Ərdoğan Putindən üzr istəməklə düz etdimi? - Mövqe

Ərdoğan Putindən üzr istəməklə düz etdimi? - Mövqe
  28 İyun 2016    Oxunub:4857
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyalı həmkarı Vladimir Putinə barışıq məktubu göndərməsi siyasi gündəmdə aktual mövzuya çevrilib.

Türkiyə prezidenti məktubunda qeyd edib ki, rəsmi Ankara Moskva ilə münasibətləri korlamaq istəmir. Ərdoğanın məktubunda o da vurğulanıb ki, Türkiyə “Su-24” təyyarəsinin həlak olmuş pilotuna görə, onun ailəsinə istənilən maddi və mənəvi zərəri ödəməyə hazırdır.

Ərdoğanın bu addımı Rusiya tərəfindən müsbət qarşılanıb. Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ərdoğanın üzrxahlıq məktubuna münasibət bildirərkən deyib ki, Türkiyə prezidentinin məktubu Ankara-Moskva münasibətlərinin bərpası üçün önəmlidir.

Türkiyə-Rusiya barışığı Azərbaycanda da diqqətlə izlənilir. Türkiyənin baş naziri Binəli Yıldırım AKP-nin bu gün keçirdiyi iclasda Rusiya ilə münasibətlərin normallaşdırılmasında göstərdiyi səylərə görə, Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.



Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya dövlət başçısı Valdimir Putinə məktub göndərməsi iki ölkə arasındakı münasibətlərin inkişafında açar rolunu oynayacaq.

“Ərdoğan üzərinə düşən vəzifəni yerinə yetirdi. İndi söz Rusiyanındır. Məncə, Rusiya da Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır. Bu baxımdan hesab edirəm ki, yaxın zamanda münasibətlər normallaşacaq”.

Ərdoğanın Rusiyadan üzr istəməsinə gəlincə, deputat qeyd edib: “Siyasətin qaçılmaz bir qanunu var. Əbədi dostlar və düşmənlər yoxdur. Əbədi maraqlar var. İkinci dünya münasibəsini başladan Almaniya bütün Avropanı qan içində boğurdu. İndi həmin ölkələr müttəfiqdirlər və hətta bir ittifaqda fəaliyyət göstərirlər. Ona görə də dövlətlərarası münasibətlərdə müəyyən çatlar yaransa da, bu əbədi davam edə bilməz”.

F.Ağamalı qeyd edib ki, Rusiya-Türkiyə əlaqələrinin normallaşması Azərbaycanın dövlət maraqlarına uyğundur: “Türkiyə bizim üçün qardaş ölkədir, yüksək səviyyəli münasibətlərimiz var. Rusiya is qonşu və müttəfiqimizdir”.



Politoloq Qabil Hüseynli isə bildirib ki, Ərdoğan Rusiya ilə barışmaqla düzgün addım atmış oldu: “Ərdoğanın “Su-24” insidentinə görə Rusiyaya üzr məktubu göndərib. Düşünürəm ki, bu doğru addımdır. Hesab edirəm ki, hökumətlərarası komissiyalar bütün məsələləri razılaşdırıb. İndi razılaşmaların prkatiki olaraq reallaşdırılması mərhələsi başlayıb. Güman edirəm ki, bundan sonra əlaqələrdə hər hansı problem olmayacaq”.

Siyasi şərhçi Elxan Şahinoğlunun fikrncə, Ərdoğanın barışıq jestindən sonra növbə Rusiyadadır: “Top yenə Rusiyanın meydanındadır. Kremlin özünü naza qoyması daha çox özünə ziyanlıdır. Rusiyanın ABŞ və Avropa İttifaqı ilə münasibətlərinin soyuq olduğu günlərdə yenidən Türkiyəni strateji tərəfdaş kimi qazanmaq şansı yaranıb”.



E.Şahinoğlu vurğulayıb ki, Türkiyə-İsrail və Türkiyə-Rusiya münasibətlərinin normallaşması Azərbaycanın da xeyrinədir: “Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail strateji tərəfdaşı, Rusiya isə tərəfdaşıdır. Hər 3 ölkə arasındakı münasibətlərin normal olması rəsmi Bakını mürəkkəb seçimdən qurtarır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti