiham etmir. Hər iki dövlət İŞİD-ə qarşı mübarizə aparır. Amma bu, istənilən səviyyədə deyil. Rəsmi Qahirə bir-birinə əks olan tərəflərin hansınınsa yanında olmağa üstünlük vermir. Biz həm Rusiya, həm də ABŞ-la əməkdaşlıq edirik. Bundan əlavə Misir, terror zehniyyətini dağıtmaq üçün səy göstərir. Terroru təkcə silah gücünə ayaqda saxlamırlar. Həmçinin dini komitələr vasitəsi ilə dini ekstremizm əleyhinə mübarizə aparmaq lazımdır.

Misirdəki Əl-Əzhər universiteti həmin sahədə böyük nailiyyətlər əldə edib. Bilirsiniz ki, bu qədim təhsil ocağı ən böyük sünni müəssisəsidir.

Misir silah tədarükü sahəsində həm Amerika, həm də Rusiya ilə əlaqələr yaradır. Misir Fransadan iki böyük təyyarədaşıyan almaq niyyətindədir.

-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Misirin mövqeyini bilmək istərdik.

-Misir BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini dəstəkləyir. Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Rəsmi Qahirə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların səylərini dəstəkləyirik.

-Belə bir sual vermək istərdim. Xahiş edirəm, səmimi cavab verəsiniz. Azərbaycan xoşunuza gəlirmi?
-Mən çox xoşbəxtəm ki, diplomatik karyeramı Azərbaycanda başa vuracağam. Sizin ölkənizi çox sevirəm. Yeməkləriniz, adət-ənənələriniz çox gözəldir.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti