ANAMA minatəmizləmə əməliyyatlarını davam etdirir

ANAMA minatəmizləmə əməliyyatlarını davam etdirir
  28 İyun 2016    Oxunub:1694
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iyunun 27-də Ağcabədi, Ağdam və Bərdə rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat təqdim edib.
Ağcabədi rayonunun Arazbar kəndi – Qar-Qar çayın sahilindən bir ədəd partlamamış piyada əleyhinə mina (OZM-72) aşkar olunub, minanın daşınması təhlükəli olduğuna görə, partlayış yolu ilə yerində zərərsizləşdirilmiş, nəticə etibarı ilə 1 000 kvadratmetr ərazi yoxlanılıb.

Ağdam rayonunun Mahrızlı kəndində bir əkin sahəsində bir partlayış yerinə baxış keçirilib, bir ədəd partlamış hərbi sursatın (9M22U raketi – Qrad ) qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 2 000 kvadratmetr ərazi yoxlanılıb. Əhmədağalı kəndində bir əkin sahəsində iki partlayış yerinə baxış keçirilib, top mərmisinin partlamış qalıqları aşkar olunub, nəticə etibarı ilə 1 500 kvadratmetr ərazi yoxlanılıb.

Bərdə rayonunun Kələntərli kəndində Qaz zavodunun yaxınlığındakı yarımtikili əraziyə baxış keçirilib, bir ədəd partlamamış hərbi sursat (OF56-1 modelli 122 mm-lik top mərmisi) aşkar olunmuş, daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə ərazisinə daşınmış, nəticə etibarı ilə 1 000 kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən aprelin 7–dən iyunun 27-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, beş kənd orta məktəbi, bir tibb məntəqəsi, 26 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 552 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), bir ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti