`Kreml nəzərə almalıdır ki...` - Sahib Alıyevin şərhi

`Kreml nəzərə almalıdır ki...` - Sahib Alıyevin şərhi
  11 İyul 2016    Oxunub:2660
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya İrəvana səfərindən dərhal sonra deyil də, məhz indi gəlməsiylə bağlı xeyli şərhlər var. Həmin şərhlərdə səbəblər fərqli göstərilsə də, əksəriyyətində bunun arxasında Rusiyanın öz istəyinin durduğu vurğulanır.

Millət vəkili, siyasi şərhçi Sahib Alıyev bu yanaşma ilə razı deyil. Onun fikrincə, Lavrovun səfərinin məhz NATO-nun Varşavadakı sammitindən sonra baş tutması faktı göstərir ki, burada daha çox Azərbycanın istəyi nəzərə alınıb.

- Cənab Prezidentin yeritdiyi xarici siyasətə dərindən diqqət yetirilsə, görərik ki, o, mühüm əhəmiyyətli danışıqlar öncəsi və sonrası regionda maraqları olan böyük güclərin hər birinin proseslərə təsir imkanlarını nəzərə alır. Bununla yanaşı, həmin qüvvələrin mövqelərində nələrin dəyişib-dəyişmədiyi, yaxud da nə qədər dəyişdiyi hesaba alınır. Eyni zamanda bizim maraqlarımıza cavab verən dəyişikliklərin olmasına da səy göstərilir. Ona görə də, həmin güclərin ayrı-ayrı yetkililəriylə görüşlər keçirir, məsləhətləşmələr aparır. Bunusuz balans qurmaq çətindir,- deyə Alıyev bildirib.

Balansın nə olduğunu izah edən ekspert qeyd edib ki, bu, böyük güclərin hamısından eyni məsafədə durmaq və yaxud da hamısına eyni dərəcədə xoş gəlməyə çalışmaq deyil. Balans həm də odur ki, həmin güclərin toqquşan maraqlarından öz maraqlarını qorumaq və yaxud da nəyisə diqtə etmək üçün faydalana biləsən.

“Beləliklə, NATO-nun Varşava sammiti arxada qaldı. Həmin sammitdə Ukrayna, Gürcüstan və Moldova ilə yanaşı Azərbaycanın da torpaq bütünlüyü dəstəkləndi. Ancaq məsələ burasındadır ki, Azərbaycan həmin 3 dövlətdən fərqli olaraq, Rusiya ilə körpüləri yandırmağa çalışmayıb. Əksinə, dərinləşdirməsə də, əlaqələri daha da genişləndirib. Kiminsə diqtəsinə uyub da, Moskvanı qıcıqlandıracaq hərəkətlərə yol verməyib.

Kremldəkilərin bunu nəzərə almaları lazım. Birincisi ona görə ki, belədə qərbdəkilərin təqdim etdikləri kimi, Rusiyanın əlindən təkcə pislik yox, həm də yaxşılıq gəldiyi ortaya qoyular. Pis davranış qarşılığında pis, yaxşıyla da yaxşı davrandığı üzə çıxa bilər. Bu da ən azından həmin dövlətin yumşaq güc potensialını artıracaq. Qonşuları Rusiya ilə körpüləri yandırmaq yox, möhkəmlətmək haqda düşünəcəklər. İkincisi, rəsmi Bakının etdiyi eyhamlardan da aydın görünür ki, Azərbaycanla Rusiya arasında əlaqələr o zaman təkcə genişlənməklə qalmayıb, həm də dərinləşə bilər ki, Dağlıq Qarabağ probleminin həlli yolunda əhəmiyyətli irəliləyişlər olsun. Aprel döyüşləri göstərdi ki, bu irəliləyiş onsuz da olacaq. Azərbaycanın istəyi bunun itkisiz və qansız-qadasız baş verməsidir.

Bir sözlə, indi vaxtdır. Prezident İlham Əliyevin bir sözü var: "Azərbaycan heç vaxt indiki kimi güclü olmayıb". Bu, həqiqətdir. Ancaq başqa bir həqiqət də var. O da budur ki, Rusiyanın Dağlıq Qarabağ probleminin həllinə təsir imkanı və demək, regionda möhkəmlənmək şansı da daha indiki kimi yüksək olmayacaq. Geosiasi və geoiqtisadi proseslər məhz bunu deyir. Gözləyirik...”,- deyə Sahib Alıyev bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti