Bala Kərimlinin `gizli missiyası`: Niyə ABŞ-a o göndərildi?

Bala Kərimlinin `gizli missiyası`: Niyə ABŞ-a o göndərildi?
  27 İyul 2016    Oxunub:25047
Vüsal Məmmədov

Əli Kərimlinin oğlunun Vaşinqtionda görüşlər keçirməsi xəbəri mənim üçün üz yox, astar tərəfdən daha maraqlıdır: Onunla görüşənlər nə fikirləşib və nə əldə etmək istəyiblər? Azərbaycanın özündə Bristol macəralarından başqa heç nə ilə tanınmayan Türkel Kərimli Vaşinqtonda ciddi siyasət adamlarının diqqətini nə ilə çəkə bilərdi? Axı normal halda senator Dik Durbinin ofisində hətta durbini dik qoyub baxsalar belə, Azərbaycanın siyasi həyatında bala Kərimlini görmək mümkün deyil ki, onu ABŞ-a dəvət etsinlər.


Beləliklə, Dövlət Departamentinin hansısa rəsmisi, hansısa senator, hansısa konqresmen üçün Əli Kərimlinin oğlu niyə maraq doğurmalıdır? Xüsusilə də, əgər onun Əli Kərimlinin oğlu olmaqdan başqa heç bir işi-peşəsi, ictimai-siyasi statusu yoxdursa? Maraqlıdır, görəsən onu görüşlərdə necə təqdim ediblər: “Türkel Kərimli, Əli Kərimlinin oğlu” şəklindəmi?

Bala Kərimlinin dediyi sözlər sualdakı intriqanı daha da artırır: “Keçirdiyim görüşlərin detallarını açıqlamaq düzgün olmaz...” Ayyy, nə qədər də həyəcanlı! Bu bəyanatdan sonra düşünmək olar ki, Əli Kərimlinin oğlu bütün görüşlərinə bu sözlərlə başlayıb: “My name is Kərimli, Türkel Kərimli”, sonra da içməyə martini istəyib və əlavə edib: “Shaken, not stirred!” (*)

Casus oyunu təkcə bununla yekunlaşmır. İş ondadır ki, Əli Kərimlinin özünün xarici pasportu olmadığı üçün Amerikaya gedə bilmir. Amma güman ki, referendum ərəfəsində onun şəxsən özünə çatdırılmalı olan tapşırıqlar və “əmanətlər” var. Bu cür “əmanətlərə” musiqiçilər öz aralarında “kərvə” deyirlər, muzdlu siyasətçilərin nə dediklərini isə təəssüf ki, bilmirəm. Bütün hallarda, kimisə ABŞ-a göndərmək lazım idi. Amma kimi?

Partiyasında inandığı adam qalmayıb. Daha doğrusu, ümumiyyətlə, adam qalmayıb. Ancaq Gözəl Bayramlı ilə Nurəddin Məmmədlidir ki, onlardan da birincisi ən azı ingilis dilini bilmir, ikincisi isə 15 il əvvəl Rəsul Quliyevin sayəsində bir dəfə Amerikada olub, indiyə qədər “Mən axırıncı dəfə Amerikada olanda...” deyə-deyə hamının zəhləsini tökür. İkinci dəfə göndərilsə, konkret lətifə qəhrəmanına dönəcək. Üstəlik, aydındır ki, Əli Kərimli heç vaxt Nurəddin Məmmədlini Rəsul Quliyevin olduğu ölkəyə gizli iş dalınca göndərməz.

Ətrafındakı digər şəxslərə gəlincə, təəssüf ki, saxta profilləri gizli görüşlərə göndərmək mümkün deyil. Ona görə də, ümid qalıb kimə - oğul balaya.

İş bu yerə varınca, ata Kərimli ayrıca götürülmüş ucqar bir partiyada monarxiyanın kiçik modelini yaradaraq, Amerikadakı görüşlərə özünün şəxsi yavəri qismində bala Kərimlini göndərib. Məsələ o qədər həssasdır ki, başqa kiməsə etibar edə bilmir. Çünki o, indi ətrafındakı hər kəsdən səksəkəlidir və hamıya potensial satqın kimi baxır. Haradasa haqlıdır da... Amerikadakı görüş isə, görünür, həm o tərəf, həm də bu tərəf üçün çox vacib imiş.

Bala Kərimlinin özü də “Azadlıq”a verdiyi müsahibədə təsdiqləyir ki, bu səfər onun üçün siyasətə gəlmək deyil və siyasətçi olmaq fikri də yoxdur. Ardınca da “Mən hələ oxumalıyam...”,- deyib və utanaraq gözlərini yerə DİKib. Düz deyir, bu, onun üçün pasportsuz atasını özəl bir missiyada əvəzləmək tapşırığı idi. Və ABŞ səfəri kərimlilər tərəfindən referendumla bağlı Milli Şuraya ünvanlanan göstərişlərin məxfi qalmasının yolu kimi düşünülüb.

Onu da deyək ki, Dik Durbin başda olmaqla, bala Kərimlinin ofisində qonaq olduğu senator və konqressmenlərin demək olar ki, hamısı Azərbaycanda ermənipərəst mövqelərilə yaxşı tanınırlar. Onlar səbəb oldu-olmadı, ölkəmizi tənqid etmək, qara yaxmaq üzrə “ixtisaslaşmış” şəxslərdir. Görünür, referendum ərəfəsində fəaliyyətlərinin yeni dövrəsinə hazırlaşırlar. Antiazərbaycan xorunun daxildəki solo-müşayiəti isə Əli Kərimliyə tapşırılacaq.

------------------------
(*) “Shaken, not stirred!” - Ceyms Bondun martini istəyərkən dediyi məşhur sözlər: `Qarışdırın, amma çalxalamayın`. Sitata `Bondiana`nın əksər filmlərində rast gəlinir.


Teqlər:  





Xəbər lenti