Tərtər və Füzulidə partlamamış hərbi sursat tapılıb

Tərtər və Füzulidə partlamamış hərbi sursat tapılıb
  22 İyun 2016    Oxunub:1265
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iyunun 21-də Füzuli və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlayıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, Tərtər rayonunun Cəmilli kəndində 1 fermada 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 8 000 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonunun Horadiz kəndi ərazisində üç əkin sahəsində üç partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 2 600 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə, ANAMA tərəfindən 7 aprel - 21 iyun tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 23 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 542 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti