Avropa İttifaqı dağıla bilər - Domino effekti

Avropa İttifaqı dağıla bilər - Domino effekti
  20 İyun 2016    Oxunub:4903
Tarixi anları nadir hallarda qabaqcadan müəyyən etmək olur, çünki tarixin hansı axarda gedəcəyini əvvəlcədən təxmin etmək çətindir. Lakin elə mövzular var ki, onların gedişini və nəticəsini müəyyənləşdirmək mümkündür.

Götürək elə, Böyük Britaniyanın aqibətini… Əgər London Avropa İttifaqına üzvlükdən imtina edərsə, başına gələcəkləri qabaqcadan təxmin etmək elə də çətin deyil. Bir qədər uzaqgörənlik kifayət edər. Söhbət Qərbin dünya üzərində hökmranlıq mübarizəsindəki rəqabətindən gedir. Dünyanın əsas güc mərkəzlərindən biri olan Avropanın bu ölkəsi bilməlidir ki, o, “dünyaya ağalıq etmək siyasətini” təkbaşına yürüdə bilməz. 23 iyunda Britaniya Aİ-dən çıxmağa “hə” deməklə çox şey itirəcək.

Bütün bunlara baxmayaraq, sağçı UKIP-partiyası ( Böyük Britaniya Müstəqillik Partiyası) illərdir ki, ölkəni birlikdən çıxarmaq uğrunda mübarizə aparır. Elə ölkənin digər mühafizəkarları da Aİ-dən çıxmağın tərəfdarıdır. Onlar iddia edirlər ki, Avropa İttifaqı Böyük Britaniyanın suverenliyini məhdudlaşdırır və kütləvi miqrasiyaya gətirib çıxarır. Leyboristlər partiyasının siyasətçiləri isə, birliyi tərk etmək istəklərini iqtisadi uğursuzluqlarla izah edirlər.

Avropa dövlətləri başqa fikirdədir. İsveç Xarici İşlər Nazirliyi həyəcan təbili çalır. İsveçə görə, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi onun sonu ola bilər.

Bu fikirlə Almaniya İqtisadi Araşdırmalar İnstitutu da razıdır. Əgər gələn həftə keçiriləcək referendumda İngiltərənin Aİ-dən çıxmasının tərəfdarları qalib gələrsə, onda domino effektini xatırladan bir vəziyyət yaranacaq. Qurumda qalması da, Böyük Britaniya üçün xoşagəlməz ola bilər. Belə ki, Aİ ölkələri Böyük Britaniyanın qəbul edilməsi haqqında üzvlük şərtlərinin dəyişdirilməsini tələb edə bilərlər.

Almaniya İqtisadi Araşdırmalar Institutunun rəhbəri Markel Fratçşerin fikrincə İngiltərənin bu qərarı qurumun digər üzvlərini də analoji addım atmağa sövq edə bilər: “Baxın, ingilislər birliyi tərk edir və çox gözəl bir müqaviləni imzalamaq uğrunda mübarizə aparır. Biz də bunu edə bilərik, deyə digər ölkələr də qurumu tərk edə bilər. Bu baxımdan İngiltərə birinci domino daşı ola bilər”.

Almaniyanın xarici işlər naziri Frank-Volter Ştaynmayer də bu barədə bəyanat səsləndirib:

“İngiltərənin Avropa İttifaqından çıxması birliyin qısa zamanda dağılmasına gətirib çıxara bilər. Birliyin bütövlüyü üçün bütün üzv dövlətlər səy göstərməlidir. Əks təqdirdə bu günə qədər qazandığımız uğurların üzərindən xətt çəkməli olacağıq”.

Bəli, bu dəfə vəziyyət həqiqətən də Avropanın əleyhinədir. Analitiklərin fikrincə, Avropa ilə ABŞ arasında bir körpü rolunu oynayan Britaniya Aİ-ni tərk edərsə, digər tərəfdən Donald Trump prezident seçilərsə, Avropa dünya böhranın mərkəzində tək-tənha və köməksiz qalacaq.

Vüsal Abbaszadə
AzVision.az


Teqlər:  





Xəbər lenti