Leyla Əliyeva Moskvada iftar süfrəsi verib

  06 Avqust 2013    Oxunub : 619
Leyla Əliyeva Moskvada iftar süfrəsi verib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan gecəsi təşkil edilmişdir. Moskva hökumətinin dəstəyi ilə Rusiya Müftilər Şurası tərəfindən Poklonnaya qoradakı məscidin yanında qurulmuş “Ramazan çadırı”nda Azərbaycanın dini-mədəni abidələrinin fotosərgisi açılıb.
AzVision.az AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən təşkil olunmuş gecənin qonaqlarına “Baku”, “AMOR”, “İRS-Naslediye” jurnalları və Heydər Əliyev Fondunun bir sıra nəşrləri təqdim edilib.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin və Moskvada akkreditə edilmiş bir sıra başqa diplomatik missiyaların əməkdaşlarının, Azərbaycan icmasının və gənclərin nümayəndələrinin, dindarların, müxtəlif millətlərdən olan qonaqların toplaşdığı tədbirin əvvəlində “İxlas” fondunun sədri Anas Məmmədov müqəddəs Ramazan ayının əhəmiyyəti və oruc tutmağın xeyri barədə söhbət açmışdır. A.Məmmədov qeyd etmişdir ki, Ramazan müsəlmanların diqqətini bir daha Allaha xoş gedən xeyirxah əməllərə cəlb edir. Sonra qonaqlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın orijinal ideyası əsasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çəkilmiş “Azərbaycanda tolerantlıq” adlı sənədli filmə tamaşa ediblər.

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycan haqqında videoçarxın nümayiş etdirilməsi də böyük marağa səbəb olmuşdur. Müqəddəs Qurani-Kərimdən surələr, iftardan əvvəl vacib olan axşam duası oxunmuş, sonra həmvətənlərimiz və Moskva müsəlmanları 600 nəfərlik bayram süfrəsi arxasında oruclarını açaraq Azərbaycan milli yeməklərini dadıblar.

Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə son beş ildə Azərbaycan Rusiya Müftilər Şurasının “Ramazan çadırı” layihəsində fəal iştirak edir. Tədbirdə çıxış edən qonaqlar və dindarlar Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya bayram ərəfəsində Azərbaycan gecəsinin bu cür yüksək səviyyədə təşkil olunmasına görə təşəkkür ediblər.

Teqlər: