Prezident yeni səfirin etimadnaməsini qəbul edib

Prezident yeni səfirin etimadnaməsini qəbul edib
  06 Avqust 2013    Oxunub:801
İlham Əliyev Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfirin etimadnaməsini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempelin etimadnaməsini qəbul edib.

AzVision.az xəbər verir ki, səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir xanım Haydrun Tempel etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edən Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempel Prezident İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı.

O, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini dedi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı.

Azərbaycanla Almaniyanın uzun illər fəal əməkdaşlıq etdiyini bildirən Prezident İlham Əliyev bu əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd etdi.

İkitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyən dövlətimizin başçısı xanım Haydrun Tempelin bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Görüşdə Avropa İttifaqı, Cənub dəhlizi, qeyri-neft sektoru, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər:





Xəbər lenti