Kəlbəcər girovlarının məsələsi BMT-də

  17 İyun 2016    Oxunub : 1971
Kəlbəcər girovlarının məsələsi BMT-də
İyunun 10-da BMT Təhlükəsizlik Şurasında sülhməramlı əməliyyatlar zamanı mülki əhalinin müdafiəsi mövzusunda açıq müzakirələr keçirilib. Tədbirdə Azərbaycanın BMT yanında Daimi nümayəndəliyi də iştirak edib.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müzakirələrdə BMT-nin baş katibi Pan Gi MunBMT üzv dövlətlərinin nümayəndələri mövzu üzrə çıxış ediblər.

Azərbaycan tərəfi müzakirələr əsnasında hərbi münaqişələr zamanı mülki şəxslərin qəsdən hədəf alınmasının ciddi narahatlıq doğuran məqam olduğunu vurğulayıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının mülki Azərbaycan əhalisinə qarşı qəsdən hücumların edilməsi, onların qətlə yetirilməsi, etnik təmizləmə məruz qoyulması, qaçqın və məcburi köşkün vəziyyətinə düşməsi kimi hallarla müşayiət olunduğu qeyd olunaraq, BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə bu qeyri-qanuni əməllərin öz əksini tapdığı vurğulanıb.

Azərbaycan nümayəndəsi soydaşlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovun mülki şəxs olaraq işğal olunmuş Kəlbəcər rayonunda öz valideynlərinin qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü, onlar üzərində qurama məhkəmə təşkil edildiyini diqqətə çatdıraraq, bu şəxslərin girovluqdan azad edilməsini təmin etmək üçün BMT TŞ-nin tribunası vasitəsilə bütün müvafiq beynəlxalq qurumlara bir daha müraciət edilib.

Çıxış əsnasında bu ilin aprel ayının əvvəllərində ağır artilleriya və iriçaplı silahlardan istifadə edən Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca sıx yaşayan mülki Azərbaycan əhalisini şiddətli atəşə tutması və nəticədə ikisi uşaq olmaqla 6 mülki şəxsin həlak olması, 33 nəfərin yaralanması, evlər, məktəblər, uşaq bağçaları, həyati əhəmiyyətli mülki obyektlər olmaqla, yüzlərlə mülki obyektə ciddi ziyan vurulduğu barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı həyata keçirilən bu əməllər müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə eynilik təşkil edir. Həmçinin, Ermənistanın indiki və sabiq rəsmilərinin Azərbaycanı “çirkli bomba” ilə hədələməsi də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

AzVision.az

Teqlər: