`Ballar yüksək olur` - Məleykə Abbaszadə

`Ballar yüksək olur` - Məleykə Abbaszadə
  21 İyun 2016    Oxunub:2247
`Qəbul imtahanları zamanı müsabiqəyə buraxılmaq üçün şərtlər əvvəlcədən müəyyən olunur. Bu şərtlər bütün qruplarda 200 baldır. Dövlət sifarişli yerlərə müsabiqədə iştirak etmək üçün isə bu şərtlər nisbətən yuxarı, yəni 300-350 bal təşkil edir`.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Balakəndə keçirilən qəbul zamanı jurnalistlərə müsahibəsində deyib.

Müsabiqənin abituriyentlər imtahan verdikdən sonra formalaşdığını vurğulayan Şuranın sədri bunun bir sıra amillərdən – həmin ixtisas üzrə yerlərin sayının əvvəlki illə müqayisədə çoxalıb azalmasından, həmin ixtisası seçən abituriyentlərin sayından, ixtisas üzrə ödənişli təhsil formasında təhsil haqqının artıb azalmasından asılı olduğunu bildirib.

15-20 il əvvəl abituriyentlərin birinci ixtisas qrupuna, xüsusilə informasiya-kommunikasiya texnologiyaları ilə bağlı ixtisaslara o qədər də maraq göstərmədiklərini xatırladan Məleykə Abbaszadə qurum tərəfindən aparılan geniş maarifləndirmə tədbirləri nəticəsində son 5-6 ildə bu ixtisaslara marağın xeyli artdığını diqqətə çatdırıb. Bildirib ki, məhz bu səbəbdən də son illər həmin ixtisaslara keçid balları 500-dən yuxarı olur.

Gənclərin getdikcə daha praqmatik olduqlarını vurğulayan Məleykə Abbaszadə deyib: “Son illər gənclər əsasən, o ixtisasları seçirlər ki, gələcəkdə həmin ixtisas üzrə iş yerləri tapa bilsinlər. Ona görə də müəyyən istiqamətlər üzrə peşələrə meyillilik artır, qəbul zamanı bu ixtisas qruplarına daha çox ərizə verilir. Bu səbəbdən də müsabiqədə həmin ixtisaslar üzrə ballar da yüksək olur”.

AzVision.az


Teqlər:  





Xəbər lenti