Peterburq görüşünün nəticəsi nə oldu? - ŞƏRH

Peterburq görüşünün nəticəsi nə oldu? - ŞƏRH
  21 İyun 2016    Oxunub:4434
İyun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüş keçirilib. Görüşdən sonra Azərbaycan və Ermənistanın XİN rəhbərləri açıqlama yayaraq danışıqların uğurlu keçdiyini bəyan ediblər.

Birgə bəyanatda qeyd olunub ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər.

"Prezidentlər Dağlıq Qarabağ problemi ilə bağlı müntəzəm əlaqələrinin əhəmiyyətli olduğunu, ATƏT-in Minsk qrupunun işinə tamamlama olaraq bu formatda əlaqələrini davam etdirmək barədə razılığa gəliblər. Prezidentlər Qarabağ münaqişəsinin nizamlanmasında inkişafa şərait yaratmağa icazə verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər.",-deyə bəyanatda qeyd olunub.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə görüşdən sonra bəyan edib ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəliblər.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşün nəticələrini müsbət qiymətləndirdiyini deyib: “Görüş konstruktiv şəkildə keçirilib. Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. İnanırıq ki, görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq imkanı yaradacaq”.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan da oxşar bəyanatla çıxış edib: “Bugünkü görüş olduqca faydalı oldu və müəyyən ehtiyatla qeyd edə bilərəm ki, konstruktiv atmosferdə keçirildi. Növbəti görüşlər yalnız prezidentlər səviyyəsində deyil, həm də XİN rəhbərləri səviyyəsində davam etdiriləcək”.



Görüşün nəticələrini şərh edən millət vəkili Sahib Alıyev bildirib ki, Sankt-Peterburqdakı Dağlıq Qarabağ danışıqları problemin həllində əhəmiyyətli irəliləyişə gətirib çıxarmadı: “Ancaq prezidentlərin birgə bəyanatının özü, orada görüşlərin bu formatda davam etdiriləcəyinin anons olunması, xarici işlər naziri Elmar Məmmədyarovun danışıqların konsrtuktiv keçdiyini vurğulaması, onun substantiv xarakter daşıması yaxın gələcəkdə belə bir irəliləyişin mümkünlüyünü və ortalıqda hansısa planın varlığını göstərir”.

S.Alıyevin fikrincə, cəbhədə beynəlxalq izləyicilərin sayının artırılmasına razılıq verilməsi o deməkdir ki, erməni tərəfin aprel döyüşlərində itirdikləri torpaqları geri qaytaracaqları haqda səsləndirdikləri gurultulu vədlərin üstündən artıq möhkəm bir xətt çəkilib və bunun mümkünsüzlüyü onlara başa salınıb.

“İzləyicilərin sayının artırılması eyni zamanda o deməkdir ki, Azərbaycan apreldə yaşananlarla üzləşməmələri, məsələnin sülh yoluyla çözümü üçün ermənilərə qısa sürəli bir şans verir. Şans verir ki, torpaqların azad edilməsi yönündə bundan sonra da əhəmiyyətli addımlar atılmadığı təqdirdə, erməni havadarlarının deməyə daha sözləri qalmasın. Deməyə söz qalmayanda isə ordu nə etməli olduğunu bilir”, - deyə S.Alıyev vurğulayıb.



Millət vəkili Elman Nəsirov isə bildirib ki, görüşdə müsbət məqamlardan biri Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin müntəzəm olaraq üçtərəfli formatda görüşlərinin davam etdirilməsi barədə razılıq əldə olunmasıdır: “Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun mövqeyindən belə hesab etmək olar ki, bu görüş danışıqlar prosesində irəliləyişin əldə olunmasına gətirib çıxara bilər. Görüşün detalları haqqında heç bir məlumat verilmir. Sadəcə ümumi yanaşmalar var və görüşə qiymət vermək üçün əlimizdə yeganə sənəd prezidentlərin razılaşdırdığı üçtərəfli bəyanatdır. Bu bəyanata görə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri müntəzəm olaraq üçtərəfli formatda görüşlərin davam etdirilməsinə razılıq veriblər. Yəni, başqa-başqa şəhərlərdə üç dövlətin prezidentlərinin müntəzəm görüşləri gözlənilir. Bu görüşlər isə münaqişənin həllinə xidmət göstərməlidir”.

E.Nəsirov qeyd edib ki, belə müntəzəm əlaqələrin davam etdirilməsi yeni format kimi dəyərləndirilir: “Bu format ATƏT-in Misnk qrupunun fəaliyyətini tamalaması kimi vurğulanır. Yəni, bu qənaətə gəlmək olar ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə məşğul olan formatdırsa, prezidentlərin üçtərəfli görüşləri formatı isə bir yandan paralel olaraq, digər yandan isə tamamla funksiyasını həyata keçirəcək.

Eyni zamanda bundan sonra təmas xəttində müşahidəçilərin sayının artırılması barədə razılaşma əldə olunub. Yəni, atəşkəsin qorunub-saxlanılmasına öz töhfələrini verəcəklər.

Tərəflər münaqişənin həllinə imkan verə biləcək bir sıra məsələlər ətrafında anlaşma əldə ediblər. Amma, bu məsələlərin nədən ibarət olduğu barədə informasiya verilmir. Hesab edirəm ki, vacib məqamlardan biridir ki, münaqişənin həllinə kömək edə biləcək bir sıra məsələlər barədə razılaşma əldə edilib”.



Maraqlı məqamlardan biri isə həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirlərinin açıqlamalarında görüşdən razılıq ifadə olunub.

Bu müsbət dəyərləndirmələr nədən ibarət ola bilər sualına isə E.Nəsirov belə cavab verib: “Azərbaycan tərəfini razı sala biləcək məsələ yenilənmiş Madrid prinsiplərinə əsasən ilkin mərhələdə 5 rayonun geri qaytarılması ilə bağlıdır. Bizi razı salan məqam o ola bilər ki, artıq bu istiqamətdə konkret addımlar atılsın. Münaqişənin həlli ilə bağlı müəyyən şifahi üst-üstə düşən məqamlar var. Ancaq çərçivə sazişinin imzalanması ilə bağlı müəyyən razılaşmalar ola bilər. Lakin, bu barədə hər hansı bir sənəd imzalanmayıb. Sadəcə, Ermənistan ondan razı qalıb ki, görüşdə heç bir sənəd imzalanmayıb. Görüşdən öncə Ermənistan müxalifəti məsələ qaldırmışdı ki, görüşlərdə konkret sənəd imzalanacaq və 5 rayon Azərbaycana qaytarılacaq. Amma, bu hal baş verməyib. Ola bilsin ki, Ermənistan tərəfinin görüşdən razılıq ifadəsinin arxasında bu məqam durur”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti