`Düşmənə nifrət hissi ilə xidmət etməliyik` - Zakir Həsənov
Müdafiə naziri general-polkovnik Zakir Həsənov məzunlar qarşısında çıxış edib.
Nazir bildirib ki, döyüş hazırlığının artırılması məqsədilə silahlanmaya ən müasir döyüş texnikası və hərbi təyinatlı vasitələr qəbul edilir, planauyğun müxtəlif səviyyəli təlimlər keçirilir, yeni poliqonlar tikilir, şəxsi heyətin sırf döyüş hazırlığı ilə məşğul olması üçün mülki vətəndaşların işə cəlb olunması, döyüş qabiliyyəti tələb edən vəzifələrə ixtisaslı mütəxəssislərin təyin edilməsi prosesi sürətlə həyata keçirilir.
Aprel ayında cəbhə xəttində baş verən hadisələrə toxunan nazir Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş hazırlığının yüksək səviyyədə olmasını bir daha vurğulayıb.
Çıxışını gənc zabitlərə müraciətlə davam edən nazir qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti rəhbərlik etdiyi kollektivə şəxsi nümunə olmalıdır:
“Silahlı Qüvvələrin hərbi qulluqçusu dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir. Dövlətimiz və xalqımızın etimadını doğrultmaq üçün durmadan peşəkarlıq səviyyənizi, bilik və bacarığınızı artıraraq düşməndən üstün olmalı və torpaqlarımızın işğaldan azad edilməsi üçün silahınızı daim hazır saxlamalısınız”.
Nazir çıxışının sonunda zabitlərə hərbi xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, hər bir zabit üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə dəyərli töhfələr verəcək.
AzVision.az
Teqlər: