`Mircəfər Bağırov mələk deyildi...` - Nazir
Nazir qeyd edib ki, Azərbaycan Milli Parklarını Gürcüstandakılarla müqayisə etmək düzgün deyil: “Bəzən bizi Gürcüstan ilə müqayisə edirlər. SSRİ dövründə Gürcüstanda milli parklar var idi, yəni onların konsepsiyası var idi. Borjomidə milli parklar yaşayış sahələri ilə yanaşıdır. Biz milli düşüncəyə görə bunu edə bilmirik. Biz insanları başa sala bilməyəcəkdik ki, mal-heyvanını milli parkda otarma, get, öz pay torpağını ək-becər. Amma Gürcüstanda bunu edirlər”.
Nazir daha sonra Azərbaycan SSRİ-nin Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1-ci katibi olan qohumu Mircəfər Bağırovla bağlı bir sıra məqamlara aydınlıq gətirib.
H.Bağırovun atasının əmisi oğlu olan M.Bağırovun təqdim edildiyi kimi şəxs olmadığını deyib: “Bəli, Mircəfər Bağırov atamın əmisi oğludur. O dövrün baxışlarını bölüşmürəm və bir-iki insanın məsuliyyəti saymıram. Mircəfər Bağırovun ayağına yazılan “cinayətlərin” 90 faizi həqiqətə uyğun deyildi. Ondan əvvəlki Kommunist Partiyasının başqa rəhbərləri repressiyaya məruz qalmışdılar. Bunları Mircəfər Bağırov yox, Moskvadan etmişdilər. Növbə də ona çatdı. Bunun da iki səbəbi var idi. Birinci, Xruşovla şəxsi problemləri var idi. Xruşov Politbüronun üzvü Beriyanı öldürtdürüb, çevriliş edərək hakimiyyəti ələ keçirtdi. Əlinə fürsət düşdüyü üçün Mircəfər Bağırovdan qisasını aldı. Mircəfər Bağırovla Beriyanın yaxşı münasibətləri var idi.
İkincisi, Mircəfər Bağırovun həbsindən sonra onun masası ətrafında oturub daima onunla qədəh qaldıran məşhur yazıçılar özlərini çox diskomfort hiss etdilər. İndi də həmin şəxslərin oğul-qız yazıçıları bu narahatlığı davam etdirirlər. Həmin dövrdə onun masası ətrafında oturanlar qısa müddətdə mövqelərini dəyişdilər. Psixoloji baxımdan bunu anlamaq olur. Çünki onlara dedilər ki, kəsin, doğrayın, yıxın, sürüyün. Axı dünən bunlar bir yerdə idilər. Həmin diskomfortun təzyiqidir ki, indi də deyirlər belə olub. Xəyanət edən bunu ömür boyu müdafiə etməlidir”.
Nazir qeyd edib ki, Mircəfər Bağırov mələk deyildi: “Repressiyaya məruz qalanların əksəriyyəti Kommunist partiyasının rəhbərləri idi. Bağırov iki dəfə ev dustağı olmuşdu, həmin yazıçıların donoslarının hesabına. Üçüncü dəfə ölümü ilə qurtardı, qəbri də yoxdur. İnsanın həyatında ən qiymətlisi həyatın özüdür.
Mircəfər Bağırov səhv edibsə də, həyatını verdi. Mən hələ bunu demirəm ki, tarixçilər indi üzə çıxarırlar, dəfələrlə Azərbaycana qarşı ərazi, insanların köçürülməsi ilə bağlı təzyiqlər olub. Bunlar indi çap olunur. Mənim atam iki ali təhsili olan şəxs idi, çox vaxt Ukraynada kömür təchizatı sahəsində işləyirdi, ordan da cəbhəyə getdi. 1943-cü ildə mədəsindən yara aldı, mədəsi deşildi, Bakıya göndərdilər. Müalicə olundu, sağ qaldı, amma mədəsindəki yara ölənə qədər sağalmadı. Sonra Qubada ona istehlakçı korporativin sədri vəzifəsi verdilər. Ya keçmiş işini, ya da Mircəfər Bağırova aidiyyatını nəzərə alıb bunu etdilər.
1954-1955-ci illərdə vəzifədən çıxarıb pasportunu əlindən aldılar. Ukraynaya qayıtmaq istəyəndə icazə vermədilər. Özü danışırdı ki, 1943-cü Mircəfər Bağırov korporatorların qurultayında zala daxil olanda atama deyib ki, sən burda neynirsən? Atam deyir "kəkələ-kəkələyə qaldım cavab verə bilmədim", Bağırov isə gözləməyib çıxıb getdi. Yəni Mircəfər Bağırovun öz qohumları üçün rolu da olmayıb”.
Aytən Zəhra
AzVision.az