Rusiya Dumasına azərbaycanlı namizəd: `Biz böyük gücük` (MÜSAHİBƏ)

Rusiya Dumasına azərbaycanlı namizəd: `Biz böyük gücük` (MÜSAHİBƏ)
  30 Avqust 2016    Oxunub:34100
Rusiya Dövlət Dumasına sentyabrın 18-də keçiriləcək seçkidə azərbaycanlı namizəd də var. Ramin Qasımov namizədliyini “Vahid Rusiya” (“Единая Россия”) partiyasından, Dağıstan Respublikasında yerləşən 11 saylı seçki dairəsindən irəli sürüb.

Qeyd edək ki, Rusiya müstəqillik qazanandan, Dumada milliyətcə azərbaycanlı deputat olmayıb. Bəs indi soydaşımızın şansı nə qədərdir? Bu və digər maraqlı məsələlərlə bağlı Ramin Qasımov AzVision.az-a müsahibəsində danışıb.

- 10 ildir ki, Rusiya Dövlət Dumasında işləyirəm, dövlət qulluqçusuyam. Bununla yanaşı, Rusiya-Azərbaycan, Rusiya-Türkiyə, Rusiya-İran əlaqələri də həmişə mənim diqqət mərkəzimdə olub. Həm də geosiyasətlə məşğul oluram. Təbii ki, etnik azərbaycanlı olaraq, Azərbaycanda baş verənlər daim mənim marağımdadır. Rusiyada yaşamağıma baxmayaraq, mən Azəbaycan adət-ənənələrinə böyük üstünlük verilən bir ailədə böyümüşəm. Bütün milli bayramlarımızı ailəmizdə hər zaman böyük təmtəraqla qeyd edirdik.

- Hazırda Rusiya telekanallarında ekspert olaraq populyarlıq qazanmısınız. Rusiya kimi böyük dövlətdə bu pillələri necə qalxmısınız?

- Əgər gənc insanın sağlam düşüncələri, ambisiyaları varsa, nə qədər çətin olsa da, o, hədəfinə çatacaq. Mən heç zaman heç kəsə arxalanmamışam və hər zaman öz gücümə inanmışam. Ən çətin məqamlarımda belə, Allahın mənə dəstəyinə görə şükür etmişəm. Lakin bir dövlətdə başqa xalqın nümayəndəsi hansısa uğuru əldə edən zaman qarşısına çıxan maneələrin ağırlığını hər kəs təsəvvür edə bilər. Sən hər kəsdən daha üstün, daha ağıllı, daha güclü olmalısan. Hər kəs üçün nümunə olmalısan. Heç bir zaman yaddan çıxarmamalıyıq ki, biz öz simamızla başqa xalqların arasında millətimizi təmsil edirik və onlar da millətimiz barəsində müəyyən fikirə gəlirlər.



- Bildiyimiz qədər, SSRİ dağılandan sonra Rusiya Dövlət Dumasında milliyətcə azərbaycanlı millət vəkili olmayıb.

- Bəli, çox təəssüf ki, bu, belədir. Hər dəfə mənə sual verirdilər ki, niyə namizədliyimi irəli sürmürəm. Mən hər zaman bu işin nə qədər məsuliyyətli və hədsiz çətin prosess olduğunu dərk edirdim. Rusiyada iki milyon azərbaycanlı yaşayır. Bu, böyük gücdür. Onların arasında çox ağıllı, istedadlı, bacarıqlı insanlar var. Biznesmenlər, müəllimlər, həkimlər, mühəndislər öz əməklərilə Rusiya dövlətinin inkişafına və dövlətçiliyinə böyük tövhə verirlər. Lakin təəssüflər olsun ki, biz öz resuslarımızdan istifadə etmirik. Fikirimcə, həmyerlilərimiz yaşadıqları ölkənin ictimai və siyasi həyatında daha fəal iştirak etməlidirlər.

- Namizədi olduğunuz partiyanın lideri haqqında fikirləriniz maraqlıdır...

- Rusiya prezidenti həqiqətən də güclü insandır. O, regionlara səfər edən zaman problemlərə necə diqqət yetirməsinə fikir verin. Qorxmadan insanların arasına çıxır, ona suallar verirlər, problemlərdən danışır, onunla zarafat edirlər. Putin isə bütün suallara cavab verir. Bunu yalnız güclü lider edə bilər. 15-20 il əvvəl Rusiyada baş verənləri xatırlayın. Ölkə göz önündə dağılırdı. Bir az da keçsə idi, Rusiya adlı dövlət olmayacaqdı. Lakin Putinin gəlişi ilə vəziyyət tamamilə dəyişdi. İndi dünya dövlətləri Rusiya ilə hesablaşırlar.

- Deputat seçildikdən sonra Azərbaycan-Rusiya münasibətləri üçün nə etməyi düşünürsünüz?

- Hər bir millət vəkili millətindən, dinindən aslı olmayaraq, seçicilərinin və seçildiyi regionun maraqlarını təmsil etməlidir. Onların social-iqtisadi problemlərinin həll olunması üçün çalışmalıdır. Millət vəkili seçilib-seçilməyəcəyimdən aslı olmayaraq, mən hər zamankı kimi Rusiya və Azərbaycan arasındaki yüksək səviyyədə olan münasibətlərin inkişafı üçün əlimdən gələni etmək niyyətindəyəm.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti