Vitse-prezidentlik institutu niyə yaradılır? – Deputatın şərhi

Vitse-prezidentlik institutu niyə yaradılır? – Deputatın şərhi
  24 Avqust 2016    Oxunub:30825
Millət vəkili Vüsal Hüseynov Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması ilə bağlı Konstitusiyaya təklif olunan dəyişikliyi şərh edb. AzVision.az deputatın öz feysbuk səhifəsində paylaşdığı hüququ təhlili oxucularına təqdim edir.

Vüsal Hüseynov bildirir ki, vitse-prezidentlik institutunun yaradılmasını nəzərdə tutan 103.1–ci maddədə prezidentlik institutunun gücləndirilməsi məqsədi ilə vitse-prezident vəzifələrinin təsis edilməsi və onların təminatı ilə bağlı məsələləri müəyyən edən dəyişikliklər yer alır.

- Prezidentlik institutunun gücləndirilməsi, vitse-prezidentlik institutunun yaradılması, vitse-prezidentlərin səlahiyyəti ilə bağlı təklif edilən dəyişikliklərin hakimiyyətlərin bölünməsi prinsipini pozması və parlament nəzarətini zəiflədəcəyi istiqamətində fikirlər səslənir. Ümumi olaraq qeyd edilməlidir ki, Prezidentlik institutunun güclənməsi heç də dövlət hakimiyyətinin digər qollarının zəiflədilməsini şərtləndirmir. Burada parlamentin icra hakimiyyəti üzərində nəzarət və təsir imkanları ilə bağlı müddəa və təminatlara əsas diqqət yetirmək vacibdir. Mövcud Konstitusiyada bu təminatlar dəyişməz olaraq qalır,- deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, bunlar dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət, yüksək vəzifəli şəxslərin, o cümlədən hakimlərin təyinatında iştirak, Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması, Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi, referendum təyin edilməsi, amnistiya və digər səlahiyyətlərdir. Qeyd edilənlər, həmçinin qanunların Prezidentin etirazını doğurduğu halda qüvvəyə minməsi ilə bağlı Parlamentin üstün mövqeyini təmin edən təminatlar dövlət hakimiyyətin digər qolları üzərində səmərəli parlament nəzarətinin həyata keçirilməsi üçün imkanlar və balans təmin edir.

- Vitse-prezidentin təyinatı proseduru ilə bağlı əsas yanaşma kimi, bu təyinatın parlamentdən yan keçməsi və bununla da parlamentin rolunun əhəmiyyətli zəifləməsi kimi qeyd edilir. Lakin mövcud Konstitusiyadakı mexanizmlə bu yeniliyi müqayisə etsək, əslində, təklif edilən dəyişikliyin hakimiyyətlərin bölgüsü prizmasından əhəmiyyətli dəyişiklik və ya geriləmə gətirməyəcəyi görünür.- deputat yazır,- Belə ki, Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydasında müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına Parlament tərəfindən üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, yeni dəyişikliyə əsasən Azərbaycan Respublikası Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə növbədənkənar seçkilərin keçirilməsi üçün müddət 3 aydan 60 günədək, yəni 1 ay müddətinə qısaldılır. Bu halda Prezident səlahiyyətlərini icra edən şəxsin maraqları kiçildilir, ictimaiyyətin maraqları isə gücləndirilir.

Vitse-prezident institutu Konstitusion sistemimizdə yeni institutdur və məqsəd prezidentlik institutunu gücləndirmək, ölkənin sabit inkişafına xidmət edəcək idarəçilik sistemini təmin etməkdir.

Təkliflərə vitse-prezidentin konkret fəaliyyətinin necə olacağı və səlahiyyətlərinin nədən ibarət olacağı ilə bağlı məsələlər qeyd edilmir. Bu baxımdan indiki mərhələdə bu vəzifənin statusu barədən vaxtından əvvəl səsləndirilən mülahizə və şərhlərin heç bir əsası yoxdur. Bu məsələ gələcəkdə müvafiq normativ hüquqi aktlarla, Konstitusiya Qanunu ilə tənzimlənəcəkdir. Təkliflərdə hazırda vitse-prezidentin toxunulmazlığı və təminatı ilə bağlı məsələlər yer almışdır ki, bunlar da ümumi normalardır.

Daha sonra deputat Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları ilə bağlı 101-ci maddəyə olan dəyişikliyi şərh edir. Həmin maddədə təklif edilir ki, Azərbaycan Respublikası Prezidentinin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan etmək səlahiyyəti müəyyən edilsin.

Vüsal Hüseynovun fikrincə, bu dəyişiklik Prezidentə etimad səsi qazanmaq üçün xalqa müraciət etmək imkanı təmin edir: “Bu isə hər hansı qeyri-müəyyən vəziyyətlərdə xalqın öz iradəsini təkrar bildirməsi və bununla stabilliyin təmin edilməsi üçün imkanlar yaratmaq məqsədi daşıyır. Prezidentinin səlahiyyət müddətinin uzadılması kontekstində belə səlahiyyətin müəyyən edilməsi xüsusilə əhəmiyyətlidir.

Prezident respublikasında prezidentin növbədənkənar seçkilər təyin etmək səlahiyyəti bir sıra ölkələrin təcrübəsində mövcuddur. Oxşar təcrübə parlament demokratiyası olan ölkələrlərdə də müəyyən edilib. Nümunə üçün, 1997 və 2000-ci illərdə Kanadanın dövlət başçısı tərəfindən iki növbədənkənar seçki təyin edilib. Həmçinin, Danimarka konstitusiyasının 32-ci maddəsinə əsasən, baş nazirin parlamentə növbədənkənar seçki təyin etmək hüququ var. Oxşar mexanizm Yaponiya konstitusiyasının 7-ci maddəsində də öz əksini tapır. Dövlət və yaxud da hökumət başçısının növbədənkənar seçki təyin etmək səlahiyyətinin əhəmiyyəti məhz siyasi böhran baş verən zaman xalqın öz iradəsini yenidən ifadə etmək imkanının tanınmasıdır.

Parlament demokratiyası olan ölkələrdə dövlətin siyasi və idarəetmə sütununu parlament, prezidentli respublikalarda isə prezident institutu təşkil etdiyi üçün müvafiq olaraq hər biri ilə bağlı növbədənkənar seçkilərin keçirilməsi mexanizminin mövcudluğu bu siyasi və idarəetmə sistemindəki stabilliyin qorunmasına xidmət edir.

Beləliklə, prezidentli respublika idarəetmə formasına malik olan dövlətlərdə dövlət başçısının növbədənkənar seçki təyin etməsi də eyni məqsədə xidmət edir – hakimiyyətin mənbəyi olan xalqın iradəsinin ifadəsi üçün zəmin yaratmaq”.


Teqlər:  





Xəbər lenti