Bu gün Əliyev Putin və Sarkisyanla görüşəcək

Bu gün Əliyev Putin və Sarkisyanla görüşəcək
  20 İyun 2016    Oxunub:4456
Bu gün Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla üçtərəfli görüşü keçiriləcək.

AzVision.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Putin əvvəlcə İlham Əliyev və Serj Sarkisyanla ayrı-ayrılıqda görüşəcək, ardınca isə üçtərəfli görüşü keçiriləcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqların aparılacağı gözlənilir.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bildirdiyinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Sankt-Peterburqda beynəlxalq iqtisadi forum çərçivəsində baş tutacaq.

Uşakov qeyd edib ki, Kreml bu münaqişənin nizamlanmasında tərəflərə yardım göstərmək üçün fəal addımlar atır: “Rusiya artıq 2016-cı ilin aprel ayının əvvəlində Dağlıq Qarabağda qızışan hərbi əməliyyatların dayandırılmasında həlledici rol oynayıb. Putin həmin vaxt, xüsusilə Azərbaycan və Ermənistan prezidentləri ilə bir neçə dəfə telefonla danışıb, iki ölkənin baş qərargah rəisləri Moskvaya dəvət olunub və aprelin əvvəlində Rusiyanın baş naziri Dmitri Medvedev İrəvan və Bakıya səfər edib. İndi biz öz vasitəçi missiyamızı, təbii ki, ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə tam qarşılıqlı fəaliyyət çərçivəsində, Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdə verdikləri bəyanatlara müvafiq olaraq təklif olunan prinsiplər əsasında davam etdirəcəyik”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin Sankt-Peterburqda keçiriləcək görüşündə iştirak edəcək.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti