AMEA-da yeni direktor seçkiləri keçirilib

AMEA-da yeni direktor seçkiləri keçirilib
  29 İyun 2016    Oxunub:1925
AMEA-nın Elmi bölmələrinin iclaslarında bir sıra institutlar üzrə direktor seçkiləri keçirilib.
AzVision.az xəbər verir ki, "AMEA-nın elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə" və "AMEA-nın elmi-tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkinin keçirilməsi Qaydaları"na uyğun təşkil olunmuş seçkilərdə elmi müəssisələrin rəhbərləri gizli səsvermə yolu ilə seçiliblər.

İyunun 29-da AMEA Rəyasət Heyətinin Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunmuş səyyar iclasında isə akademiya institutlarında keçirilmiş seçkilərin nəticələrinə müvafiq olaraq direktorlar vəzifələrinə təsdiq olunublar.

Rəyasət Heyətinin qərarlarına əsasən, akademik İbrahim Quliyev Neft və Qaz İnstitutunun, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Şamaxı Astrofizika Rəsədxanasının, fizika-riyaziyyat üzrə elmlər doktoru Oqtay Səmədov Radiasiya Problemləri İnstitutunun, akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov Zoologiya İnstitutunun, aqrar elmlər üzrə elmlər doktoru Əlövsət QuliyevTorpaqşünaslıq və Aqrokimya İnstitutunun, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Genetik Ehtiyatlar İnstitutunun, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Memarlıq və İncəsənət İnstitutunun, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Nəsimi adına Dilçilik İnstitutunun, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Tarix İnstitutunun, tarix üzrə elmlər doktoru Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli isə AMEA-nın Elm Tarixi İnstitutunun direktoru vəzifəsinə təsdiq ediliblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti