Bağlanılan banklar borclarını qaytara biləcəklərmi? – TƏHLİL

Bağlanılan banklar borclarını qaytara biləcəklərmi? – TƏHLİL
  02 Avqust 2016    Oxunub:9253
Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib ki, sığortalanan əmanətlər üzrə kompensasiyalar ödənilib qutardıqdan sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, lisenziyaları ləğv olunan 4 bank - “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lər üzrə sığortalanmayan əmanətlər də qaytarılacaq. Belə ki, əmanətlərin ödənilməsində heç bir problem yaşanmayacaq.

Sual oluna bilər ki, bu, nə dərəcədə inandırıcıdır? Və yaxud, baş tuta bilərmi? Cavaba keçmədən öncə, qeyd edək ki, verilən vəd rəsmi olaraq açıqlandığına görə, əslində həyata keçməlidir. Lakin, sözügedən məsələ ilə bağlı bəzi nüanslar var.

Belə ki, sözügedən lisenziyaları ləğv olunan 4 bank üzrə kompensasiya olunan əmanətlərin həcminin 110 milyon 714 min manat təşkil etdiyi deyilir. “Dekabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 5 milyon 585 min manat, qorunan əmanətlərin cəmi isə 3 milyon 767 min manat, kompensasiya olunan əmanətlərsə 2 milyon 807 min manat təşkil edir. Bu bankda qorunan əmanətçilərin sayı 133 nəfərdir.

“Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 87 milyon 619 min manat, qorunan əmanətlərin cəmi 61 milyon 949 min manat, kompensasiya olunan əmanətlərsə 43 milyon 788 min manat olduğu bildirilir. Qorunan əmanətçilərin sayı 18 min 970 nəfərdir.

“Zaminbank” ASC-də isə fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 53 milyon 632 min manat, qorunan əmanətlərin cəmi 53 milyon 631 min manat, kompensasiya olunan əmanətlərsə 36 milyon 350 min manatdır. Qorunan əmanətçilərin sayı isə 10 min 742 nəfər... “Kredobank” ASC-yə gəldikdə isə, fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 30 milyon 206 min manat, qorunan əmanətlərin cəmi 20 milyon 956 min manat, kompensasiya olunan əmanətlərsə 27 milyon 768 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 4 min 542 nəfərdir.

Məlumdur ki, ölkə Prezidentinin 19 yanvar 2016-cı il tarixdə imzaladağı və 1 mart 2016-cı il tarixdən qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna əsasən 1 mart 2019-cu ilə qədər banklarda yerləşdirilmiş bütün əmanətlər əvvəl müəyyən edilən 30 min manatadək limit ləğv edilməklə, manatla ildə 12 %, xarici valyutayla isə 3 % gəlirlilik şərtilə tam olaraq sığortalanır. Bu isə o deməkdir ki, qeyd olunan tələblər çərçivəsində bir neçə gün öncə bağlanılan və yaxud bundan sonra bağlanıla bilinəcək banklarda əhali tərəfindən yerləşdirilmiş əmanətlər sığorta hadisəsi baş verdiyi təqdirdə ADİF sayəsində mütləq ödəniləcək. Yəni, bu aydındır.

Lakin, nəzərə almaq vacibdir ki, sığorta hadisəsi baş vermiş “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lərin qorunan əmanətçilərinə kompensasiya ödəmək üçün ADİF özü Mərkəzi Bankdan (AMB) kredit götürəcək. Çünki adı çəkilən qurumun hazırda cəmi 26 milyon manata yaxın vəsaiti var. Ona görə də bağlanan banklarda əmanətçilərin əmanətlərini kompensasiya etmək üçün ADİF AMB-dən 100 milyon manat borc cəlb edəcək. Artıq, keçən ayın 29-da Maliyyə Nazirliyi də buna razılıq verib. Sözüm bunda deyil.

“Əmanətlərin tam sığortalanması haqqında” Qanuna əsasən tələb olunan şərtlər çərçivəsindən kənar olaraq yerləşdirilmiş əmanətlər üzrə isə növündən asılı olmayaraq bilavasitə ADİF tərəfindən heç bir ödəniş həyata keçirilə bilməz.

Düzdür, bu o demək deyil ki, həmin əmanətlər batmalıdır. Sadəcə olaraq, bu məsələ bağlanılan banklar ilə müştəriləri arasında həllini tapmalıdır. Ancaq buna vəsait lazımdır. Bankın isə vəsaiti var idisə, yəni likvid vəziyyətdə idisə, onda niyə bağlanırdı ki?!

Qeyd oluna bilər ki, sözügedən bankların qanunla ödənilməli olan borcları ödənilib qutardıqdan sonra onların əmlakının və sairin satılması prosesi həyata keçirilir ki, bunun nəticəsinə uyğun olaraq da sığortalanmayan əmanətlər də geri qaytarılır.

Ancaq məsələ bundadır ki, bağlanma taixinə qədər manatda 12 % və dollarla isə 3%-ə, o cümlədən cari hesablarda olan fiziki şəxslərin vəsaitləri ADİF tərəfindən qaytarıldıqdan sonra bank aktivlərinin satılması və kreditlərin qaytarılması ilə banka daxil olan vəsaitlər Fondunun vəsaitlinin geri qaytarılmasına yönəldilməlidir. Yalnız, Fondun vəsaiti geriyə tam olaraq ödənilib qutardıqdan sonra digər alacağı olan fiziki və hüquqi şəxslərin də vəsaitləri ödənilə bilər.

Odur ki, çox təsadüfi banklar üzrə rast gəlinə bilər ki, onların qanunla ödənilməli olan borcları ödənilib qutardıqdan sonra əmlaklarının və sairin satılması prosesi məhz sığortalanmayan əmanətləri də geri qaytarmağa imkan versin. ADİF-in icraçı direktoru A. Cavadov isə deyib ki, sığortalanmayan əmanətlərin qaytarılması üçün lisenziyası ləğv olunan 4 bankın kifayət qədər vəsaiti var. Təki olsun...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti